''Rafiq Tağının dəyəri demokratik cəmiyyət qurulanda bilinəcək''

Artıq altıncı ildir ki, Rafiq Tağının ailəsi, dostları, vətəndaş cəmiyyəti fəalları onun doğum gününü məzarlıqda qeyd edirlər. 5 avqust yazıçının anadan olmasının 67-ci il dönümüdür.
Yazıçının qardaşı İlqar Tağı deyib ki, Azərbaycan tarixində Rafiqin adı həmişə bir işıq, nur, əsl ziyalı kimi qalacaq: "Rafiqin əsl dəyəri də demokratik bir cəmiyyət qurulandan, hakimiyyətə düzgün zümrə gələndən sonra bilinəcək. O, Azərbaycan gələcəyi üçün yazırdı, ideal cəmiyyət görmək istəyirdi. Millətin işığa qovuşması üçün çalışıb. Rafiq elə buna görə də həyatını itirdi”. “Rafiq Tağı mövcud rejimin kəskin tənqidçisi idi. Rafiq Tağını da, Rasim Əliyevi də, Elmar Hüseynovu da bu hakimiyyət öldürüb. Ruhu şad olsun. Doğum günü mübarək!”- hüquqşünas Samirə Ağayevanın sözləridir. D18 Təşkilatının rəhbəri Ruslan İzzətli isə deyib ki, bu ölkədə bir vətəndaş bıçaqlanırsa və o vətəndaş Rafiq Tağı kimi böyük bir şəxsdirsə, dövlətin burada məsuliyyəti var.

Rafiq Tağı 2011-ci il noyabrın 19-u işdən evə dönərkən naməlum şəxslər tərəfindən bıçaqlanıb. Yazıçı noyabrın 23-də xəstəxanada vəfat edib.
Hadisədən 6 il keçsə də, onun qatilləri hələ də tapılmayıb. Baş Prokurorluq isə qətllə bağlı cinayət işini dayandırıb.

x

YAZARIN DİGƏR YAZILARI