Kitab necə çap olunur? - cavab veririk #36

Kitabı heç yarısına qədər oxumamış vərəqlərinin qopub tökülməsi, mətndə bol hərf səhvləri, tərsinə çevrilmiş vərəqlər... Bunların hamısı Azərbaycanda müasir oxucuların, daha dəqiq desək, azərbaycandilli oxucuların əksəriyyətinə tanış problemdir. Buna görə də hansısa kitabın təkcə Azərbaycan dilinə tərcümə olunması sevinmək üçün kifayət deyil, gərək çapdan sonrakı halını da görəsən. 

Bəs əslində keyfiyyətli kitab necə çap olunur? Kitabın nəşrinin hər hansı beynəlxalq standartları varmı? Kağızı, cildi, çap ediləcəyi üsul necə seçilir? 

Quttenberq kitab çapını ilk dəfə kəşf edəndə əvvəl metal hərflər hazırlayıb sonra onlardan sözlər, cümlələr düzəldir və bu cümlələri mətnə çevirib kağıza köçürürdü. Bu da eyni vaxtda yüzlərlə nüsxə kitab əldə etməyə şərait yaradırdı. Hazırda isə kitab sənayesində bir çox çap üsulundan istifadə olunur. Bunların bir neçəsini sadalamağa çalışacağıq. 

Offset çap

Offset çap üsulu dünyada ən geniş yayılmış çap üsullarından biridir.  Offset litoqrafiyada  əsasən alüminiumdan olan çap piltəsindən istifadə olunur və bu lövhənin üzərinə çapı nəzərdə tutulan məzmun yerləşdirilir. Həmin lövhəyə çap üçün lazımi mürəkkəb vurulanda yalnız üzərində məzmun olan hissə mürəkkəbi tutur. Mürəkkəbə batırılmış məzmun bundan sonra kauçuk ədyala, oradan da çap  səthinə ötürülür. Bu prosesdə çap üçün kağız, karton, plastik və ya digər materiallar da istifadə etmək olar, amma onun səthi hamar olmalıdır. 

Offset hazırda ən çox istifadə olunan çap üsuludur və adətən bu üsula kitab, qəzet, poster və bu kimi məhsulların nəşri üçün üstünlük verilir. 

Fleksoqrafiya 

Bu çap üsulu əsasən qablaşdırma və etiketləmə, qismən isə qəzet nəşri üçün istifadə olunur. Fleksoqrafiyada məzmunu çap etmək üçün o, kauçukdan hazırlanmış çap lövhəsi üzərinə yerləşdirilir və mürəkkəblənir. Məzmunun əks olunduğu şəkil mürəkkəbləndikdən sonra çap səthinə ötürülür.  Bu üsulda hər hansı məzmunu kağızla yanaşı metal, plastik və s. materialların üzərinə köçürmək olar. 

Rəqəmsal çap 

Bu çap üsulu kompüter texnologiyasından istifadə etməklə hər hansısa məzmunun çap edilməsidir. Bu çap üsulunun da bir neçə növü var ki, onlardan biri Inkjet printer adlanır. Bu, lazımi məzmunun mürəkkəb püskürtmə ilə çap edilməsidir. Bu qurğunun üstünlüyü ondadır ki, geniş həcmli lövhələr, hətta qapının üstünə belə məzmunu köçürə bilir. 

Digital çapdan daha çox reklam məhsulları üçün istifadə olunur. 

Qravür

Bu üsulda çap olunacaq məhsulun görüntüsü çap slindiri üzərinə həkk olunur. Sonra həmin slindir mürəkkəblənir və kağıza transfer edilir. Qravür üsulu əksər hallarda qəzet, jurnal və qablaşdırma üçün istifadə olunur. 

Qravürün reklam, qablaşdırma kimi işlər üçün istifadəsi offset çapa tələbatı getdikcə azaldır.  

Ekran çapı 

Bu, toxuma parçadan hazırlanmış pərdə vasitəsilə çap üsuludur. Qurğunun bəzi hissələri heç bir maddəni keçirməyən materialdan hazırlanıb. Digər, yəni açıq qalan hissəsi isə mürəkkəbi lövhənin üzərinə basır və məzmun lazımi yerə çap olunur. Bu üsulun əsas üstünlüyü odur ki, onun səthi hamar deyil və məzmunu şüşə, parça, keramika, taxta, metal və s. istənilən materialın üzərinə köçürülə bilir. 

Kitabın çap olunduqdan sonra növbəti əsas iki mərhələsi var. Bunlar çap olunmuş kağızların kitab halında bərkidilməsi və cildlənməsidir. Bu zaman da bir neçə üsuldan istifadə olunur. Bu üsullar kitabın məzmunu, yaş kateqoriyası və ən əsası da vərəqlərinin sayına görə dəyişir. 

Məftillə cildləmə

Adətən kiçik həcmli kitabların, daha doğrusu, kitabçaların, broşürların və jurnalların cildlənməsində istifadə olunur. Bu zaman kitabçanın vərəqləri arxa hissədən iki və ya üç yerdən məftillə bərkidilir. 

Sapla cildləmə

Bu cildləmə üsul ən möhkəm və uzunmüddətli üsul hesab olunur. Xüsusi qurğu vasitəsilə kitabın vərəqləri bir-birinə sapla möhkəm tikilir. 

Yapışqanla cildləmə

Bu zaman kitabın vərəqli məftillə cildləmədə olduğu kimi arxa hissədən isti yapışqan vasitəsilə bir-birinə bərkidilir. Bu zaman həmin hissə qismən didilir ki, yapışqan daha effektli olsun. Ümumilikdə isə bu üsul sapla cildləmə qədər möhkəm və uzunömürlü olmur. 

Spiral cildləmə 

Daha bir cildləmə növü də spiraldır ki, bu, adətən kitablar üçün yox, dəftər, kataloq, təqvim və s. bu kimi çap məhsullarının nəşrində istifadə olunur. 

Kitab kağızı da məhsulun məzmununu və hədəf auditoriyasına uyğun seçilir və buna əsasən onun keyfiyyəti, hətta çəkisi belə dəyişir. Hazırlanmasına, tərkibinə uyğun olaraq müxtəlif kağız növləri var. 

Qatqısız, yaxud örtüksüz kağız

Bu kağız ona görə belə adlanır ki, örtüklü kağızın üzərində çox nazik yapışqan təbəqəsi var ki, bu da kağızı çox hamar edir. Bu növ kağızdan fleyer, jurnal və s. bu kimi nəşrlərin çapı üçün istifadə olunur. Örtüksüz kağız isə digəri ilə müqayisədə daha mat olduğu üçün hazırda oxuduğumuz kitabların demək olar ki, hamısı bu kağızdan istifadə edilərək çap edilir. Ümumiyyətlə, bu növ kağız romanların, avtobioqrafiyaların, bioqrafiyaların, şeir kitabları və qısa hekayələrin toplandığı kitabların nəşri üçün geniş istifadə olunur. 

Bunların da bəzisi qismən sarımtıl və təbaşirli olur. Sarımtıl kitab kağızı daha yüngül və oxumaq üçün gözə daha rahatdır. Təbaşirli kağız isə çox ağ olduğundan üstündəki qara yazı ilə kəskin rəng fərqi əmələ gəlir və bu da gözü daha tez yorur. Ağ kağızla çap olunan kitabların çəkisi də digərləri ilə müqayisədə daha ağır olur. 

İpək

İpək örtüklü və daha az parıltılı olan kağız. Bu kağız şəkilləri daha aydən və yaxşı göstərir. Bu növ kağız örtüksüz növlə parıltılı kağız növü arasındadır və məhsulun çox keyfiyyətli görünməsini təmin edir. Bu növ kağızdan daha çox şəkil kitabları, poster və broşürların çap olunması üçün istifadə edirlər. 

Parıltılı

Digər növlərlə müqayisədə daha parlaqdır və üzərində çap olunmuş rəngləri və onların kəskinliyini artırır. Bu kağıza daha çox uşaq kitablarının, şəkil kitabları və reseptlər olan kitabların hazırlanmasında üstünlük veririlir. 

Tərkibinə görə fərqləndirilməsindən əlavə kitab çapı üçün lazım olan kağız həm də çəkisinə görə dəyişir. Bunun ölçü vahidi isə GSM-dir ki, bu da kağızın hər kvadratmetrinə düşən qram deməkdir. Bu göstərici artdıqca kağızın çəkisi də artır. 

70GSM – Örtüksüz kağız

Bu növ ağ və qara çap üçün uyğundur. Belə nazir kağız daha çox ənəni və antik ab-hava yaradır. Çəkisi az olduğundan bir ölkədən digər ölkəyə çatdırılma da daha ucuz başa gəlir. 

80GSM – Örtüksüz kağız

Ağ və qara kitablar üçün hazırda istifadə olunan standart kağız. Qiyməti 70 GSM-lik kitabdan qismən daha baha olur. Roman, bioqrafiya və şeir kitabları üçün ən uyğun kağız hesab olunur. 

100GSM – Örtüksüz kağız

Rəngli kitablar üçün standart kağız. A4 formatında və ağ-qara çap olunan kitablar üçün də alternativdir və daha ağırdır. Antologiya, tarix kitabları və avtobioqrafiyaların çapı üçün bu növ kağız daha uyğundur. 

115GSM – (Parıltılı, və ya İpək kağız)

100 GSm-dən daha ağır, amma ipək, yaxud da parıltı tərkibli kağızdır. İçərisində çoxlu şəkil olan kitab və kitabçalar üçün uyğun seçimdir. 

120GSM - Örtüksüz

İçərisində fotoların da yer aldığı ağ-qara kitablar, eləcə də təqdimat, broşür və şəkilli bioqrafiyalar üçün istifadə olunur. 

135GSM (Parıltılı, yaxud ipək kağız)

Yüksək keyfiyyətli, qalın kağız. Şəkilli səhifələri daha kəskin və canlı göstərir. Fleyerlər üçün uyğundur. 

170GSM (Parıltılı, yaxud ipək kağız)

Çox ağır, möhkəm və uzunmüddət davamlı olan kağızdır. Menyu, poster və poçt kartlarının çapında istifadə edilir. 

250 GSm

Kitab üz qabığı üçün standart ölçülü kağız. Roman, avtobioqrafiya, uşaq kitabları, şeir topluları və s. bu kimi məzmunlu kitablar üçün uyğundur. 

300 GSM

Kitabı daha ağır üz qabığı ilə çap etmək üçün istifadə olunur. Bu, 250 GSM-lə müqayisədə adətən daha baha başa gəlir. Resept kitabları, uşaq kitabları, hər hansısa məhsulun istifadə qaydalarının dərc olunduğu kitablar üçün mükəmməl seçim ola bilər.  

x

YAZARIN DİGƏR YAZILARI