''Benzin qalxır, amma maaş qalxmır''

İyulun 14-dən 15-nə keçən gecə Tarif Şurası "Aİ 92" markalı benzinin qiymətini 70 qəpikdən 90 qəpiyə qaldırdı. Benzinin qiymətinin bahalaşması ilə bağlı əvvəlcədən məlumat verilməmişdi. Tarif Şurası benzinin bahalaşmasına səbəb kimi ard-arda baş verən devalvasiyaları, SOCAR-ın ixrac imkanlarının məhdudlaşdırmasını və xarici valyuta gəlirlərinin azalmasını göstərib.

Benzinin bahalaşması hansı məhsullarda qiymət artımına səbəb ola bilər? Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, ərzaq bazarında qiymətlər bahalaşacaq.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirir ki, benzinin qiyməti qalxıbsa, nəqliyyat tariflərinin stabil saxlanılması mümkün deyil. “İlk növbədə xüsusi və ictimai nəqliyyatda, yəni taksilərdə və şəhərdaxili avtobuslarda gediş haqları qalxacaq. Beləliklə də, bazarların qarşılıqlı təsiri ilə metroda və dəmiryol nəqliyyatında da gediş haqları bahalaşacaq. Bununla yanaşı, avtomobil, hava və dəniz nəqliyyatında yük daşınma üçün yanacaq məsrəflərinin artması əsas istehlak mallarının qiymətinin də bahalaşmasına gətirib çıxaracaq”.

Tarif Şurasının katibinin müavini Ceyhun Nəcəfov APA-ya bildirib ki, yükdaşıma, ictimai nəqliyyat, avtobusla müntəzəm sərnişin daşıma sahələrində dizel yanacağından, bir sıra avtobuslarda isə maye və ya sıxılmış qazdan istifadə olunur. Hava nəqliyyatına gəlincə, bu sahədə reaktiv mühərrik yanacağı sərf olunur. Dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarda da dizel yanacağı işlədilir. Ceyhun Nəcəfov bildirib ki, benzinin qiymətinin qalxması bu sahələrə təsir göstərməyəcək.

Gecə yatıb səhəri benzinin bahalaşması xəbəri ilə açan sakinlər isə digər məhsulların da qiymətlərinin qalxacağını gözləyir.

x

YAZARIN DİGƏR YAZILARI