''Manipulyasiya edib işsizlik səviyyəsinin azalması haqda fikir yaratmaq bağışlanmazdır''

Nemət Əliyev: ''Mən yeni iş yerlərinin açılmasını inkar etmirəm''

İyulun 11-də İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

İ.Əliyev deyib ki, ilin birinci yarısında uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub, Azərbaycan daha da güclənib və beynəlxalq əlaqələr daha da dərinləşib.

 

"Biz heç vaxt populist işlərlə məşğul olmamışıq"

Prezident iqtisadi vəziyyətlə bağlı məsələlərə toxunarkən 6 ayın göstəricilərinin onu çox qane etdiyini deyib:

"Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Mən xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni, ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə, bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz. Qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir. Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək. Bizim valyuta ehtiyatlarımız artıb və bugünə 40,6 milyard dollar təşkil edir. Bu da çox gözəl göstəricidir. Çünki ilin əvvəlindən bugünə qədər valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb. Baxın, neftin qiyməti kəskin şəkildə düşüb. Sonra isə müəyyən dərəcədə qalxıb. Yenə də düşmə ehtimalı var. Amma bizim valyuta ehtiyatlarımız artır. Nəyə görə? Düşünülmüş siyasətə görə. Ona görə ki, biz heç vaxt populist işlərlə məşğul olmamışıq. Biz həm qənaət etdik, həm islahatlar apardıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə vəsait ayırdıq. Əlbəttə ki, biz idxalı azaltmışıq, ixracı isə artırmışıq. Büdcə ilə bağlı heç bir problem yoxdur. Ona görə, Neft Fondundan büdcəyə transferlər də azaldı. Yəni, ilin altı ayında valyuta ehtiyatlarının 3 milyard dollar artması mükəmməl nəticədir".

“122 min yeni iş yeri açılıb”

Əliyev deyib ki, bu il 122 min yeni iş yeri açılıb, onlardan 101 mini daimi iş yeridir. Amma 24 min iş yeri də bağlanıb. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var:

"Bu, əslində daimi prosesdir. Ancaq rəqəmlərə baxanda, - 122 min iş yeri açılıb, 24 min iş yeri isə bağlanıb, - əlbəttə, görürük ki, yenə də iş yerlərinin açılması prosesi uğurla gedir. Ona görə də bizdə işsizlik aşağı səviyyədədir. Xarici ticarət dövriyyəsinin göstəriciləri də müsbətdir. Bu ilin altı ayında ixrac 36 faiz artıb. Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. Bax, budur gördüyümüz işlərin nəticələri. Bununla bərabər, idxal 15 faiz azalıbdır. Müsbət saldo 1,9 milyard dollar təşkil edir. Hesab edirəm ki, hər bir ölkə üçün bu, ən arzuolunan nəticələrdir. Kənd təsərrüfatı da 2,2 faiz artıbdır".

AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev deyir ki, ölkə başçısı ilin 6 aylığı barədə rəqəmlər səsləndirsə də, Dövlət Statistika Komitəsi 6 aylıq göstəriciləri hələ açıqlamayıb. Ona görə indiki şəraitdə reaksiya verib nəyin doğru, yaxud yalan olduğunu söyləmək bir çətindir:

"Biz yalnız 5 aylıq göstəricilər əsasında münasibət sərgiləyə bilərik".

İqtisadçı hesab edir ki, prezidentin yeni iş yerləri ilə bağlı səsləndirdiyi rəqəmlər həm populist, həm də konkret siyasi məqsədlər güdür: 

“Mən yeni iş yerlərinin açılmasını inkar etmirəm, amma bunun üzərində manipulyasiya edib işsizlik səviyyəsinin azalması haqda fikir yaratmaq bağışlanmazdır. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər göstərir ki, 2004-cü ildən sonra açıqlanan milyondan çox yeni iş yeri hesabına ölkədə işsizlik səviyyəi azalmayıb. Hətta işsizlik səviyyəsi 2004-cü ildən əvvəlki dövrdən də yüksəyə qalxıb. Ona görə də yeni iş yerləri barədə ictimaiyyətə çatdırılan fikirlər çaşqınlıq yaratmaqdan başqa bir şey deyil”.

Nemət Əliyev
Nemət Əliyev.

Qeyri-neft sektorunda ixrac potensialının 27 faiz artmasına gəlincə, Nemət Əliyev Mərkəzi Bankın yanvar-mart ayları üçün açıqladığı tədiyyə balansını xatırladıb:

"Məlum oldu ki, qeyri-neft sektorunda mal ixrac səviyyəsi 19 faiz aşağı düşüb. Əminəm ki, yanvar-iyun aylarında da qeyri-neft sektorunda mal ixrac səviyyəsi aşağı düşüb. Ümumi ixrac səviyyəsinin artmasıyla bağlı onu demək olar ki, ötən ilin eyni dövrü ilə müqayisədə yanvar-iyul aylarında göstərilən məlumatlar inandırıcıdır. Çünki ötən ilin yanvar-iyun ayları müqayisədə bu il neftin qiymətləri kəskin şəkildə artıb. Hökumət də bunu ümumi ixrac səviyyəsinin artması kimi təqdim edib üzərində təbliğat aparır".

Prezidentin valyuta ehtiyatlarının 3 milyard dollar artması barədə fikri haqda iqtisadçı deyib ki, bu, siyasi xarakterli məlumatdır: “Sual yaranır; bu artım hesabına niyə ölkədə iqtisadi fəallıq aşağı düşür, iş yerləri azalır, təqaüdlər, əmək haqları gecikdirilir? Belə bir vəziyyətdə, ümumiyyətlə, valyuta ehtiyatlarının artması haqda danışmaq biabırçılıqdır. Bu barədə danışmaqdansa, iqtisadi fəallığa nail olmaq lazımdır”.

O, ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulması barədə məlumata şübhə ilə yanaşır:

"Çünki ilin yanvar-may aylarında xarici valyutayla ifadədə qeyri-neft və neft sektoruna kapital yatırımında azalma müşahidə olunub. Eyni zamanda yerli müəssisələrə yatırımlar 40 faiz azalma olub".

x

YAZARIN DİGƏR YAZILARI