Əlillərin iş və pensiya dərdi

“Təcrübəmizdə hələ əlilliyi olan insanı işə götürmədiyinə görə cərimə olunan müəssisəyə rast gəlməmişik”

Azərbaycanda əlilliyi olan insanların saysız problemlərinin arasında ilk sıralarda məşğulluğun təmin edilməsi və sosial müavinətlərin azlığı gəlir.

Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli deyir ki, əlilliyi olan insanların respublika üzrə ümumi statistikasına görə hazırda Azərbaycanda 587 min 170 belə insan var: “Onlardan 67 min 81 nəfəri əlilliyi olan uşaqlardır, 139 min 41 nəfər sosial müavinət alır. 345 min 82 insan isə işsizdi”.

D.Rəhimlinin sözlərinə görə, qanunvericilikdə işlə təmin olunmuş əlilliyi olan insanlar üçün bəzi güzəştlər nəzərdə tutulub. Onların iş saatı tam maaş almaqla həftədə 36 saat olmalıdır (əlilliyi olmayan insanlarda bu rəqəm 42 saatdır). Həmçinin onlara əlilliyi olmayan insanlardan daha çox – (42 günə qədər) məzuniyyət verilməlidir.

Bəs bu güzəştlərin fonunda əlilliyi olan insanların məşğulluğunun təmini ilə bağlı real vəziyyət necədir?

“Məşğulluq haqqında” qanun təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün əmək müəssisələrindən əilliyi olan insanların işlə təmini zamanı əməkdaşların sayından asılı olaraq dövlət tərəfindən təyin edilmiş kvotaları yerinə yetirməyi tələb edir (25 nəfərdən az işçisi olan şirkətlər, hərbi qurumlar, hüquq-mühafizə orqanları, milli təhlikəsizlik orqanları, prokurorluq və onların büdcədən maliyyələşən struktur bölmələri istisna təşkil edir). Məsələn, 100-dən çox insanın işlədiyi müəssisələrdə işçilərin ümumi sayının 5%-i əlilliyi olan insanlar olmalıdır. Bu tələbi yerinə yetirməyənlər üçün 1500-2000 manat həcmində cərimə nəzərdə tutulub.

“Əlilliyi olan insanları işə götürən müəssisələr onların sərbəst hərəkəti üçün lazımi şərait yaratmalıdır. Bu, həm qanunvericilikdə nəzərdə tutulub, həm də Azərbaycan Nazirlər Kabinetinin 2134 saylı qərarı var. Əfsus ki, kvota sistemi, ümumiyyətlə, işləmir. Birincisi, müəssisələr əlilliyi olan insanların işləməsi üçün nə şərait, nə də xüsusi iş yerləri yaradırlar. İkincisi, təcrübəmizdə hələ əlilliyi olan insanı işə götürmədiyinə görə cərimə olunan müəssisəyə rast gəlməmişik. Əilliyi olan insanı işə götürməkdən imtinaya görə məsuliyyətə cəlb olunma cəzası isə yoxdu”, - Davud Rəhimli deyir.

“Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov mənə deyir ki, ümumi əsaslarla işə düzəl. Elə işə düzəlmək üçün mənim hər yerə sərbəst girişim olmalıdı”, - birinci qrup əlil, eyni zamanda əlilliyi olan insanların hüquqlarının müdafiəçisi Sevda Səfərəliyeva deyir.

Sevda Səfərəliyeva dördüncü sinifdə oxuyanda onurğa nahiyəsində güclü ağrılar başlayıb. Yerli Travmatologiya İnstitutunda ona skolioz diaqnozu qoyublar: “Dedilər, əgər dərhal əməliyyat olunmasa, gələcəkdə qozbellik yaranma təhlükəsi var. Məni əməliyyat etdilər və ondan dərhal sonra ayaqlarım, demək olar ki, tutuldu. Divarlardan, stulların başından tuta-tuta yeriyirdim. Sən demə, onurğamda şiş var imiş. Əməliyyat zamanı toxumaları zədələmişdilər”.

Əməliyyatdan sonra lazımi şərait olmadığından Sevda bir il məktəbə getmir.

Ancaq evə gələn müəllimlər onun yoldaşlarından geri qalmasına imkan vermirlər. Elmi biliklərdən əlavə, o, bir müəllimindən son dərəcə vacib həyat dərsi də alır: “O, mənə dedi ki, oxumaq istəmirsənsə, oxuma, ancaq sabah bacın da, qardaşın da öz həyatını yaşayacaq. Valideynlərin də hər zaman sənin qayğına qala bilməyəcəklər, ömrü boyu başqalarından asılı qalmaq olmaz. Sən öz həyatını yaşamalısan!” Müəlliməmin bu sözləri məni sarsıtdı. Kim olmaq istədiyim barədə düşünməyə başladım.

İqtisadiyyatı seçdim, çünki pulu çox sevirəm. Bir vaxtlar anam əmanət bankında işləyirdi. Balaca olanda tez-tez onun iş yerinə gedirdim. Orda insanların necə pul saydıqlarını izləməkdən xoşum gəlirdi. Buna görə də “anamın işlədiyi yerdə işləmək üçün nə etməliyəm?” deyə soruşdum”.

O, Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun Maliyyə-Kredit fakultəsinə daxil olur.

Sevda deyir ki, altı illik təhsil müddətində heç bir dərsi buraxmayıb. Hər gün atasının, bəzən də anasının köməyilə evindən on dəqiqəlik məsafədə yerləşən instituta gedib.

Bakı Şəhər İcra Hakimiyyətinin Baş Maliyyə İdarəsində aparıcı iqtisadçı vəzifəsində işləmiş Sevda Səfərəliyeva deyir ki, hər hansı bir müəssisə əlilliyi olan insanı işə götürməyə razılıq versə belə, problem həll olunmur: “Tutaq ki, lap işə götürdülər, birinci qrup əlil necə gedəcək ora? Çoxu evdən çıxa bilmir. Bina evlərində yaşayanların öz problemləri var, şəhər kənarında yaşayanların öz problemləri. Əgər mən iş üçün getdiyim yerə girə, pilləkənləri qalxıb-enə bilmirəmsə, orda necə işləyəcəm?

Buna görə də birinci qruplarda işləyənlər barmaqla sayılacaq qədərdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ikinci qrup əlillər işləyirlər. Ancaq birinci qrupları nadir hallarda görərsiniz. Cəmi iki-üç nəfər...”

S.Səfərəliyevanın sözlərinə görə, əmək müəssisələri kvotalara əməl etmir, çünki onda həmin insanların sərbəst hərəkəti üçün şərait yaratmağa məcburdurlar, bu isə əlavə xərclər deməkdir.

Sevda Səfərəliyeva bu problemlə bağlı səlahiyyətli orqanlara məktublar yazaraq əlilliyi olan insanları işə götürmək istəyən müəssisələrə dövlətin yardım göstərməsini təklif edib: “Məsələn, müəssisə əlilliyi olan insanlardan ötrü iş şəraiti yaratmaq məqsədilə 10 min dollar xərc çəkməlidisə, beş minini dövlət versin, beş minini də müəssisə qoysun”.

Hüquq müdafiəçisi bir çox təklif kimi buna da eyni cavabı alıb: “Maliyyə yoxdur!”

1992-ci ildə müalicəsini dayandırmağa məcbur olanda Sevda, ayaqları tamamilə tutulduğuna görə işdən çıxıb. 2012-ci ildən əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə məşğul olur.

Bundan əlavə “Lotos - əlilliyin dərki və təlim mərkəzi” təşkilatının keçirdiyi “Mənim də bilməyə haqqım var!” layihəsi çərçivəsində Ceyn Maksvellin “Əlilliyi olan qadınlar üçün sağlamlıq haqqında stolüstü kitab” adlı əsərini ingiliscədən Azərbaycan dilinə tərcümə edib (“A Health Handbook for Women with Disabilities”).

Sevda Səfərəliyeva Milli Məclisin əlilliyi olan insanların problemləri üzrə ştatdankənar ekspertidir, ancaq bu vaxta qədər sözügedən məsələ ilə bağlı heç bir qanunun müzakirəsinə dəvət olunmayıb. Səbəb kimi Milli Məclisdə onun sərbəst hərəkəti üçün şərait olmadığı göstərilir.

Sevda xanım deyir ki, hazırda onun üçün prioritet problem məşğulluğun təminatından daha çox sosial müavinətlərdir. Çünki ona ən çox bu məsələ ilə bağlı müraciət edirlər: “Bu sahədə ümumi səbəblərdən və uşaqlıqdan əlililliyi olan şəxslərin vəziyyəti daha ağırdır, çünki iş stajları yoxdur və yalnız sosial müavinət alırlar. 2012-ci ildə həmin insanlar 60 manat müavinət alırdılar. 60 manat müavinət onlar üçün çox azdı, axı?! Buna görə də elə o vaxtdan müavinətlərin artırılması məqsədilə böyük bir kampaniyaya start verdik. “Facebook”da 500 nəfərə yaxın adam tapdıq. Bu, çox az idi. Oz adımdan səlahiyyətli idarələrə, təşkilatlara çoxlu məktublar yazdım. Birinci qrup əlilliyi olan və uşaqlıqdan əlilliyi olanların siyahısını tələb elədim. Mənə onların imzaları lazım idi. Həmin siyahı sayəsində 6 minə yaxın imza toplayıb Milli Məclisə göndərdik. 2012-ci il neftin, ondan gələn gəlirlərin aşıb-daşan vaxtı idi, amma dövlət müavinətləri cəmi 7 manat artırdı. Devalvasiyadan sonra isə 10% - də əlavə etdilər - 74 manat oldu. Bu müavinətlə bir ay yaşamaq mümkün deyil.. O rəhbər işçilər bunu bilməlidilər, axı?!”...

Sevda xanımın dediyinə görə, apardığı kampaniyadan, etdiyi müraciətlərdən sonra birinci qrup əlilliyi olan şəxslər üçün 60 manat prezident təqaüdü də təyin edilib, ancaq bu təqaüd təkcə 18 yaşdan yuxarı olanlar üçündür və əlilliyi olan uşaqlarla əmək pensiyası alanlara şamil edilmir.

Buna görə də o, bir müddətdir ki, əlilliyi olan uşaqlara verilən müavinətin artırılması uğrunda mübarizə aparır: “Hazırda, əsasən, əlilliyi olan uşaqların problemləri ilə məşğul oluram. Böyüklər sözlərini deyə, haqlarını tələb edə bilirlər, amma uşaqlar... Onlar maddi yardım kimi ancaq 74 manat müavinət alırlar. Əlilliyi olan uşaqlara qulluq edən insanlar üçün də heç bir güzəşt nəzərdə tutulmayıb. Milli Məclisin deputatı, əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev bir dəfə çıxışında dedi ki, fiziki məhdudiyyətli və əlilliyi olan uşaqların valideynlərinə maaş təyin eləmək doğru deyil, konstitusiyamızda yazılıb ki, uşağa baxmaq valideynin borcudur”...

Bütün bunlara baxmayaraq, Sevda xanım əlilliyi olan insanların hüquqlarını, ehtiyaclarını öyrənməyə, onları təkliflər halında yazıb aidiyyatı orqanlara göndərməyə davam edir, həmfikirləri ilə birlikdə Prezident Aparatına, Nazirlər Kabinetinə gedir, problemlərin həll olunmasını tələb eləyir.

Sevda Səfərəliyeva səsini daha yüksəkdən eşitdirə bilmək üçün qeyri-hökumət təşkilatı da yaratmağa çalışıb, ancaq Ədliyyə Nazirliyində qeydiyyata almayıblar, Apelyasiya şikayətinə də rədd cavabı gəlib. Hazırda işi İnsan Haqları üzrə Avropa Məhkəməsindədir.

Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimlinin sözlərin görə, əlilliyi olan insanların işə düzələ bilməməklərinin bir səbəbi şəraitsizlikdirsə, ikinci səbəbi təhsilsizlikdir: “Məktəblərdə, ali təhsil ocaqlarında əlilliyi olan insanların təhsil alması üçün şərait yoxdu. Şəhər nəqliyyatı, yollar onların hərəkət etməsi üçün uyğunlaşdırılmayıb”.

Bununla belə, Sevda Səfərəliyeva hesab edir ki, əlilliyi olan insanların təhsil alması başqalarından daha çox vacibdir: “Hamıya bircə şey tövsiyə eləyə bilərəm gələcəklə bağlı: Oxumaq lazımdır! Uşaqlarınızın təhsilinə diqqət yetirin. Qoy, sabah qarşılarında qapılar bağlanmasın. Mən üzüaşağı uzanıb yazırdım, hazırlaşırdım. Dirsəklərim qapqara yara idi, döyənək olmuşdu, ancaq təhsil aldım”...

x

YAZARIN DİGƏR YAZILARI