Tailanda uçuşların qiyməti bizdə və başqa ölkələrdə - Cavab veririk #33

AZAL Bakıdan Tailandın paytaxtına müntəzəm sərnişin reyslərini həyata keçirilməyə başlayır. Bəs qiymətlər neçəyədir?


"Azərbaycan Hava Yolları" (AZAL) oktyabrın 29-dan etibarən Bakıdan Tailandın paytaxtı Banqkok şəhərinə (Suvarnabhumi Beynəlxalq Hava Limanı) müntəzəm sərnişin reyslərini həyata keçirilməsinə başlayacaq. Bu, Azərbaycanın paytaxtından Cənub-Şərqi Asiyaya ilk birbaşa müntəzəm sərnişin aviareysidir.

Bakıdan Banqkoka aviareyslər çərşənbə axşamı və bazar günləri ekonom və “VIP-klub” sinif salonlu rahat “Boeing-767” laynerləri ilə yerinə yetiriləcək. Banqkokdan Bakıya aviareyslər isə bazar ertəsi və çərşənbə günləri həyata keçiriləcək.

Aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması, soyuq və isti yeməklərin tam çeşidi daxildir.

 

Tailand turistlərin maraq dairəsində olan ölkə olduğundan dünyanın əksər ölkələrindən, bir çox hava yolu şirkəti bu şəhərə uçuşlar təşkil edir. Bakıdan Tailanda yalnız oktyabrın 29-dan sonra birbaşa uçmaq olacaq. Bakıdan bu şəhərə gedib qayıtmaq 1551 manata başa gəlir. Bəs qonşu ölkələrdə həmin tarixdə Banqkoka uçuşu neçə manata tapmaq olar?

Məsələn, qonşu Gürcüstanın paytaxtı Tbilisidən Banqkoka “Qatar Airways” ilə eyni tarixdə gediş-gəliş 631 ABŞ dolları, yəni 1074 AZN-dir.

Eyni hava limanından eyni tarixdə “Turkish Airlines” ilə Banqkoka uçuş 670 ABŞ dollarına, yəni 1140 manata başa gəlir.

 

“Turkish Airlines” vasitəsilə İstanbulun Atatürk Hava limanından Banqkoka getmək və qayıtmaq 930 dollardır (1583 AZN).

Maraqlıdır ki, Azərbaycan Hava Yollarının (AZAL) eyni tarixdə (29 oktyabr) İstanbuldan da Banqkoka uçuş həyata keçirəcək. Bu uçuşun gediş-gəlişi isə sərnişinlərə hazırda 525 avro, yəni 994 AZN-dir.

Adıçəkilən şəhərin Sabiha Gökçen hava limanından “Qatar Airways” vasitəsilə gediş gəliş 661 dolları (1125 manat) civarındadır.

Rusiyanın paytaxtı Moskva şəhərinin Damadedovo hava limanından “Qatar Airways”-lə Banqokoka gedib qayıtmaq isə 55 628 rus rublu, yəni 1581 manatdır.

Moskvadan digər hava yolu ilə Banqkoka gedib gəlmək isə 33 min rus rublu, yəni 996 manatdır.

Qeyd: Yuxarıdakı rəqəmlər hava yolu şirkətlərinin “ekonom klass” üçün müəyyən etdiyi qiymətlərdir.

x

YAZARIN DİGƏR YAZILARI