Zaur Qurbanlı
Zaur Qurbanlı

''Sən öldürürsən, mən də öldürəcəyəm...''

SOSİUM

Cəmiyyətimizin günü-gündən ölməsi gözümüzün qabağında baş verir. Sürət artıb. Keçən il sevgilisi Aytacı öldürəndə heç olmasa sosial şəbəkələr çərçivəsində hərəkətlənmə olmuşdu, bildirdik ki, bu, ayıbdır, dözmək istəmirik.

Bu il isə bir qardaş evə gec gələn bacısını öldürdü. Heç bunu qınayan paylaşıma da rast gəlmədim. Bu dəfə verilən mesaj “Ta neynək?! Tez-tez olur onsuz da” idi.

O gün yenə “qul bazarı” adlandırılan fəhlə bazarından bir reportaja baxırdım. Fəhlələrin çıxışları adamın ətini ürpəşdirir. Çox ağır vəziyyətdədirlər. İllər əvvəl özümün yolu ordan düşəndə başıma gələnlər psixoloji travma kimi qalıb məndə. Maşınla yaxınlaşdıq, 1 fəhlə lazım idi ki, tikinti materiallarını maşına yükləsin, sonra boşaldıb evə qaldırsın.

Maşınımız dayanmamış bir qrup adam cumdu üstümüzə. Sürücü saxlamağa macal tapmamış biri qabaq şüşəyə tullanıb mən tərəfdən maşını qucaqladı. Biri yerə uzandı ki, maşın dayansın. Qapını açdılar, düşdüm, hamısı birdən işin nə olduğunu soruşmağa başladılar. Karıxdım. Ən yaxınımda olan sifətə üzümü tutub dedim:

- Sən gedə bilərsən?
- 20 manat.
- Qardaş, iş nədir, bilmirsən, birbaşa qiymət deyirsən.
Mənim qiyməti baha hesab etdiyimi düşünüb dərhal dedi:
- 2 manat.
Bu fantastik “endirim”dən çaşdım:
- Sən 1 saniyəyə 20 manatdan 2 manata düşdün.
- Qardaş, bilirsən necədir?! Mən bu 2 manatı almasam, bu gün uşaqlarım ac yatacaq.

Bu, təxminən 2009-cu ildə baş verib – neft gəlirlərinin guya camaatın vəziyyətini bir az düzəltdiyi dövrdə. İndi vəziyyət daha ağırdır. Vəziyyətin ağır olmasından ən çox əziyyət çəkənlər əhalinin zəif təbəqəsidir.

Burada “zəif” sözü tək maddi vəziyyəti ifadə etmir. Çünki cəmiyyət insan sürüsündən böyük olanda idarəetmə aparatına təbii ehtiyac meydana çıxır. Bu aparat isə əslində maddi, fiziki, əqli, psixoloji və s. (situasiyadan asılı olaraq, hər insan bu kateqoriyaya düşə bilər) insanları yaşamaq uğrunda mübarizənin vəhşiliyindən, sosial darvinizmdən qorumalıdır. Yeri gəlmişkən, idarəetmə formalarının hələ ki ən mükəmməli hesab edilən demokratiya çoxluğun hakimiyyətdə qalma üsulu yox, çoxluğun zəruri olan hakimiyyətinə qarşı digərlərini qoruma vasitəsidir.

Bu idarəetmə aparatının işləməməsi və ya yaxşı işləməməsi nəticəsində bu “zəif” kateqoriyasına düşən insanlar əzilirlər. Güclü gücsüzü döyür, çoxbilmiş (bic) safı aldadır, əclaf sağlam adam əqli problemli adamı ələ salır və s. Bizdə bu aparat – dövlət çox pis işləyir, hansısa təsadüfi tarixi fürsətdə hakimiyyəti ələ keçirə bilmiş bir qrup adamın özündən zəiflər üzərində təzyiqini həyata keçirməyə xidmət edir. Kütlə isə həmişə yuxarı baxıb hərəkət edir. Yuxarıdakılar nə edirsə, kütlə də onu yamsılayır.

Məsələn, Azərbaycanda dələduzluq o qədər artıb ki, polisə bu barədə edilən şikayətlərin əksəriyyəti qeydə alınmır. Bir tanış demişdi ki, əgər hamısını qeydə alsaq, polisin illik hesabatının 90%-i dələduzluq işlərindən ibarət olar. Yaxud müdirlər işçilərinə zülm verirlər, öz hakimiyyətlərini sübut etmək üçün iş vaxtından sonra saxlayırlar, otağa girəndə ayağa durmalarını tələb edirlər, məzuniyyətdən kəsirlər və s. Yaxud kişilər arvadlarını, bacılarını döyürlər, öz analarına qadın olduqlarına görə məhdudiyyət tətbiq edirlər, başqalarının analarını isə söyürlər, qız övladlarını dünyaya gəlməmiş öldürürlər, dünyaya gələndə isə gəldiklərinə peşman edirlər.

Güclülərin zəiflər qarşısında bu azğınlığı bizə tanışdır – ona görə yox ki, hər gün hamısını görürük, ona görə ki, biz bunların hansı nümunədən bəhrələndiklərini hər gün görürük. Bayaq dediyim, hakimiyyəti təsadüfən qəsb edə bilmiş bir qrup adam ağalıqlarını sübut eləmək üçün bizi əleyhlərinə danışmağa qoymurlar, pulumuzu oğurlayırlar, ayaq üstə onları alqışlamağımızı tələb edirlər, ölkədən getməyə məcbur edirlər, riayət etməyəndə tuturlar, döyürlər, satın alırlar, bəzən öldürürlər...

Nümunə göz qabağındadır. Yuxarılar nə edirsə, kütlə fərqinə varmadan təkrarlayır. Bu axmaq spiralda bir xeyli kişi var ki, hər situasiyada “zəif” vəziyyətinə düşürlər – rəis aşağılayır, polisdən qorxur, hakimiyyətə nifrət edə-edə yaltaqlanır, nəticədə bütün bu alçalmaq hirsini tökməyə bir “zəif” axtarır, gəlib onu da evdə tapır – arvadını döyür, qızını abort edir, bacısının kosmetikasını qırıb, tullayır, lap çox alçalanda da vurub bunlardan birini öldürür.

Qətiyyən o fikirdə deyiləm ki, bu kişilər təqsirsizdir və bütün təqsir “şərait”dədir, əksinə bu şəraitə etirazını özündən zəifin üzərində göstərən adamlar ikiqat məsuliyyət daşıyır. Əgər bir paranoya kütləvidirsə, orada fərdi təqsirlərdən başqa əsas, ana xətt var ki, bunu idarəedicilər yaradır, əsas təqsiri onlar daşıyır. Evdə qadınlarımızı döyən, öldürən, ana-bacı söhbətində gəncləri bıçaqlayan, selektiv abort qətliamını törədən bu hakimiyyətdir. Əslində bu vəhşiliklər insanların hakimiyyətə bir etirazıdır – sən döyürsən, mən də döyəcəyəm, sən alçaldırsan, mən də alçaldacağam, sən öldürürsən, mən də öldürəcəyəm.