Heydər Əsədov

Mütəxəssis nazirin fikirlərini yalanladı

''Ölkədə kənd təsərrüfatı məhsulu istehsalı ilbəil azaldığı üçün idxaldan aslılıq get-gedə artır''

Azərbaycan kənd təsərrüfatı naziri Heydər Əsədov cari ilin ilk 4 ayında kənd təsərrüfatı məhsullarının ixracının ötən ilin eyni dövrünə nisbətən 44 faiz artdığını bildirib.

Nazir xüsusən də bitkiçilik məhsulları və meyvə-tərəvəz məhsulları ixracda diqqət çəkib:

"Davamlılığına gəlincə, məhsul ixracının həcminin ilbəil daha iri miqyasda artırılmasını gözləyirik və hədəfləyirik" (report.az).

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov nazirin söylədiklərinə "Facebook" səhifəsində münasibət bildirib.

Ekspert yazıb ki, nazir Heydər Əsədov sanki ötən ilin eyni dövründə bu vəzifədə işləməyib:

"Nazirin fikirlərinə hörmətlə yanaşıram, ancaq adi adamlar elə hesab edər ki, həqiqətən də bu sahədə sıçrayış olub. Nazirdən fərqli olaraq mən dövlət idarələrinin, DSK-nın və DGK-nın məlumatlarından istifadə edirəm. Yoldaş Əsədov nazir təyin olunan vaxta qədər Azərbaycan hər ilin ilk 4 ayında 200 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulları və ərzaq malları ixrac etdiyi halda, indi bu rəqəm 2 dəfə azalıb. Həmin illərin ilk 4 ayında 13,8 milyon dollar dəyərində çay, 79,5 milyon dollar dəyərində şəkər ixrac olduğu halda, bu ilin eyni dövründə 2,8 milyon dollarlıq çay, 13,6 milyon dollarlıq şəkər ixrac edilib. Deməli, son 4 il ərzində çay ixracı 5 dəfə, şəkər ixracı isə 6 dəfə azalıb. İndiki nazirdən əvvəl, 2012-ci ilin ilk 4 ayında 76,3 milyon dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar ixrac olunduğu halda, bu ilin ilk 4 ayında bu göstərici 15 dəfə azalaraq 5 milyon dollar təşkil edib. Bütün bunlar azmış kimi, bu ilin 4 ayı ərzində ət idxalı 2,6 dəfə, diri heyvan idxalı 48 faiz, süd 98 faiz, un məhsulları 20 faiz, meyvə 7 faiz, çay 29 faiz, şəkər 13 faiz, müxtəlif ərzaq malları idxalı 45 faiz artıb".

Vahid Məhərrəmov
Vahid Məhərrəmov.

Vahid Məhərrəmovun sözlərinə görə, Heydər Əsədovdan əvvəl, 2013-cü ilin ilk 4 ayında ölkəyə 317 milyon 522 min dollar dəyərində yeyinti məhsulları idxal olunduğu halda, bu ilin ilk 4 ayı ərzində 412 milyon 849 min dollar dəyərində məhsul idxal olunub:

"Baxın, bu nazirin dövründə, 4 ay ərzində ərzaq malları ixracı 100 milyon dollar dəyərində azaldığı halda, idxal olunan yeyinti məhsullarının dəyəri 100 milyon dollardan da çox artıb. Nazirin hədəfinin nə olduğunu bilmirəm. Ancaq 4 ay ərzində 200 milyon dollardan çox azalan fərq ortadadır. Bu isə ümumilikdə istehsalda 30 faiz azalma deməkdir. Çox pis olan hal odur ki, ölkədə kənd təsərrüfatı məhsulu istehsalı ilbəil azaldığı üçün idxaldan aslılıq get-gedə artır".

x

YAZARIN DİGƏR YAZILARI