Beynəlxaq Bankın borcları kimin cibindən ödənəcək?

Azərbaycan hökuməti Beynəlxalq Bankın 3 milyard dollardan çox olan borcunu öhdəsinə götürüb. Mayın 11-də ölkənin iri kreditoru olan Azərbaycan Beynəlxalq Bankı 3,3 mlrd. dollar həcmində borcun ödənmə şərtlərinin dəyişdirilməsi üçün Nyu-Yorkda müflisliklə bağlı məhkəməyə müraciət edib. Bu xəbər beynəlxalq mətbuatda da müzakirələrə səbəb olub.
"Global Risks Insight” portalında təhlilçi Ceremi Luedi yazır ki, hökumət bankın 80 faizinə nəzarət edir. Bu səbəbdən bankın defoltu hökumətin etibarını zərbə altında qoyur. ABB-nin 908 milyon dollarlıq ödənməmiş borcu var və Dublində yerləşən “Rubrika Finance Company Ltd.”-yə 100 milyon dollarlıq borcun ödənişi gecikib.

Hüquqşünas Əkrəm Həsənov hesab edir ki, hökumət dünyadakı etibarını itirməməkdən ötrü məhkəməyə müraciət edib. Əks halda, xarici kreditorlar Beynəlxalq Banka qarşı iddia qaldıra bilərdi. Əkrəm Həsənov deyir ki, ümidimiz neft ehtiyatlarınadır.

İqtisadçı Qubad İbadoğlu bildirir ki, dövlət Beynəlxalq Bankın borcunu vergi ödəyicilərinin hesabına bağlayacaq. Onun sözlərinə görə, dövlət büdcəsində bu borc üçün vəsait ayrılmayıb.

İqtisadçı deyir ki, hökumət indiyə qədər ABB-nin ayaq üstdə qalması üçün 11 milyarddan çox vəsait ödəyib. Qubad İbadoğlu əlavə edib ki, banka edilən yardımdan sonra özəlləşdirilməyə çıxarılacağı gözlənilir.

Şəhər sakinlərindən də soruşduq ki, cibinizdən Beynəlxalq Bankın borclarını bağlamağa razısınızmı?

Beynəlxalq Bank ötən il 1 milyard, 740 milyon manat zərər etdiyini açıqlayıb.

Ötən il Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Cahangir Hacıyev və digərlərinə qarşı iki mülki iddia qaldırılıb. Onlar, Beynəlxalq Banka dəymiş 211 milyon manat və «Aqrarkredit» QSC-yə dəymiş 7 milyon 423 min manatlıq mülki iddiadır. Məhkəmə Cahangir Hacıyevdən 63 milyon 80 min manatın tutularaq Beynəlxalq Banka verilməsi, ona məxsus olan dəyərli qol saatının və sikkə pulların müsadirə olunması barədə hökm çıxarıb.

x

YAZARIN DİGƏR YAZILARI