Statistika Komitəsi: Ərzaq qiymətlərində 13 faizlik artım var

foto sosial şəbəkə

İqtisadçı: ''İnflyasiya səviyyəsi ikirəqəmlidir, bu, əhalinin real gəlirlərini üstələyir''

2017-ci ilin martında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri fevrala baxanda 1,6, əvvəlki illə müqayisədə 13,2 faiz artıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Cari ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri fevrala nisbətən 3,1 faiz, 2017-ci ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 17,0 faiz artıb. Hesabat ayında qeyri-ərzaq məhsullarının qiymətləri fevrala nisbətən 0,6 faiz, bu ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 12,6 faiz bahalaşıb. Mart ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri fevrala nisbətən 0,5 faiz, I rübdə əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 8,6 faiz artıb.

Cari ilin fevral ayında yanvara nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 1,6 faiz, 2017-ci ilin yanvar-fevral aylarında istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,5 faiz yüksəlib.

İqtisadçı Samir Əliyev Dövlət Statistika Komitəsinin 13 faiz inflyasiyasını orta rəqəm hesab edir. Deyir, bazara baxıldıqda ərzaq qiymətlərinin daha yüksək olduğu görünər: 

“Bir sıra məhsullar var ki, onların qiymətində artım çox az olur. Ona görə ümumilikdə 13 faiz göstərilir. İstənilən halda inflyasiya ikirəqəmlidir. Əgər istehlak mallarının strukturuna baxsaq, strateji məhsullar, yəni əhalinin ən çox istifadə etdiyi mallar, qidalar, daha çox artıb".

Samir Əliyev
Samir Əliyev.

İqtisadçı Dövlət Statistika Komitəsinin məlumatlarının həmişə suallar doğurduğunu deyir:

"Biz heç vaxt komitənin xəbərlərini real qiymətləndirməmişik. İndi də bu rəqəmin gerçək olduğuna inanmıram. Komitənin yumşaltdığı rəqəmlər göstərir ki, Azərbaycanda inflyasiya səviyyəsi ikirəqəmlidir və bu, əhalinin real gəlirlərini üstələyir. Son dövrlər isə əhalinin real gəlirlərində azalma var. İnflyasiya səviyyəsi onların gəlirlərinin artım səviyyəsini üstələyir. Bu baxımdan mənzərə əhalinin sosial durumunu göstərən indikatordur".

x

YAZARIN DİGƏR YAZILARI