Riyakar mühacirlər

Günel Mövlud (illüstrasiya)

SOSİUM

Bugünlərdə Norveçdə yaşadığım şəhərdə baş vermiş bir söhbət eşitdim. Bir neçə il əvvəl bu şəhərə qaçqın kimi biz özbək ailəsi gəlib. Özbəkistanda vəziyyət hamıya bəlli olduğundan ailə tez bir zamanda oturum alıb. Amma bir ildən sonra ailə oturumdan imtina edib, pasportlarını geri alıb, qayıdıblar Özbəkistana. Kişi burdakılara deyib ki, qayıtmalarının səbəbi burda yaşaya bilməməsidir. Deyib ki, Özbəkistanda nə qədər problem olsa da, burdan yaxşıdır. Bu adamların arasında müsəlmanlığın tələb elədiyi şərtlərə uyğun yaşamaq mümkün deyil. Küçəyə çıxıram, gözüm zinaya batır. Marketə girirəm, əlim haram məhsullara dəyir. Arvadım yad, naməhrəm kişilərin arasında oturub, dil öyrənməli olur. Mənə belə yaşamaqdansa, Özbəkistanda kasıb, qorxa-qorxa, amma halal, müsəlman kimi yaşamaq daha xoşdur. Bunları deyib və ailəsini də götürüb, qayıdıb öz vətəninə.

Gəlin, bu kişinin dünyagörüşünün, hərəkətinin, Avropa həyat tərzinə münasibətinin yanlış, ya da doğru olması məsələsini qoyaq bir kənara. Amma məntiqlə götürəndə, bu adam hörmətə layiq hərəkət edib. Adam başa düşüb ki, onun inandığı, qəbul elədiyi həyat tərzini burda yaşamaq mümkün deyil. Ya zəlzələdən, ya vəlvələdən, buraların başqa, özü də çox fərqli qayda-qanunları, həyat tərzi var. Düşünüb-daşınıb, götür-qoy edib, görüb ki, onun üçün Özbəkistan daha rahatdır. Daha niyə rahatdır, necə rahatdır, bununla işimiz olmasın. Başqasının seçiminə qarışmaq haqqımız yoxdur.

Əsas məsələ odur ki, bu adam alqışlanası səmimiyyət nümayiş etdirib. Gəlib burda dava açmayıb, ya öz vətəni ilə buranı müqayisə edib, Özbəkistan eşqi ilə dolu çıxışlar edərək, yaşamağa davam etməyib. O öz seçimini səmimi şəkildə edib – Özbəkistan daha yaxşıdır, bizim dəyərlər daha yaxşıdır və mən orda yaşamaq istəyirəm. Çox, çox hörmətəlayiqdir bu addım.

Burda xeyli rus və türklər də var. Bir neçəsini çıxmaq şərti ilə ruslar adətən putinçi, türklər ərdoğançıdır. Putinə, Ərdoğana diktator deyəndə, bərk acıqlarına gəlir. Türkiyəni, Rusiyanı, ordakı yaşam tərzini burdakı ilə müqayisə edir və adətən üstünlüyü öz vətənlərinə verirlər. Böyük əksəriyyəti homofobdur və deyir ki, bizim ölkədə bu homoseksualların başını buraxmırar, ona görə orda əxlaq yerindədir. Dindarların da böyük əksəriyyətini marketlərdə donuz əti və halal yolla kəsilməyən mal-qoyun, toyuq ətinin, kolbasa, sosislərin satılması qəzəbləndirir. Küçədə açıq geyinən qadın görəndə, əsəbiləşirlər. Deyirlər ki, əlimiz harama dəyir, gözümüz haram görür. Bizim ölkə bu sarıdan yaxşıdır, ictimai qınaq var, kim necə gəldi geyinə bilməz.

Bütün günü öz vətənlərini, öz vətənindəkilərə zülm edən diktatorlarını tərifləyirlər. Bizim azərbaycanlılar arasında da, “hakimiyyət ayrı, dövlət ayrı, biz hakimiyyətə görə öz vətənimizi pisləyə bilmərik” deyə, müxtəlif məsələlərdə üstünlüyü Azərbaycana verənlər az deyil. Hətta siyasi baxışlarına görə təqib olunduğu üçün qaçqın statusu alıb, “rejimindən qaçdığı” hakimiyyəti dəstəkləyənlər də, nə qədər desəniz var.

Adam sadəcə bir şeyi başa düşmür. Bu, nə deməkdir? Yenə deyirəm, doğrudan da, belə düşünürsünüzsə, mübahisə etmək fikrimiz yoxdur, amma siz onda burda niyə yaşayırsınız? Doğrudan istər hakimiyyət olsun, istər əxlaqi dəyərlər, istər həyat tərzi, istər dinə münasibət – öz ölkənizdə daha yaxşıdırsa, onda siz niyə burdasınız?

Niyə o qədər xərc çəkib viza, bilet düzəldirsiz, bəzən rüşvət verirsiniz, bəzən burda alçalmalara məruz qalırsız, antisanitariya içində bəzən gözləyirsiz ki, təki burda yaşayasınız? Axı siz bu seçimi etməklə, artıq özünüz göstərmisiniz ki, sizin ölkələrinizdə yaşamaq rahat deyil, buralar daha rahatdır, burda özünüzü daha xoşbəxt hiss edirsiniz. Bəs, onda bu nə riyakarlıqdır?

Bu qədər Rusiyapərəst niyə Rusiyada yaşamır? Bu qədər Ərdoğançı niyə Ərdoğanın idarə elədiyi Türkiyədə yaşamır? Bu qədər Azərbaycan sevdalısı niyə ordan qaçmaq üçün ətək-ətək pul töküb, bura gəlib? Siz niyə rahat deyilsiniz, niyə səmimi ola bilmirsiniz?

Aralarındakı ən pis variant da öz ölkəsindəki həyat tərzini, dünyagörüşünü, trendləri burda başqalarına da tədbiq etmək istəyən, alınmayanda qəzəblənən, buranın yerli camaatına nifrət edən, onarı kafir, pozğun sayanlardır.

Və heç birinin də vecinə deyil ki, əxlaq, din, həyat tərzi, dəyərlər sənin ölkəndə daha yaxşı qorunursa, onda niyə orda yaşamaq daha rahat deyil, burda, sənin “pozğun, kafir” dediyin insanların qurduğu və qoruduğu ölkədə daha rahatdır?