Gənc yazarın qapısına düşən ürəklər ...

Martın 16-ı gecə saat 2-də yazıçı Mövlud Mövlud 17-ci mərtəbədən özünü oradan ataraq həyatına son verib. Yazıçının intihar  səbəbi məlum deyil. Hadisədən sonra Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Ötən il Daxili İşlər Nazirliyi intiharlarla bağlı statistikanı açıqlayıb. Hesabata görə, Cinayət Məcəlləsinin "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə 500 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub.

Psixoloq Aysel İsgəndərli deyir ki, insanın intiharı ümidi ilə bağlıdır. Gələcəyə dair işıq ucu görməyəndə seçim intihardan yana olur. Buna görə də insanlara sistemləşdirilmiş şəkildə psixoloji yardım etmək lazımdır.

Sosioloq Sənubər Heydərli yeniyetmə və gənclər arasında olan özünə qəsdlərdən söz açıb. O deyir ki, yeniyetmə və gənclər mənəvi böhrandadır.

İqtisadçı Natiq Cəfərliyə görə, intiharların artmasında sosial və iqtisadi problemlərin təsiri çoxdur. O, hökumətin bu yöndə ciddi addımlar atmadığını deyir.

Natiq Cəfərli hökuməti təcili olaraq vətəndaş cəmiyyəti ilə birgə intiharların qarşısını almaq üçün tədbirlər görməyə çağırır.

Bəs intihar həddində olan şəxs görsəniz, necə davranarsınız? Onu necə dilə tutub bu yoldan daşındırarsınız? Bakı sakinləri bu sualları cavablandırıb.

 Gənc yazarın evində indi ancaq qapısına düşən ürəklər qalıb.