FED uçot dərəcəsini artırdı, ancaq manat hərracda dəyər qazandı

Vüqar Bayramov sosial şəbəkə

İqtisadçı Vüqar Bayramov bunun səbəblərini izah edir

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artırıb. Buna baxmayaraq martın 16-da keçirilən valyuta hərracında manat dəyər qazanıb.

“Ən vacib məqam məzənnə stabilliyinə nail olmaqdır”

İqtisadçı Vüqar Bayramov bunun səbəblərinə aydınlıq gətirib. Bildirib ki, son illər ilk dəfə olaraq FED-in qərarı valyuta bazarında dollara olan tələbi artırmayıb. Martın bayramlar ayı olmasına baxmayaraq, idxala artan tələb bazarın xarici valyuta təklifi ilə tənzimlənir. Beynəlxalq Bankın hərraclarda zəif iştirakı da dollara olan tələbin tənzimlənməsinə imkan yaradır: 

“Praktik olaraq, Beynəlxalq Bank valyuta bazarındakı tələbə təsir edə bilir. Onun valyuta bazarındakı passiv mövqeyi də dollara tələbin yüksəlməsinin qarşısını alır. Nəticədə manat möhkəmlənir. Digər tərəfdən, vətəndaşların öz xarici valyutalarını manata çevirməsi milli valyutanın məzənnəsinin möhkəmlənməsini şərtləndirən səbəblərdəndir. Təbii ki, manat bazasının azalması fonunda büdcənin infrastruktur xərclərinin optimallaşdırılması da kursa birbaşa təsir göstərir”.

İqtisadçı bildirir ki, manatın məzənnəsinin möhkəmlənməsi sosial və iqtisadi baxımdan məqsədəuyğundur. Burada ən vacib məqam məzənnə stabilliyinə nail olmaqdır. 

Manat hansı hallarda möhkəmlənməkdə davam edə bilər?

Vüqar Bayramov deyir ki, gözlənildiyi kimi, Mərkəzi Bank Dövlət Neft Fondundan transfer edilən 7.5 milyard manatı hərraclara çıxarmayacaq. Baş bank digər alətlərdən istifadə edərək dollara olan tələbi optimallaşdırır. Əgər sözügedən vəsaitdən Beynəlxalq Bankın sağlamlaşdırılması üçün istifadə ediləcəksə, o zaman Beynəlxalq Bank növbəti aylarda da hərraclarda az görsənəcək: 

“Mərkəzi Bank üçün manatın mövcud məzənnəsini qorumaq xeyli asan olacaq. Bu, hərracda əsas alıcılardan birinin xarici valyuta tələbinin hərracdan kənar ödənilməsi deməkdir. Ssenari baş verərsə manatın məzənnəsində stabillik əldə etmək mümkün olacaq. Burada manat bazası, idxalın minimumlaşdırılması, büdcə konsolidasiyası, neftin dünya bazar qiyməti kimi faktorları da yaddan çıxartmaq olmaz”.

“Büdcədən infrastruktur xərcləmələri artdıqca manat bazası genişlənəcək”

İqtisadçı bildirir ki, büdcədən infrastruktur xərcləmələri artdıqca manat bazası genişlənəcək və idxal ehtiyacı yüksələcək. Belə hallarda isə hərracalara daha çox valyuta çıxarmaqla prosesi tənzimləmək lazım olacaq:

“Liberal məzənnə siyasətini tətbiq edən ölkələrdə milli valyutaların ilk 6 ayda bazar dəyərini tapması müşahidə edilib. Oxşar təcrübə bizdə də təkrarlanarsa 2017-ci ilin birinci yarısında manatın bazar dəyərinə nail olmaq mümkün olacaq. Bu, milli valyutanın kursunda volatilliyinin azalmasına səbəb ola bilər. Elə Mərkəzi Bankın da əsas hədəfi bu olmalıdır. Məhz bundan sonra əks-dollarlaşma prosesinə başlamaq mümkündür. Əks-dollarlaşma prosesi ilə yanaşı isə manatın bazasının mərhələli genişlənməsi və bununla da iqtisadi aktivliyi bərpa etmək lazımdır”.

Hansı halda dollar yenidən möhkəmlənə bilər?

Vüqar Bayramov deyir ki, dövriyyədə manat kütləsinin artması dollara yenidən tələb formalaşdıra bilər. Mərkəzi Bank manat sterilizasiyasını dayandırar, büdcənin infrastruktur xərcləri artarsa və eləcə də Beynəlxalq Bank bazardakı aktivliyini artırarsa, bu, yenidən dollara tələbi artıra bilər: 

“Görünən budur ki, hələlik manat bazasının genişləndirilməsi gündəmdə deyil. Bütövlükdə istənilən qiymətləndirmə göstərir ki, növbəti aylarda yenə də Mərkəzi Bankın hansı tənzimləyici alətlərdən istifadə etməsi əhəmiyyətli olacaq. Bazardakı psixoloji effektləri nəzərə alsaq, manatın yenidən ucuzlaşmasının qarşısının alınması imkanları indi əvvəlki dövrlərə nisbətən daha yüksəkdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən hal-hazırda psixoloji üstünlük manatın tərəfindədir”.

x

YAZARIN DİGƏR YAZILARI