1-ci mikrorayon sökülür, 1729 ailə köçürüləcək

 

Abid Şərifov: ''Evlər bir-bir söküləcək, ərazidə 9-12 mərtəbəli evlər tikiləcək''

Qadir İbrahimli: ''Ölkənin gəlirləri bu layihəyə adekvat deyil''

 

 Baş naziri Artur Rasizadə paytaxtın 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərar imzalayıb.

Qərara əsasən, "Xruşovka" kimi tanınan, müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binaları sökülərək ərazidə yenidənqurma işləri aparılacaq və iş üzrə sifarişçi funksiyasını Fövqəladə Hallar Nazirliyinə həvalə edilib:

Fövqəladə Hallar Nazirliyinə tapşırılıb ki, "Pilot layihə" kimi, 1-ci mikrorayonda qəzalı vəziyyətdə olan, "Xruşovka" kimi tanınan yaşayış binalarının və həmin mikrorayonun ərazisindəki digər yaşayış və qeyri-yaşayış təyinatlı tikililərin sökülərək yerində yeni binaların tikilməsi üçün plan hazırlasın. Həmçinin işlərin icrasını özündə əks etdirən Tədbirlər Planının layihəsini hazırlayaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla, təsdiq edilməsi üçün 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etsin".

 1-ci mikrorayonun sökülməsinin təşəbbüsü Fövqəladə Hallar Nazirliyidir

Qərarın icrası ilə əlaqədar yerinə yetiriləcək işlərin əlaqələndirilməsini və qarşıya çıxan məsələlərin operativ və hərtərəfli həllini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin, Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Maliyyə Nazirliyinin və Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə daimi fəaliyyət göstərən işçi qrup yaradılacaq.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov  APA-ya deyib ki, 1-ci mikrorayonun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərara əsasən, köhnə 5 və 9 mərtəbəli yaşayış binalarının sökülməsi və onların yerində yeni yaşayış binalarının inşa edilməsi nəzərdə tutulub. Evləri söküləcək insanlara sonradan yeni binalarda veriləcək mənzillərin sahəsi əvvəlki mənzillərlə müqayisədə 10 faiz artıq olacaq. Söküntü-tikinti işləri aparılan zaman vətəndaşların kirayədə qalmaları üçün onlara kompensasiya da veriləcək.

Elxan Əsədov foto APA
Elxan Əsədov foto APA.

E. Əsədov qeyd edib ki, ilk növbədə 5 mərtəbəli binaların sökülməsi və onların yerində yeni 20 mərtəbəli binaların inşası nəzərdə tutulub: “Söküntü və tikinti işləri 3 mərhələdə aparılacaq”.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarının imzalanmasında təşəbbüskar FHN olub:

 "Bu layihə pilotdur, layihə özünü doğrultsa, Bakının digər mikrorayonlarını da əhatə edəcək".

"34 bina söküləcək, 1729 ailə köçürüləcək"

Rəis müavini ilkin araşdırmalara əsasən ərazidə 34 binanın söküləcəyini deyib:

"Ancaq yeni tikilən binaların sayı isə 30-u keçməyəcək və bir-iki blokdan ibarət olacaq. Yəni mərtəbələrində sayı artacaq. Boş ərazilərdə park salınacaq və insanların ümumi istifadəsində olan ərazilər artacaq, yaşıllıq sahələri genişlənəcək. Yenidənqurma işlər çərçivəsində həmin ərazidən 1729 ailə köçürüləcək. İşləri 3 ilə yekunlaşdırmağı planlaşdırırıq". 

 Baş nazirin müavini Abid Şərifov da layihənin təşəbbüskarı FHN olduğunu təsdiqləyib və məsələnin ölkə başçısı ilə razılaşdırıldığını deyib:

 

Abid Şərifov foto sosial şəbəkə
Abid Şərifov foto sosial şəbəkə.

"Mən bir məmur, şəhər sakini və inşaatçı kimi bu qərara çox sevinirəm. Layihənin təşəbbüskarı Fövqəladə Hallar Nazirliyidir. Söhbət SSRİ dövründə tikilən panel evlərindən gedir. Bir şeyi bilmək lazımdır ki, bu cür evləri fransızlar tikib. Həmin evlər fransızlar tərəfindən Əlcəzairdə neft sahəsində işləyənlər üçün tikilirdi. SSRİ dövründə evlə təminatda problemlər olduğu üçün bu cür modellərə üstünlük verilib. Başqa sözlə, bu, müvəqqəti yaşayış sahəsi adlanır. SSRİ dövründə Bakıda evsizlik ciddi problem olduğu üçün Niktia Xruşov panel evlərin tikintisinə icazə verib. Amma bəla ondadır ki, bu evlərin hamısı betondan tikildiyinə görə, bütün müvafiq normativlər pozulub. Bu cür evlərdə yaşayanların əksəriyyəti xəstəliyə məruz qalır. Mən özüm bir neçə ay həmin panel evlərində yaşamışam. Həmin evlərdə "otopleniye" adlandırdığımız istilik sistemik də çürüyüb. Təmiz beton, linoleum... kimin imkanı varsa, parket quraşdırır, imkanı olmayan isə məlum vəziyyətdə olur. Ona görə, bu evlərin sökülməsi təqdirəlayiqdir. Sözsüz ki, bu layihə ölkə başçısı ilə razılaşdırılıb. Mikrorayondakı evlər bir-bir söküləcək. Həmin ərazidə 9-12 mərtəbəli evlər tikiləcək. Təbii ki, sosial obyektlər də tikilmiş olacaq".

 "Qərar tikinti materialları və kirayə bazarına istər-istəməz aktivlik gətirəcək"

Baş nazirin qərarını Meydan TV-yə şərh edən "MBA Group" şirkətinin baş direktoru Nüsrət İbrahimov layihənin gerçəkləşməsi üçün iqtisadi-sosial şəraitin münbit olduğunu düşünür:

“Birinci, son iki ildə tikinti sektorunda müəyyən durğunluq müşahidə olunur, vəziyyəti dəyişmək üçün bazarı hərəkətə gətirmək lazımdır. Bununla bağlı İpoteka Fondu ötən ilin sonundan artıq işə düşüb və vəsaitin bir hissəsi dolayı yolla tikinti sektoruna axır. Artıq az da olsa, canlanma sezilir. İkinci, sosial evlərin tikilməsidir, bu, Yeni Yasamalda başlayıb və tikinti materialları bazarına bir qədər aktivlik gətirir. Ona görə də baş nazirin qərarı tikinti materialları və kirayə bazarına istər-istəməz aktivlik gətirəcək layihədir”.

Nüsrət İbrahimov foto sosial şəbəkə
Nüsrət İbrahimov foto sosial şəbəkə.

N.İbrahimov deyib ki, layihə dövlət vəsaiti yox, özəl investisiya hesabına gerçəkləşəcək. Bu da layihənin yarımçıq qalmayacağına ümidi artırır:

“Bu, xarici də, daxili investisiya da ola bilər, kim önə çıxacaqsa, layihəni də ona verəcəklər. Ona görə mən layihəni perspektivli sayıram. Məlumatıma görə, martın 14-dən ərazidə ölçmə işlərinə başlanılıb".

Onun sözlərinə görə, 1 mikrorayonda təxminən söküləcək 30 bina, hər birində 45 mənzil var və 1350 ailə yaşayır:

“Proses birdən-birə başlamayacaq, əvvəlcə danışıqlar aparılacaq, sonra onları kirayəyə çıxaracaqlar, nəticədə kirayə bazarı aktivləşəcək. Söküntü işlərində isə məşğulluq artacaq, iş yerləri olacaq, ardınca tikinti materalları bazarı aktivləşəcək, hamısı bir-biriylə əlaqəlidir”.

Xərclənəcək vəsaitə gəlincə, ekspert deyib ki, tikinti üçün təxminən 60 milyon manat lazım olacaq. Söküntünü, köçürmələri, sənədləşmələri əlavə etdikdə, vəsait 100 milyona çatır. 

"Əgər Azərbaycanın investisiya mühiti normal olsaydı, iş adamları Gürcüstana axışmazdı"

 İqtisadçı Qadir İbrahimli Nüsrət İbrahimovla qətiyyən razılaşmadığını deyir:

"Razılaşmamağımın birinci aspekti ondan ibarətdir ki, hökumət indiyə qədər işsizlik problemini tikinti sektoru hesabına aradan qaldırırdı və bu gedişat neftin qiymətinin yüksək olduğu zamana təsadüf edirdi. Bura böyük söküntü layihələri daxil idi, söküntülər hesabına iş yerləri yaranırdı və təbii olaraq əhalinin gəlirləri də artırdı. Müəyyən qruplar da bundan maliyyə imkanları qazanırdı. Artıq böyük neft gəlirləri gözlənilmir və bu proses yaxın illərdə də davam edəcək".

Qadir İbrahimli foto Meydan TV
Qadir İbrahimli foto Meydan TV.

Qadir İbrahimli hökumətin yenidən işsizlik problemini həll etmək üçün hansısa inzibati rıçaqlarla tikinti sektoruna qayıtmaq istəyini uğurlu cəhd saymır:

"Əvvəla, dövlətin maliyyə imkanları o həddə deyil ki, yenidən "tikinti bumu"nu bərpa etsin. Məsələ ondadır ki, ölkənin gəlirləri bu layihəyə adekvat deyil. Maliyyə krizisi müəllimlərin maaşını, pensiyaları zamanında ödəməyə imkan vermirsə, tikinti layihələrini necə maliyyəşdirmək olar?! İpoteka Fondu da ötən ildən dayanıb və gələcəyini düşünən hansısa bank ipoteka üçün vəsait ayırmır. Yerli və xarici investorlara gəlincə, ikincilər Azərbaycana investisiya yatırmaqda maraqlı deyillər. Çünki ölkədə biznesin təhlükəsizliyinin heç bir təminatı olmadığından onlar riskə getmək istəmirlər. Yerli investorlar haqda danışanda, Zülfüqarlı qardaşlarının, "Azpetrol" sahiblərinin aqibəti hər kəsə bəlli olduğundan kimsə yatırım qoymağa ehtiyat edir. Həm də yerli investorların ciddi imkanları yoxdur. Onların imkanları olsa da, Azərbaycanın tikinti sektoruna investisiya yatırmaqda maraqlı deyillər. Bugünlərdə məlum oldu ki, 2016-cı ildə Gürcüstana qoyulan 600 milyon dollarlıq investisiyanın 35 faizi Azərbaycanın payına düşür. Əgər Azərbaycanın investisiya mühiti normal olsaydı, iş adamları Gürcüstana axışmazdı".

x

YAZARIN DİGƏR YAZILARI