Yaşadığı vaqon yandı, köçkün ailəsi küçədə qaldı

Mirov Həsənov fotolar Meydan TV

''İcra başçısı dedi ki, səni nəinki Bakıdan, yer üzündən silərəm''

“Ağdamdan köçkün düşəndə 5 yaşım vardı. Yanımda mərmi partladı. Bir ayağım yaralandı, qəlpə ilə doludur. İndi övladım o yaşdadır. Onu isə ermənilər yox, bizim hökumətimiz yaralayıb. Evsiz, sahibsiz qoyaraq” -  28 yaşlı Rüxsarə Həsənovanın sözləridir.  

Kirayəni ödəməyə pulumuz olmadı, çatdırmadıq

Əslən Ağdamın Əliağalı kəndindən olan Rüxsarə Həsənova 10 ildir ailə həyatı qurub. Həmin vaxtdan da Bakının müxtəlif yerlərində kirayədə yaşayıb. Adlarının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ev növbəsində olduğunu deyir: 

“Kirayədəyaşayırıq deyə bizi ən sona saxlayıblar,  növbəmizi gözləyirik. Müəyyən vaxtdan sonra kirayə qalmaq da çətinləşdi. Yoldaşım işdən çıxdı, pulumuz olmadı, çatdırmadıq. Son 3 ili Xətai rayonunun Naximov küçəsində, dəniz kənarındakı vaqonun içində yaşadıq. Əlimizi “Qaçqınkom”dan üzmüşdük. Qaldığımız vaqonun yanında kiçik gecəqondu tikib, yaşayacaqdıq...” 

Rüxsarə Həsənova deyir ki, buna görə bir xeyli tikinti materialı da alıblar. Ancaq fevralın 12-də gecə vaqonda çıxan yanğında əşyaları, geyimləri, pulları ilə bərabər aldıqları tikinti materialları da külə dönüb. 5 gündür ailə 2 azyaşlı uşağı ilə qonşuda yaşayır. 

Səni nəinki Bakıdan, yer üzündən silərəm

Rüxsarənin həyat yoldaşı Mirov Həsənov deyir ki, bu 5 gündə getmədikləri dövlət qurumu, görüşmədikləri vəzifəli şəxs qalmayıb: 

“Qaçqınkoma, Milli Məclisə, Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Milli Məclisdən “ərizənizi yazın, baxarıq”, - dedilər. Yazdıq, hələ ki, maraqlanan yoxdur. İkinci dəfə Xətai Rayon İcra Hakimiyyətinə getdim, başçı ilə görüşdüm. Mənə “siz burada qeydiyyatda deyilsiniz, işə biz baxmırıq”, - dedi. Yanğının Xətai rayon ərazisində çıxdığını, birbaşa əlaqələrinin olduğunu deyəndə əsəbiləşdi,“səni nəinki Bakıdan, yer üzündən silərəm”, - dedi. Kor-peşman evə döndüm”. 

1 il kredit, 18 ay lotereya ödəyəcəyik

Mirov Həsənov deyir ki, 2 ildə yeni evləri üçün nə almışdılarsa, hamısı yanıb: “Soyuducu, paltaryuyan maşın, tozsoran... hamısı yanıb. Heç kreditlərini verib bitirə bilməmişik. Rüxsarə iş yoldaşları ilə 18 aylıq lotereya oynayırdı. Birinci götürüb tikiləcək evimiz üçün material, əşya almışdıq. Bundan sonra 1 il kredit, 18 ay lotereya ödəyəcəyik. Özü də boş-boşuna”. 

İki kişi məni küçənin ortasında sürüdü

Rüxsarə Həsənova 3 il əvvəli xatırlayır. Deyir, yaşadıqları vaqonu dənizin kənarına qoyanda icra hakimiyyəti, bələdiyyə işçiləri hamısı gəlib burada nə etdikləri ilə maraqlanıblar: 

Rüxsarə Həsənova
Rüxsarə Həsənova .

“Dedilər, etdiyiniz qanunsuzdur. Bir neçə nəfər tökülüşdü üstümə. İki kişi məni küçənin ortasında sürüdü. İndi bu boyda hadisə olub, ev yanıb, 4 yanğınsöndürən gəlib,bir nəfər yaxınlaşıb “eviniz niyə yanıb? Harada yaşayacaqsınız?”, - demir.  Bakıda yüzlərlə boş otağı olan yataqxanalar var. Heç olmasa evimizi tikib qurtarana kimi birində müvəqqəti sığınacaq vermirlər”.

Hansısa xarici dövlətə sığınsaydıq, çoxdan kömək etmişdilər

“Pəncərə, qapı, dam örtüyü almışdıq. Hamısı yandı, kül oldu. Barı heç nəyə yox, əşyalara, geyimə kömək etsinlər. Əynimizə geyinməyə paltarımız yoxdur. Qonşular 1-2 geyim verib. İşdə də, evdə də onu geyinirəm. Körpə uşaqlarla qalmışıq çöldə. Gedib hansısa xarici dövlətə sığınsaydıq, çoxdan kömək etmişdilər. Ev tikirdik, bəxtəvər olmuşduq, olmadı. Sevinmək bizə yaraşmadı. Nəinki evimiz oldu, bir-iki qızılım, biraz pulum, əşyalarım var idi. Onlar da yandı”.

Ayda 200 manat alan üçün 13 min bilirsiniz nə deməkdir?

Ailə 10 min manata yaxın əşyalarının yandığını deyir. Axırıncı tikdikləri hamam olub. Ora isə 500 manat xərc çəkiblər: 

“Yeni evin tikintisi üçün də azı 3 min manatlıq material almışdıq. Bəlkə kimsə oxuyub güləcək ki, 13-14 minin söhbətini edirik. Ayda 200 manat alan üçün 13 min bilirsiniz nə deməkdir? Yatsaq, yuxumuzda da görmərik daha. Təkcə onu bilirəm ki, varımız, yoxumuz yandı. İki körpə ilə bu qışın günü qaldıq küçələrdə. Normal hökumətimiz də yoxdur ki, arxamızda dursun, dayağımız olsun”. 

Onlar Xətai rayonunda qeydiyyatda deyil

Meydan TV məsələyə münasibət öyrənmək üçün Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən ailənin Xətai rayonunda qeydiyyatda olmadığını deyiblər: 

“Ona görə də bizlik deyil. Yaşadıqları ev qanunsuz idi. Odur ki köməyi Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən istəsinlər”.

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov isə məsələni araşdıracağını deyir: 

“Komitəyə müraciət etdiklərini deyirlər. Məsələni araşdıracağam görüm həqiqətən də bizə yazıblarmı, nə vaxt yazıblar və problemləri nədir. Sizə ətraflı məlumat verəcəyik”. 

x

YAZARIN DİGƏR YAZILARI