İqtisadçı: Dollar 5, qiymətlər 20 faiz artır

Nazim Bəydəmirli foto Meydan TV

Tarif Şurası cavab verir: Manat bahalaşır, dərman niyə ucuzlaşmır?

Tarif Şurası son 2 həftədə dolların ucuzlaşmasına baxmayaraq, daxili bazarda dərman məhsullarının qiymətinin enməməsinin səbəbini açıqlayıb. 

Tarif Şurasının katibi İlkin Məcidov fevralın 16-da keçirdiyi brifinqdə qiymətin düşməməsini manatın yetərli qədər bahalaşmaması ilə əlaqələndirib: 

“Dərman vasitələri üzrə dolların məzənnəsini 1,71 civarında götürmüşük. Dollar ucuzlaşsa da, həmin səviyyədən aşağı düşməyib".

İ.Məcidov 2014-cü ildə bir qutu dərmanın ölkəyə orta hesabla 3 dollara idxal edildiyini bildirib: 

“Həmin rəqəm 2015-ci ildə 2,2 dollar olubsa, indi 1,5 dollardır. 50-dən çox idxalçı ölkəyə 1000-ə yaxın zavoddan dərman idxal edir. Bu ilin yanvarında dərman vasitələrinin idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz artıb".

İlkin Məcidov yanvarın sonunda dolların məzənnəsinin artması, sonradan isə manatın dəyər qazanmasının idxala təsir etdiyini deyib: 

“Artımdan sonra dolların məzənnəsi 1,92 AZN/USD civarında qalsaydı, qiymətlərə yenidən baxılacaqdı”.

İqtisadçı, sabiq deputat Nazim Bəydəmirli deyir ki, yerli bazarda qiymətlərin optimallaşması üçün tələb və təklif normal olmalıdır. Dərman prepatlarının ucuzlaşması üçün ilk növbədə inhisarçılıq ləğv olunmalıdır: 

“Azərbaycanda istehsal olunmayan məhsulların qiymətinin artımını dolların bahalaşmasıyla bağlamaq yalnışdır. Dolların artım tempi ilə idxal olunan məhsulun artım tempi arasında böyük fərq var. Dollar 5, qiymətlər 20 faiz artır”.

İqtisadçı bildirir ki, qiymətlərin artımını dolların bahalaşmasıyla  bağlamaq istisadi savadsızlıqdan başqa bir şey deyil: “Yalnız dərman deyil, istehlak məhsullarının əksər hissəsinin xaricdən idxal olunduğunu nəzərə alaraq iqtisadiyyat tam liberallaşmalıdır. İqtisadiyyatın qarşısında əsas maneə Gömrük Komitəsidir ki, bu qurum ləğv olunmalı, yaxud funksiyaları dəyişdirilməlidir”.

Nazim Bəydəmirli deyir ki, hər bir sahibkar istənilən məhsulu qanunvericiliyə uyğun idxal etməlidir. Bu baxımdan hökumətin üzərinə düşən vəzifələrdən biri daxili istehsalı stimullaşdırmaqdır. Söhbət azad rəqabətdən, lisenziyaların daha da sadələşdirilməsindən, sahibkarların ucuz maliyyə resurslarına çıxışının asan olmasından gedir: 

“Bir sahənin inhisara alınması ölkənin beynəlxalq reytinqinin düşməsi, biznes dözümsüzlüyünün tüğyan etməsi və məmurların əsl sahibkarı bazardan sıxışdırması deməkdir. Bunu metal istehsalçılarının şəxsində gördük”.

x

YAZARIN DİGƏR YAZILARI