''Azərbaycanda tikinti bumu yaşandı, ancaq tikinti mədəniyyəti formalaşmadı''

foto sosial şəbəkə

Vətəndaşların şikayətçi olduqları Mənzil Tikinti Kooperativləri

“Kristal Abşeron”, “Kristal-L”, “Fortis-Bayıl”, “İlin dörd fəsli”, “Belıy lebed”, “Şərur”, “Deluxe”, “Orbita”, “Badu-Kubə”, “Birlik”, “Xəmsə”, “Hasil”, “ARAZ-2011A”, “İnkişaf-S”, “Rahatlığın Məkanı-Gold”, “Ulduz-S”, “Murad M.S.”, “FVS İnşaat”, “BAKİNKOM”, “Yusifoğlu”, “AAAF İnşaat”, “Evrostroy Group”, “Akkord”, “Rahat”, “Orbit”, “Nur”, “Yüksəliş C”, “Olimp”, “İ.N.V.”, “Neftçi”, “Pərvin İnşaat”, “Azərros İK”, “Xəzər İnşaat-XXI əsr”, “Mur Ay”, “RT-LTD”, “Ələsgəroğlu-K”, “Svit Haus” – bunlar vətəndaşların narazı qaldığı, şikayət etdiyi tikinti şirkətləridir.

Siyahını Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov “Azərtac”da dərc olunan təhlil yazısında açıqlayıb.

“Yüzə yaxın dələduz tikinti şirkətləri peyda olub”

“Son 12 ildə tikinti bumu yaşansa da, tikinti mədəniyyəti formalaşmadı”, - iqtisadçı Qadir İbrahimli belə hesab edir.

O, bu mənada Süleyman İsmayılovun söylədiklərini doğrulayır. Deyir, yaranmış vəziyyət tikinti sektorunun nizamsız fəaliyyət göstərdiyini və hökumətin tənzimləyici addımlar atmadığını göstərir:

“Təsəvvür edin ki, bir, iki, hətta on yox, yüzə yaxın dələduz tikinti şirkətləri peyda olub. Haqlarında cinayət işləri olsa da, ailələrə vurduqları ziyanı kompensasiya etmirlər”.

Rusiya vəziyyətdən necə çıxdı?

Q.İbrahimli bildirir ki, 10-12 il əvvəl Rusiya paytaxtında oxşar situasiya yaranmışdı. 1 mənzilin bir neçə ailəyə satılması adi hala çevrilmişdi:

Qadir İbrahimli
Qadir İbrahimli.

“Amma sabiq mer Lujkov vəziyyəti tənzimləyə bildi. Söhbət inzibati yollarla qaydaların dəyişməsindən gedir. Mənzil alan hər bir vətəndaş meriyanın Mərkəzi Reyestr Xidmətindən qeydiyyatdan keçirdi. Bununla başqa bir vətəndaş xidmətin elektron bazasına daxil olub mənzilin satılıb-satılmamasını aydınlaşdıra bilirdi. Eyni zamanda qeydiyyat həmin mənzillərin özəlləşdirilməsi üçün hüquqi əsas oldu. Deməli, vətəndaş mənzili özəlləşdirə bilirdi”.

“Bakı Şəhər İcra Hakimiyyəti prosesi tənzimləmək istəmədi”

İqtisadçı bildirir ki, Azərbaycanda isə bu sistem yaradılmadı. Bakı İcra Şəhər Hakimiyyəti prosesi tənzimləmək istəmədi və nəticədə 100-ə yaxın dələduz şirkət peyda oldu:

“Bu tikinti şirkətləri hansısa bir mərkəzdən idarə olunur. Əksər hallarda onlar vətəndaşların pullarını mənimsəmək yolunu tuturdular. Hətta məhkəmə qərarlarına baxmayaraq vətəndaşlar təzminat ala bilmirlər. Lazım olanda həmin şirkət rəhbərinin ölkəni tərk etdiyi, yaxud həbs olunduğu bildirilir. Məsələ bundadır ki, şirkət rəhbərinin həbsi problemi aradan qaldırmır. Bəzi hallarda məhkəmə icraçıları qərarların icrasında maraqlı olmurlar. Problem kifayət qədər dərindir və zamanında qanunvericilik əhatəli şəkildə işləmədiyindən indiki situasiya yaranıb”.

“12 illik tikinti bumu dövründə sərt qaydalar yaradılmadı”

Qadir İbrahimli deyir ki, elə qaydalar yaradılmalıydı ki, tikinti şirkətlərinin soyğunçuluğuna yer qalmasın. Təəssüf ki, 12 illik tikinti bumu dövründə sərt qaydalar yaradılmadı:

“Nəticədə bu gün minlərlə vətəndaş əziyyət çəkir”.

x

YAZARIN DİGƏR YAZILARI