''Neft Fondunun dəstəyi imkan verəcək ki, manat tədricən ucuzlaşsın''

Samir Əliyev foto sosial şəbəkə
Samir Əliyev foto sosial şəbəkə.

Samir Əliyev: ''Valyuta çatışmazlığını müvəqqəti aradan qaldırmaq olar''


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il Azərbaycan Mərkəzi Bankına (AMB) 7,5 mlrd. manatadək məbləğdə transfert həyata keçirəcək.

Bu, ARDNF-nin 2017-ci il büdcəsində öz əksini tapıb.
Sənəd prezident İlham Əliyev tərəfindən yanvarın 10-da imzalanan fərmanla təsdiqlənib.

“Büdcənin xərclər bölümündə qeyd edilib ki, transfert makroiqtisadi sabitliyin təmin olunmasına yönələcək və onun yuxarı həddi 7,5 mlrd. manat götürülüb. Maraqlıdır ki, AMB-yə transfertlər fondun ümumi xərclərinin 51,7 faizə bərabərdir”,-APA belə yazır.

Ölkə başçısı ARDNF-nin 2017-ci il büdcəsinin gəlirlərini 8 mlrd. 370 mln. 589,8 min manat, xərclərini isə 14 mlrd. 483 mln. 856 min manat məbləğində təsdiq edib.

İqtisadçı Samir Əliyev Neft Fondunun qərarını “Facebook” səhifəsində şərh edərkən bildirib ki, bu transfert gözlənilməz hadisələr (neftin kəskin ucuzlaşması, siyasi böhran, maliyyə panikası və s.) baş verməsə, bazarı 2017-ci ildə sakitləşdirə biləcək. Bankların dollar satışı bərpa ediləcək. Qara bazarın əhəmiyyəti azalacaq.

“Mərkəzi Bank yəqin ki vəsaitləri bir neçə istiqamətdə istifadə edəcək:

- ehtiyac yarandıqca, hərraca əlavə vəsait çıxartmaq

- dövlət zəmanətli və bəzi bankların (məsələn, Beynəlxalq bankın) xarici öhdəliklərini qarşılamaq

- banklara dollar likvidliyi (kredit və ya depozit vasitəsilə) vermək”,-Samir Əliyev belə yazıb.

Onun sözlərinə görə, valyuta çatışmazlığını Neft Fondunun aktivləri və Mərkəzi Bankın ehtiyatları hesabına müvəqqəti aradan qaldırmaq olar:

“Ancaq bu, problemin ömrünü uzatmaq və onun taleyini dünya bazarlarında neftin bahalaşmasına bağlamaqdan başqa bir şey deyil. Problem sistemli xarakter daşıdığından məsələnin həlli köklü yanaşma tələb edir. Manatın məzənnəsinin sabitliyi yalnız dayanıqlı makroiqtisadi sabitlik və iqtisadi inkişaf fonunda mümkündür. Hökumət təxminən 1 il vaxt qazandı. Hətta bu təşəbbüsdən sonra da manatın tam üzməsini iddia etmək olmaz. Manat Mərkəzi Bankın dəstəyi ilə üzməkdə davam edəcək. Bu addımlardan sonra manatın bahaşması real deyil. Ola bilər epizodik bahalaşma baş versin. Amma tendensiya ucuzlaşmaq istiqamətində olacaq. Sadəcə, Neft Fondunun bu dəstəyi imkan verəcək ki, manat tədricən ucuzlaşsın”.

Samir Əliyev hesab edir ki, problemin həlli əksdollarlaşma siyasətindədir. Hökumət əsas diqqəti əksdollarlaşma tədbirlərinin gücləndirilməsinə yönəltməldir:

“Neft Fondunun pulu hesabına valyuta bazarını dollarla təmin siyasəti isə sonda uğursuzluğa düçar ola bilər və təhlükəsizlik yastığının "əriməsinə" gətirib çıxarar”.

x

YAZARIN DİGƏR YAZILARI