Maliyyə və sığorta sektoruna maliyyə qoyuluşu azalıb

foto sosial şəbəkə

Natiq Cəfərli: ''Normal iş adamı eşitsə ki, Məcəlləyə 115 yeni maddə əlavə edilib, dabanına tüpürüb ölkədən qaçar''

Azərbaycanda maliyyə və sığorta sektoruna sərmayə qoyuluşu azalıb. Bu sahəyə illik investisiya qoyuluşu 86,3 faiz enərək, 2016-cı ilin yanvar-noyabr ayları üzrə 2,6 mln. manat olub.

“Report” yazır ki, bu, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun 0,02 faizini əhatə edib.

2015-ci ildə maliyyə və sığorta sektoruna investisiyalar 19,8 mln. manat (cəmi investisiyalarda - 0,1 faiz), 2014-cü ildə 23,2 mln. manat (0,1 faiz), 2013-cü ildə 12,0 mln. manat (0,07 faiz), 2012-ci ildə 76,9 mln. manat (0,5 faiz) olub.

Ötən ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13 009,1 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,0 faiz az vəsait yönəldilib. Ümumi sərmayənin 33,0 faizi dövlət, 67,0 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb.

Bundan əlavə, 2016-cı il dekabrın 16-da Milli Məclis Vergi Məcəlləsinə 200-dən çox dəyişikliyi qəbul edib. Vergi Məcəlləsinə 115 yeni maddə əlavə olunub, 83 dəyişiklik edilib.

Dəyişikliyi şərh edən iqtisadçı Natiq Cəfərli deyir ki, normal bir ölkədə Vergi Məcəlləsinə bir gündə bu qədər əlavə və dəyişikliklər olsaydı, biznes etiraz edər, orta və kiçik sahibkarlar bəyanatlar yayar, böyük biznes isə hökumətdən izah tələb edərdi:

“Normal iş adamı, xarici investor dəyişikliklərin məğzi bir qırağa, eşitsə ki, Məcəlləyə 115 yeni maddə əlavə edilib, dabanına tüpürüb ölkədən qaçar - necə ki, son həftələrdə onlarla xarici şirkətin nümayəndəlikləri bağlanır, otel bredlərinin adları binalardan silinir. Bu faktın özü belə sübut edir ki, bizdə iqtisadiyyat, biznes, bazar iqtisadiyyatı yoxdur, məmur, onların biznesi və maraqları var”.

Baş verən iqtisadi proseslərdən sonra bir neçə xarici ölkə brendi ("Jumeirah”, "Kempinski” və digərləri) Azərbaycanı tərk edib. Vergilər Nazirliyinin "Vergilər” qəzetinin dekabr ayına olan məlumatına görə, daha üç xarici şirkət ("Black Gold International Oil FZCO”, "CBC Polska” MMC və "Ex Libris Polska” MMC) Azərbaycandakı nümayəndəliyini bağlayıb.

Natiq Cəfərli deyir ki, hər hansı xarici investor bir ölkədə yatırım qoymadan öncə öz şirkətində çalışan komandaya həmin ölkə haqqında ətraflı məlumat toplamağı tapşırır. Məlumat qovluğuna ölkənin beynəlxalq reytinqlərdə yeri, korrupsiyanın səviyyəsi, məhkəmələrin durumu, mülkiyyət toxunulmazlığının vəziyyəti, ancaq bundan sonra daxili bazarın araşdırması, işləmək istədikləri seqmentin analizi daxil olur. Bu məlumatlar toplanandan sonra investor qərar verir:

“Bizim ölkəyə investisiya hava-su kimi lazımdır, xarici investisiyalarsız düşdüyümüz ağır böhrandan çıxa bilməyəcəyik”.

Natiq Cəfərli foto sosial şəbəkə
Natiq Cəfərli foto sosial şəbəkə.

İqtisadçı potensial xarici investorun “Azərbaycan qovluğunda” nələr görə biləcəyinə də toxundu:

1. Beynəlxalq reytinqimiz çox aşağıdır;

2. Korrupsiya reytinqində geridəqalmış Afrika və Asiya ölkələri ilə bir səviyyəsəyik;

3. Məhkəmələr azad deyil;

4. Mülkiyyət haqlarının pozulması ilə bağlı onlarla iş Avropa İnsan Hüquqları Məhkəməsindədir;

5. Daxili bazarımız kiçik və inhisar məngənəsindədir.

Natiq Cəfərli deyir ki, bu qovluğa baxan potensial investor həmən fikrindən vaz keçər:

“Hə, ola bilər ki, investor bunlara göz yumub, uzun zamana və region ölkələrinə yayılmağı düşünərək, Azərbaycanı seçsin, az da olsa belə bir ehtimal var, amma hər gün bu ehtimalın üzərindən hökumət qalın xətt çəkir”.

x

YAZARIN DİGƏR YAZILARI