Aktyor Eldəniz Zeynalovun oğlu böyrək çatışmazlığından əziyyət çəkir

Aktyor Eldəniz Zeynalovun oğlu, İrəvan Dövlət Dram Teatrının aktyoru Məmməd Zeynalov böyrək çatışmazlığından əziyyət çəkir. Dediyinə görə, 1 saylı Şəhər Kliniki Xəstəxanasından ona yer olmadığını bildiriblər. Məmməd Zeynalov dövlət xəstəxanalarından əlini üzüb, özəllərə üz tutub.

"195 manat birinci dializdir, bundan sonra isə hər dializə 75 manat ödəyirəm. İndi biz də məcburuq pul tapaq, dializə verək. Nə bilim, belədir də, çox çətindir. Allah haqqı, çox çətindir".

Hemodializlərdən sonra böyrək köçürülmə əməliyyatı olunmalıdır. Aktyor əvvəlki həyatına, işinə qayıtması üçün ölkə başçısı İlham Əliyevə müraciət edir.

"Xalq artisti mərhum Eldəniz Zeynalovun oğluyam. Onun sənəti ilə məşğul olmaq istəyirəm. Bu böyrək məni pis günə qoyub. Qoymur, bütün qanımı zəhərləyir, ikisi də yaxşı işləmir. İstəyirəm təcili olaraq böyrəklərimi dəyişim. Əməliyyat üçün də pul lazımdır. Yalnız cənab prezidentimiz İlham Əliyevdən kömək gözləyirəm. Onun xanımı Mehriban Əliyevadan kömək gözləyirəm".

Uroloq Vasif İsmayıl bildirir ki, xəstəliyin son dönəmində olanlar hemodializə getməsə, ölə bilər.

"Dövlət dəstəyi olmadan, cəmiyyətin dəstəyi olmadan, terminal böyrək çatızmazlığı yaşayan insanların insan günü görməsi mümkün deyil. Ən böyük problemlərdən biri budur ki, müəyyən regional mərkəzlərdə yer çatmır. Məsələn, Sumqayıtda yaşayan xəstəni Siyəzənə göndərə bilirlər. Tovuzda yaşayan xəstəni Gəncəyə yaza bilirlər. Böyrək çatışmazlığı olan insanlara hemodializ müəyyən qrafiklə olur. Bu qrafik həftədə 3 dəfə hər bir insan üçün təkrarlanmalıdır. Bu aparatların sayı məhduddur".

Vasif İsmayılın sözlərinə görə, dövlət xəstəliyin son dönəminə çatanlara yardım edir. Lakin böyrək çatışmazlığına səbəb olan xəstəliklərin çoxunun qarşısını almaq mümkündür:

"Boğaz ağrısı keçirmiş, ayağında yarası olmuş, məsələn, buğdaya qarşı allergiyası olan bu qrup xəstələr böyrək çatışmazlığına girir. Böyrək daşından ötrü neyrogen, sidik kisəsindən ötrü böyrək çatışmazlığı yaranırsa, o cəmiyyətin qiymətini onunla verirlər".

2017-ci ilin büdcəsindən xroniki böyrək çatışmazlığı ilə mübarizəyə 22 milyon manat ayrılıb. Nazirlər Kabinetinin 2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramında respublikada fəaliyyət göstərən 34 hemodializ mərkəzində 2800-dən artıq xəstənin hemodializ seansları ilə təmin olunduğu yazılır.

M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev Meydan TV-yə bildirib ki, xəstə Səhiyyə Nazirliyi nəzdindəki böyrək çatışmazlığı ilə bağlı komissiyaya müraciət etməlidir.


Kanala abunə ol - https://goo.gl/TcM9Fm

x

YAZARIN DİGƏR YAZILARI