Medianın ''qətlə yetirdiyi'' qadınlar

Women violence
Women violence Fotoqraf: DElight

Oktyabrın 30-da Azərbaycanda daha bir qadın qətlə yetirildi. Qəbələnin Kürd kəndində illərlə ailəsinin şiddəti altında yaşayan 31 yaşlı Xalidə bətnindəki körpəsini də özü ilə məzara apardı. Arxasında isə üç uşaq, bir də doğmalarına buraxdığı acı xatirələr qoydu. Atası dedi ki, qızı öz həyat yoldaşı tərəfindən işgəncə ilə öldürülüb, hətta qətldə qızının qaynanası və qaynatasının da əli var.

Bundan sonra Xalidənin timsalında qadınların qətlinə etiraz edənlər sosial mediada "Qadın qətllərinə son" həştəqi ilə statuslar paylaşdı. Xalidənin ölümü illərlə müzakirə olunan, amma hələ də açıq qalan sualları yenidən gündəmə gətirdi. Onun ölümünün təfərrüatları birtərəfli verildi, qəzetlər, saytlar bu qətli də sıradan bir cinayət hadisəsi kimi təqdim etdi. Beləcə, qadınların üzləşdiyi məişət zorakılığının sosial səbəbləri yenə də kölgədə qaldı.

"Təmiz Dünya" İctimai Birliyinin 13 qəzet və 4 onlayn media qurumunda apardığı monitorinqin nəticələrinə görə, 2010-2013-cü illərdə 383 qadın qətlə yetirilib: orta hesabla bir ildə 95 nəfər.

2015-cü ildə Gürcüstan İctimai İşlər Universitetində mediada dərc olunan xəbərlər əsasında (GİPA) Cənubi Qafqaz ölkələri üzrə qadın qətllərinin nisbətini hesabladıq. Məlum oldu ki, Azərbaycan əhalinin 100 min nəfərinə düşən qətllərə görə Ermənistandan da, Gürcüstandan da öndədir.

Bir il sonra diplom işi üçün 2010-2015-ci illərdə 3 saytın ("lent.az", "qafqazinfo.az", "trend.az" ) və bir qəzetin onlayn versiyasında ("musavat.com") partnyorları tərəfindən qətlə yetirilən qadınlar haqqında dərc olunan yazıları araşdırdım. Məqsəd medianın məişət zorakılığı zəminində törədilən qətlləri adi cinayət, yaxud sosial problem kimi təqdim etdiyini aydınlaşdırmaq idi.

Ümumilikdə, 318 məqalə müxtəlif meyarlara görə analiz ediləndən sonra məlum oldu ki, 2010-2015-ci illərdə qeyd olunan media qurumları partnyorları tərəfindən qətlə yetirilən 202 qadının ölümü haqqında yazıb.

Araşdırma göstərdi ki, qadınların 66.2 %-i nigah müqaviləsi, 9%-i vətəndaş nigahında yaşadığı həyat yoldaşı, 13.1 %-i keçmiş həyat yoldaşı, 10.1 % sevgilisi, 1.5 %-i nigah müqaviləsində olan, amma ayrı yaşadığı həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Məqalələrin 61.9 %-də qətlin şəhər, 37.4 %-də bölgələrdə törədildiyi yazılsa da, 1.3 %-də məkan qeyd olunmayıb.

Başqa bir məsələ yazıda istifadə olunan mənbələrlə bağlı idi. Jurnalistlərin ən çox istifadə etdiyi mənbələr polis (31%), prokurorluq (24%) və məhkəmə orqanları (14%) olub. Yazıların 2.5 %-də məlumatı verən mənbə göstərilməyib.

Miçiqan Dövlət Universitetinin professoru Stiv Çermak yazır ki, hüquq-mühafizə orqanları cinayət xəbərlərinin ictimailəşdirilməsində gözətçi rolunu oynayır. Mediaya hansı xəbərin çıxıb-çıxmayacağına həm də onlar qərar verirlər. Nəticədə bu xəbərlərin əksəriyyəti mediada polis perspektivindən dərc olunur. Kriminal xəbər yazarları hüquq-mühafizə orqanları ilə gələcəkdə əməkdaşlığın kəsilməməsi üçün xəbərləri ancaq bu kontekstdə təqdim edirlər. Bu mənada polislər vəkil və sosial işçilərlə əks qütblərdə dayanırlar.

318 məqalənin yalnız 1-də qeyd olunur ki, vəkil məhkəmədə bir cümlə ilə çıxış edib qarşı tərəfin vəsatətinə etiraz etmədiyini bildirib. Yazılarda psixoloq, yaxud sosioloq mövqeyinə rast gəlinməyib.

Bu uçurum sayəsində əksəriyyət psixoloq və sosioloqla kontaktda olanlara "problemli" adam kimi yanaşır. Azərbaycan cəmiyyətində bu stereotip hələ də dağılmayıb. Bu münasibət rayon yerlərində daha sərtdir. Savadsız, psixoloq dəstəyinə ehtiyacı olan qadına, yaxud kişiyə psixoloqla məsləhətləş deyəndə "Mən dəli deyiləm!" deyir. Çünki psixoloq yanına artıq idarə olunmayan, əsəbləri tamamilə sıradan çıxan adamları ya aparırlar, ya da aparmırlar. Həmin adam elə kəndin içində dəli-divanə kimi dolaşır. Ətrafındakılara isə həmin adamın keçmiş hekayəsini danışmaq qalır.

Məhz sosial işçi və psixoloqların kənarda saxlanması ailə daxilində baş verən zorakılıqları sosial problem kontekstindən çıxarıb sıradan kriminal xəbər sırasına salır. Üstəlik, baş verənlərə görə hökumətin məsuliyyətini arxa plana keçirir.

Qətllərin xarakteristikasına gəlincə, məqalələrin 20.8 %-də ölüm hallarının ailə-məişət, 11.9 %-də münaqişə zəminində baş verdiyi, 71.4 %-də adi qətl kimi törədildiyi qeyd olunub. Yazıların 84 %-də qurbanın əvvəllər məişət zorakılığına məruz qalıb-qalmadığı haqda hər hansı məlumat verilməyib.

Yalnız iki məqalədə zorakılığa məruz qalan qadının yaxınları onun sağlığında önləyici tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Birinci halda polis qadını təhdid edən narkotik aludəçiliyi və kriminal keçmişi olan həyat yoldaşına xəbərdarlıq etməklə kifayətlənib. İkincisində isə polis nəzarət altına aldığı şəxsi iki gün sonra azadlığa buraxıb. Hər iki halda qadın öldürülüb.

Bundan başqa, problemin miqyasını göstərən statistik məlumatlara istinad olunmayıb, aksiyalar və ərazidə daha öncə eyni xarakterli qətlin baş verib-vermədiyi qeyd olunmayıb.

Bir sözlə, ölümlə nəticələnən məişət zorakılığı halları yazılarda sosial problem yox, fərdlərin şəxsi məsələsi kontekstində qoyulub.

İspaniyanın Rovira i Virgili Universitetinin professoru Dolors Comas d'Argemir 2003-2013-cü illərdə Kataloniya (İspaniyada muxtar vilayət) televiziyalarının qadın qətlləri ilə bağlı yayımladığı süjetlərin monitorinqini aparıb.

Məlum olub ki, Kataloniya televiziyaları qadınlara qarşı məişət zorakılığı terminalogiyasından gen-bol istifadə edib, nəticədə cəmiyyət qadınların qətlə yetirilməsinə təpki göstərib.

Azərbaycanda isə, saytlar oxucular üçün qeybət çəpərinə çevrilir. Medianın üzərinə düşən ictimai yük tamamilə kənara atılır. Eyni problemləri yaşayan qadın, yaxud kişi özünü bu yazılarda görə bilmir və çözüm imkanlarından məhrum olur. Gərginlik və ənənvi çıxış yolları isə faciəylə, ölümlə nəticələnir.