''Birdən anladım ki, böyük otaqda şikəst və tək qalmışam...''

Nazlı Ağayeva
Nazlı Ağayeva

Nazlı Ağayeva: "Bu yaşda paytaxta üz tutub, özünü təsdiq etməkdən söhbət gedə bilməz"

Azərbaycanda paytaxt və bölgələr arasında olan yaşayış, rifah, infrastruktur fərqinin kəskinliyi bəzi problemlər yaradır. Məsələn, bölgələrdə qazanc yerləri ilə yanaşı, mədəni-sosial həyatın demək olar ki, yoxluğu, əyalətlərdən paytaxta sonsuz bir beyin axınına səbəb olur. Bölgələrin intellaktual, yaradıcı insanları özlərini ifadə etməyin tək yolunu paytaxta köçməkdə görürlər.

Amma qalanlar da olur. Bu fədakar və möhkəm insanlar öz doğma bölgələrini uğur qazanmaq naminə olsa belə, tərk etməkdən imtina edirlər. Beyinlərini, ziyalarını öz rayonları, kəndlərində saxlayır, onlarla eyni həyatı, taleyi yaşayan insanlara dəstək olurlar. Publisist Nazlı Ağayeva da belə insanlardandır.

- Nazlı xanım, əvvəlcə özünüzdən bir az danışın. Məsələn, necə bir ailəniz, uşaqlığınız, gəncliyiniz olub? Və uşaqlığınızın, gəncliyinizin Qəbələsi ilə indinin Qəbələsini nələr ayırır?

– Rayonda ən ucqar kəndin böyük ailələrinin birində doğulmuşam. Mən qızlardan ən kiçiyi idim. Məndən sonra isə yalnız bir qardaşım olub. Qalanlar bizdən çox böyük idilər. Biz uşaq olanda ərdə bacılarım, evli qardaşım vardı. Kəndimiz fermadan, əkin sahələrindən ibarət tipik sovet kəndi idi. O kəndin uşaqları analarının dalınca fermaya, atalarının dalınca mal-qara otarmağa gedə-gedə böyüyürdülər. Boş vaxtlarında məktəbə gedən uşaqlara çox vaxt bizdə olan bibim oğlu və böyük qardaşım dərs deyirdilər. Bütün günü evdə gördüyüm "böyük uşaqların" qarşısında dinməz oturmaq rəsmiyyətindən sıxılsam da, məktəbi çox sevirdim. Çünki evdə böyüklərin buyruqlarına qatlaşmaq işgəncə idi. Amma mümkün olan bütün yerlərimdə gizlətdiyim kitablarla bu işgəncəni sıfıra endirirdim. Fürsət tapdıqca, erkən yaşlarımdan dünya ədəbiyyatının əlimə çatan bütün nümunələrini oxumuşdum. Başqa qızlar kimi toylara getməzdim, bacılarımın uşaqlarını saxlamağa gedəndə də, insanların ortalıqda oynamaqlarından utanırdım, əsas da ki, ortada özümüzünkülər olanda qaçıb gizlənərdim. İndiki Qəbələ o zaman Qutqaşın idi. Tükənməkdə olan bizim nəsil üçün həmişə də Qutqaşın kimi qalacaq. Mənim uşaqlığımın, gəncliyimin keçdiyi Qutqaşını indinin Qəbələsindən kiçikli-böyüklü basmaqəlib adamlar ayırır. Biz belə şükran və laqeyd deyildik.

Adətən savadlı, bacarıqlı insanlar xüsusilə də gəncliklərində paytaxta gəlmək, özlərini paytaxtda təsdiq etmək istəyirlər. Necə oldu ki, əyalətdə qalmağı seçdiniz?

– İnanın ki, gəncliyimdə özümü təsdiq etmək barədə düşünməyə vaxt tapmırdım. Evimizin sıravisi olsam da, bütün qayğıların qarşısına atılıb, nəsə etməyə çalışırdım. Himayəsindəki yetim bacılarına və qucağındakı körpəsinə görə (bacımın atası qəfil vəfat edibmiş) özünü sığındığı ağır ailədə daim oda-közə vuran anamı azca olsa da, xoşbəxt etmək üçün... Əslində, mən hərəsi təxminən iyirmi il yaşamış nakam xalalarımı görməmişdim. Bacım da mən doğulan illərdə ərə getmişdi. Amma anamın zərif və zəif canında bu travmalar əbədi yaşayırdı. Hərçənd atam və evin birinci qadını o yetim qızları da, anamın körpəsini də övladları kimi sevmişdilər. Amma fələk anamın cəzasını ömürlük kəsərək, onu daimi bir peşmanlıq içində göynədirdi. Çünki mənim ipək anam ən çarəsiz vəziyyətdə belə, kimsənin haqqına girməyi özünə bağışlamazdı.

Atamı və o möhtəşəm qadını – bizim böyük anamızı itirdikdən sonra o kənddə və o evdə özünə yer tapa bilməyən anamı yerli qəzetdə qışda ocaqçı, yayda xadimə ştatı ilə işlədiyim rayon mərkəzinə apardım. O vaxtdan anamla bərabər çətin, lakin mənalı bir həyata başladıq. Əvvəllər rayondan anama görə ayrıla bilmədiyimi düşünürdüm. Zaman keçdikcə bunun bəhanə olduğunu anladım. Çünki anam yuvasından qopmuşdusa, əyalət, yaxud paytaxt onun üçün fərq eləməzdi. Üstəlik, şəraitə məndən yaxşı uyğunlaşırdı. Demək ki, məsələ özümdəymiş. Çünki artıq altı ildir anam yoxdur. Məni bu yerlərdə tutacaq heç bir səbəb qalmasa da, hələ bu işğal şəhərdə çürüməkdəyəm. Təbii ki, daha bu yaşda paytaxta üz tutub, özünü təsdiq etməkdən söhbət gedə bilməz, sadəcə özünü təslim üçün getmək olar.

– Qadın...yazmaq, ictimai həyatda olmaq. Bunlar nəinki rayon yerində, bəzən heç Azərbaycanın böyük şəhərlərində də normal qəbul olunmur. Sizsə bu həyatı əyalətdə yaşayırsız. Nəsə narahatlığı varmı?

– Əyalətdə nəinki yazmaq, ictimai həyatda olmaq, sadəcə şüurlu qadın olmaq kifayətdir ki, özünə daha başqa bəla axtarmayasan. Nə var-nə var, hansısa əttökən standartlara cavab vermək istəmirsən. Vay, yazıq! Əyalət qaymaqlarının dilinə düşən kimi kitabın bağlanacaq. Müəllimələr anında ünsiyyətdə olduğun, ürək qızdırdığın hər kişini şəxsi hesabına yazıb, əxlaqşüvənlik edəcəklər. Sənə yaratdıqları "bulanıq" fonda özlərinin nümunəvi təmiz qadın olduqlarını qabartmaq üçün dondan-dona girəcəklər. Müəllimlər salamlaşarkən əlini ovuclarında saxlayıb, ətrafın sənin kimi istedadlı xanımı anlamamasından kədərləndiklərini söyləyəcəklər. Gözünün içinə baxaraq, əyalət həyatının necə sıxıcı olduğundan şikayətlənəcəklər. Sən gözlənilən reaksiyanı verməyib, beş addım uzaqlaşmamış rastlarına çıxan ilk tanışa göz vurub, arxanca sözlü-sözlü elə baxacaqlar ki, bir az əvvəl guya burda gecələmək üçün otel seçimi-zad gedirdi.

Mən uzun illər bu əyalət "kino"sunun içində olmuşam. Böyük bir rayonun tək mirzəsi olub dərdini, problemini yazdığım adamların əslində mənə dəli kimi baxdıqlarını bilə-bilə qapımı onların üzünə bağlamamışam. Hansısa sərt yazıdan sonra üzünü çevirib gedənləri sonradan utanmasınlar deyə görməzdən gəlmişəm. Məndən sonrakıların daha sivil şərtlərlə qarşılaşdıqlarına və qarılaşacaqlarına əminəm. Nə də olsa, artıq internet əsridir, əyalət də bu baxımdan çox dəyişib.

– Siz həm sovet, həm keçid dövrü, həm də müasir dövrün jurnalistikasını görmüsünüz. Hər üç dövrə qısa qiymətləndirmə verə bilərsinizmi?

– Sovet dövründə pafos var idisə də, əksər auditoriyalar əsl sözdən ötrü hayıl-mayıl olurdular. Sanballı yazılar əl-əl gəzib təkrar-təkrar müzakirə edilirdi.

Keçid dövründə dünənki "yoldaş"dan ertəsi gün isti-isti "bəy" kimi yazmağın çaşqınlığı yaşanırdı. Biz bir növ hadisələrin axınında itib-batmamaq üçün çabalayardıq.

Müasir jurnalistikanın texniki imkanları çoxdur, hayıf ki, həmin quru və soyuq imkanlar bəzən mənəvi tərəfi dondurur. Operativlik baxımından müsbət irəliləyişdir, sadəcə peşəkarlıq, səviyyə arxa plandadır.

– İnsanlar nə qədər dinc, etirazsız həyat yaşasalar, hamını da bu həyata dəvət etsələr də, başlarına bir iş gələn kimi, rayondakı bir-iki müxalifətçinin yanına pənah aparırlar. Rayonun ictimai həyatını bilən bir ziyalı kimi bu fikirlə razısınızmı?

– Amma bir az xəlvət pənah aparırlar, əgər ordan bir şey çıxmasa, yenidən hökumətə üz tutacaqlar. Ki, bəs tutaq ki, həmin Nazlı məni sizdən yazmaq üçün tovladırdı. Amma görürsüz, mən sizin yanınızdayam. Adamın işi düzəlir, bu da bir şeydi... Təbii, istisnalar da olur. Sənin vaxtının və öz mənliyinin dəyərini bilənlər mədəni və təvazökar şəkildə müarciət edirlər. Amma hamısında sənin bunu eləməyə borcun varmış kimi bir yanaşma hiss olunur.

– Həyatınızı azərbaycanlı bir jurnalist, qələm adamı kimi qurduğunuzu düşünürsünüzmü? Sizcə, həyatınızda nələr daha fərqli ola bilərdi? Və bu fərqli ola bilib, amma olmayanlar sizin özünüzdən, yoxsa yaşadığınız ölkədəki şərtlərdən asılı idi?

– Həyatımın yaradıcı hissəsində cüzi bir şeylər alınıb kimi görünür. Bunu səkkiz il əvvəl düçar olduğum dəhşətli qəzadan sonra hiss etdim. Xəstəxanadan evə gətirildiyim vaxtlar ziyarətçilərim içəri keçmək üçün növbə gözləyirdilər. Demək də birtəhər çıxır, amma inanın ki, onların hamısı müxtəlif vaxtlarda qazandığım oxucularımdı.

Gənc yaşlarımda ailə qurmaq xəyallarımı yazmaq həvəsi, işləmək tələbi üstələdi. Anamla yaşadığım illərdə isə ətrafımızdakı çoxlu doğmaları özümə ailə hesab etməyə başladım. Çünki onların hər birinin həyatında bacardığımdan dərin-dayaz bir izim vardı. Anam sanki məni dünyaya başqalarının əskiklərini doldurmaq üçün gətirmişdi və ən əsası da mən bundan məmnun idim. Əvvəl o lənət qəza, ardınca o qəzanı qaldıra bilməyən anamın ölümü hər şeyi dəyişdi. Bax, onda birdən anladım ki, çox vaxt gecələr yatmağa yer tapmadığım böyük otaqda şikəst və tək qalmışam. Hansı ki, fərqli yollar da vardı. Sadəcə mən o yollardan keçmədim. Anamdan sövq-təbii özümü həsr etməyi öyrənib, bunu daha uğurla və geniş auditoriyalara tətbiq etməyə nail oldum. İçimdən bir hiss deyir ki, əgər fərqli həyatım olsaydı, (ən azından YAP qadınlar şürasının sədri kimi, məsələn) çoxsaylı doğmalarımdan ayrı düşməzdim. Amma bu qədər sevdiyim və məni təmənnasız sevən istəkli, əziz, fədakar dostlarım da olmazdı. Heç mən də bu gözəl, səmimi tribunada olmazdım.

Bu gün seçdiyim, keçdiyim yollara baxanda məmnunam deyə lovğalana bilmirəm, amma özümə sual verəndə ki, "bəs onda kim olacaqdın", o saat ağlıma vəzifə kürsülərində özlərini tutan, özgələri tutduran imkanlı, təmtəraqlı, saxta müəllimələr gəlir... O andaca zamanın və ölkə adlanan amansız məkanın bütün ağır, hətta dözülməz şərtlərinə rəğmən özümü hələ də itirmədiyimə sevinirəm. Hətta mənim kimi kədərli adam sevindirə bilirsə, bunun zəif də olsa müsbət bir şey olduğunu düşünürəm...