SOCAR-dan tendersiz layihə qazananlar

Bakı Olimpiya Stadionu əvvəlcə TOCA-ya, sonra isə “Tekfen İnşaat”a həvalə edilib

SOCAR-ın son 10 ildə həyata keçirdiyi layihələrin böyük əksəriyyətində TEKFEN-nin adına rast gəlirik. Bir növ türk şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iş ortağına çevrilib. Son birgə işlərdən biri 65 min yerlik Bakı Olimpiya Stadionunun tikintisidir. 

Rəsmi məlumatlarda stadionun sifarişçisi İdman və Gənclər Nazirliyidir. SOCAR podratçı, "Tekfen İnşaat və Təsisat A.Ş." şirkəti isə (bundan sonra qısa olara "Tekfen İnşaat") subpodratçı olaraq gedir. Olimpiya stadionunun layihələndirilməsi ilə bağlı işlərə 2008-ci ildən başlanıb. Onun layihələndirilməsi Türkiyənin "TOCA Memarlik" (The Office of Contemporary Architecture) şirkəti tərəfindən həyata keçirilib.

“Təcili təlabatlı” layihə təcrübəsiz neft şirkətinə verilib

Ölkənin ən böyük stadionunun tikintisi üçün tender keçirilməyib. İdman və Gənclər Nazirliyi sorğuya cavab olaraq bildirir ki, Bakı Olimpiya Stadionunun tikinti işləri üzrə baş podratçı təşkilat qismində “Dövlət Satınalmaları haqqında” Qanunun 21-ci maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti seçilib.

Rəsmi qurumların cavabı

“Bir mənbədən satınalma metodundan istifadə şərtləri” adlanan bu maddənin müddəalarından belə aydın olur ki, təcili təlabat yaranarsa, tender keçirilməyə bilər. Lakin bunun üçün müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə edə bilər.

Layihəsi 2008-ci ildə hazırlanmağa başlanan, təməli 2011-ci ilin ortalarında qoyulan və 2015-ci ildə təhvil verilməsi planlaşdırılan stadion nə dərəcədə təcili təlabatlı olub? Əgər təcili təlabat olubsa, niyə stadion tikintisində heç bir təcrübəsi olmayan, ölkənin neft-qaz siyasətini müəyyənləşdirən bir dövlət şirkəti podratçı olaraq seçilib? Təəssüf ki, “niyə məhz SOCAR-ı seçmisiniz” sualına nazirlik aydınlıq gətirmir.

SOCAR isə tikinti işlərinə ilkin məlumatlarda “TOCA Memarlik” adlı türk şirkətini cəlb etdiyini göstərir.

Adıçəkilən türk şirkəti stadionun layihəsini hazırlamaqla yanaşı,  tikinti işlərinə də nəzarəti həyata keçirməyə başlayır. TOCA layihənin ümumi dəyərinin 1 milyard dollara başa gələcəyini desə də (Mənbə: biriki) Azərbaycan rəsmiləri tərəfindən bu rəqəm ciddi-cəhdlə təkzib edildi.

TOCA şirkəti stadion tikintisindən qəflətən niyə uzaqlaşdırıldı?

Layihənin sifariçisi İdman və Gənclər Nazirliyi olduğuna görə düşünmək olardı ki, qurum TOCA şirkətinin seçilməsi prosesində iştirak edib. Nazirlik isə “İnformasiya əldə etmək haqqında” Qanunun 23.1 bəndini əsas gətirərək, türk şirkətilə bağlı sorğumuzu Dövlət Neft Şirkətinə göndərdiyini bildirdi.

Sorğuda göstərilirdi ki, stadionun təməlqoyma mərasiminə kimi tikinti prosesində adıçəkilən şirkət 2011-ci ilin iyun ayından sonra niyə qəflətən qeybə çəkildi.

SOCAR TOCA-nın tikinti işlərindən uzaqlaşdırılmasının səbəbini şirkətin müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqələndirdi: ““TOCA Mimarlik və Proje Uyqulama Ticaret Limited” tərəfindən görülən işlər FİFA və UEFA-nın bu sahədə tətbiq etdiyi standartların tələblərinə cavab vermədiyi üçün, eləcə də müavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğundan, sorğuda qeyd etdiyiniz xidmətlərin göstərilməsindən SOCAR tərəfindən imtina edilib. Bu barədə SOCAR TOCA şirkətinə rəsmi qaydada bildiriş göndərib”.

Layihələndirmə üçün TOCA-ya ödənilən vəsait isə bəlli deyil. Dövlət büdcəsinin investisiya xərclərindən 2013-2014-cü illər üzrə 480 milyon manat (həmin dövrün məzənnəsi ilə təqribən 610 milyon dollar) ayrıldığı göstərilir. Lakin 2008-2012-ci illərdə layihələndirmə, torpaqbərkitmə işləri üçün nə qədər vəsait ayrıldığı bəlli deyil. SOCAR-ın hesabatlarında da yoxdur. Hər halda, TOCA Memarlıq layihəni pulsuz hazırlamayıb. Dövlət büdcəsində görünən pul isə 2013-cü ildən sonra "Tekfen İnşaat"a ayrılan vəsaitdir.

Bakı Olimpiya Stadionu tikiliş zamanı - 2014-cü il
Bakı Olimpiya Stadionu tikiliş zamanı - 2014-cü il.

TOCA-nın yaranışı...

Suallarımıza cavabı türk şirkətinin saytında axtarmağa çalışarkən başqa faktlarla rastlaşdıq. TOCA-nın toca.com.tr saytında 29 layihənin 15-nin Azərbaycanda həyata keçirildiyi göstərilir. Həmin layihələrin sırasında Bakı Şəhərlərarası Avtovağzalın, Bakı Neft Muzeyinin, SOCAR-in yeni inzibatı binasının, "Sahil Bağı" Avtomobil Parkının, “Azər Toxum”MMC-nin Toxumçuluq Zavodunun, Böyük Şor Gölü Masterplanın, Enerji və Sənayə Nazirliyinin binasının (indiki Energekita Nazirliyi-red) və sair obyektlərin adları çəkilir. Halbuki, bu layihələrin yarıdan çoxu reallaşmayıb, ya da başqa şirkətlərin layihələndirməsi əsasında tikinti işləri aparılır.

15 layihənin içərisində Bakı Olimpiya Stadionunda TOCA-nın iştirakı da qeyd olunur. Saytda layihənin 2006-2010-cu illərdə həyata keçirildiyi bildirilir. Halbuki, 2006-ci ildə TOCA adlı bir şirkət olmayıb. İstanbul Ticaret Odasi Firma Sicil Bilgilərinə əsasən, şirkət 2008-ci il aprelin 16-da qeydiyyatdan keçib. Nizamnamə kapitalı isə 100 min TL-dir.

Elə həmin il, üzərindən 9 gün keçəndən sonra aprelin 25 –də "Toca mimarlık və proje uygulama ticaret Limited şirkəti” nin Azərbaycan Respubilkasındakı filialı” adı ilə Azərbaycanda qeydiyyatdan keçib.

Qeydiyyat nömrəsi (VÖEN): 1301641851
Təmsilçi- Erdinç Çiftçi
Qeydiyyat tarixi - 25.04.2008
Hüquqi ünvan- AZ1006, Bakı şəh. Yasamal ray. Tağı Şahbazi. ev 5, mən. 8.

İxtisasca memar olan Erdinç Çiftçi TOCA-nın saytında şirkətin Türkiyə üzrə ofisinin genel müdiri olaraq adı keçir. İstanbul Ticaret Odasının məlumatlarında isə Çiftçinin müdir olaraq 2012-ci ilin noyabr ayına qədər çalışdığı, daha sonra yerinə Ayşegül Şule Turanlı adlı bir şəxşin təyin olduğu göstərilir.

Belə aydın olur ki, “təcili təlabat”lı bir layihə üçün 2008-ci ildə həm Azərbaycanda, həm Türkiyədə şirkət qeydiyyatdan keçib və elə həmin ildə də SOCAR-dan sifariş alıb.

Memar Erdinç Çiftçi “Azadlıq radiosuna” verdiyi açıqlamada Olimpiya Stadionu ilə bağlı təklifin Bakıdan gəldiyini deyib və bunun üçün tender keçirilmədiyini bildirib: “ARDNŞ seçimi layihələr arasında yox, şirkətlər arasında aparıb. İddialı layihədir. Azərbaycanın bir istəyi vardı - adını dünyada duyura biləcək, inkişafını göstərəcək bir layihə gerçəkləşsin».

TOCA şirkətinin yetkililəri ilə görüşmək üçün saytlarında yer alan ünvana yollandıq. Baxmayaraq ki, 1 ay öncədən görüş üçün vaxt ayırmaq istədik, bizə bu imkanı yaratmadılar. Görüş almasaq da, ünvana getmək qərarına gəldik və sürprizlə qarşılaşdıq. Türkiyədəki həmin ünvanda TOCA deyil, "DHT Holding"in ofisi yerləşirdı. "DHT Holding"lə bağlı araşdırma apardıqda həm İstanbul Ticaret Odasında, həm də hər iki şirkətin saytında holdinqin TOCA ilə eyni qeydiyyat ünvanında və telefon nömrəsində oturduğu görünür.

"DHT Holding" azərbaycanlılara da tanışdır. Holdinq Dağıstan, Hakan və Oğuzhan Turanlı qardaşlarına məxsusdur. TOCA-nın müdiri olaraq adı gedən Ayşegül Şule Turanlının bu qardaşlarla eyni soyad daşıması da təsadüf olmaya bilər.

Adiçəkilən holdinqin Azərbaycanda DHT Metal Zavodu, “Azərtoxum”, “Azəryem”,” Azəraqro”, "AST İnşaat" kimi şirkətləri fəaliyyət göstərir. Bunların bir neçəsinin adına TOCA-nin layihələrinin sırasında rast gəlirik.

DHT Azərbaycanda daha çox Mərkəzi Bankın və "Beynəlxalq Bank"ın baş ofislərinin binasını tikən şirkət olaraq tanınır. Eyni zamanda Dərnəgüldə yerləşən Metal Zavodunun açılışına Türkiyənin keçmiş prezidenti Abdullah Gülün gəlişi də əsas xəbərlərdən birinə çevrilmişdi.

2012-ci illərin əvvəllərində Turanlı qardaşları Azərbaycanı tərk etdi. Onlar bunu Metal Zavoduna edilən hücumlarla əlaqələndirdilər. Bildirildi ki, “Baku Steel Company”-yə aid şəxslər Metal Zavoduna hücum çəkərək, avadanlıqları dağıdıb və nəticədə Turanlı qardaşları xeyli zərər görüb.

TOCA faktiki olaraq Turanlı qardaşlarına məxsus bir memarlıq şirkətidir. Belə görünür ki, 2011-ci ilə kimi iqtidarla, xüsusilə SOCAR-la münasibətləri yaxşı olan DHT TOCA-nı yaradaraq, Olimpiya Stadionun tikintisində iştirak etməyə çalışıb.

Olimpiya stadionu neçəyə başa gəlib?

Onlar ölkəni tərk edəndən sonra bir müddət stadionun tikintisində fasilələr yaranıb. Olimpiya Stadionunun təməlqoyma mərasimi prezident İlham Əliyevin iştirakı ilə 6 iyun 2011-ci ildə keçirilib. 2013-cü ilin fevralın 27-də SOCAR-la "Tekfen İnşaat" stadionun tikintisi üçün tender keçirilmədən birbaşa müqavilə bağlayıblar. Belə görünür ki, stadionu tikəcək şirkər 1 il yarım məlum olmayıb. Bu müddət ərzində SOCAR ərazidə əhalinin köçürülməsi, torpaqbərkitmə işləri həyata keçirib. Bu zaman SOCAR-ın nə qədər xərc çəkməsinə dair hesabatlarda, dövlət sənədlərində hər hansı bir məlumat göstərilmir. Layihələndirməyə və geoloji işlərə ayrılan vəsaitləri də hesablamalı olsaq, layihənin real dəyərinin göstərilən rəqəmdən də xeyli çox olduğunu deməyə əsas var.

İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olmuşdur FOTO
İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olmuşdur FOTO.

"Tekfen İnşaat"la SOCAR arasında bağlanan ilkin müqavilə dəyərinin 717.7 milyon dollar olduğu göstərilir. Amma son olaraq, layihənin dəyəri “şişərək” “Tekfen”ə çatan pay 810 milyon dollar olub. Bu xərclər bir neçə istiqamətdə ayrılıb. Hesabatlarda xərc istiqamətlərindən biri “Olimpiya Stadionu” olaraq 640,5 milyon dollar, digəri “Bakü Olimpiyat Stadı Açılış Gösterilerine Ait İşler” aid xərclər altında 5.8 milyon və “Bakü Olimpiyat Stadı İlave İşler” bölməsi adı altında 167,3 milyon dollar göstərilir. Əgər geoloji və layihələndirmə işlərini də nəzərə alsaq, o zaman ilk dövrdə çıxan “1 milyard dollarlıq layihə” ilə bağlı xəbərlərin heç də yalan mənbədən gəlmədiyini deyə bilərik.

Ümumiyyətlə, mətbuatda SOCAR və “Tekfen İnşaat”ın bir sıra layihələrində, habelə iş birliklərində kifayət qədər qanun pozuntularına rast gəlindiyi qeyd olunur. Məqalələrdə qeyd olunur ki, birgə müəssisə təsis edərək, tendersiz layihələr alıblar. SOCAR TOWER və Olimpiya stadionunun tikintisi ətrafında qalmaqallı məqamlar yer almaqdadır:

SOCAR - “Tekfen” - “Azfen” üçbucağı

"Tekfen”dən ortaqlarına ziddiyyətli hesabat

SOCAR-ın türkiyəli tərəfdaşı nəhəng tikinti layihələrini udur

“Şişmiş” layihə

65 min tamaşaçı tutumu olan bir stadiona xərclənən 1 milyarda yaxın vəsait nə dərəcədə real xərcdir? Araşdırmalar göstərir ki, dünyada belə analoqlu layihələr 400-500 milyon dollara başa gəlir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev mətbuata açıqlamasında əsas nümunə kimi Londonda tikilən stadionun götürüldüyünü vurğulamışdı. Londonda tikilən olimpiya stadionu 80 min nəfərlik tamaşaçı yeri ilə 486 milyon funt-sterlinqə (790 milyon dollar) başa gəlib. Nəzərə almaq lazımdır ki, London Bakı ilə müqayisədə çox bahalı, xidmətlərin, mal-materialların qiymətləri yüksək olduğu bir şəhərdir.

Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu.

Bundan əlavə, 91 min nəfərlik tamaşaçını qəbul etmək imkanı olan Çin Olimpiya Stadionu isə 423 milyon dollara tikilib.

Qonşu Türkiyə ilə müqayisə etsək, 52,6 min nəfərlik “Türk Telekom” Arensına 128 milyon avro xərclənib...
Azərbaycanda isə yalnız “Tekfen İnşaat” vasitəsilə stadionun tikintisinə yönələn vəsait 810 milyon dollar olaraq göstərilir. Digər xərclər isə gizlədilir.

Əlavə sənədlər

Sənəd 2014-cü ilə aiddir. Dollarla
Sənəd 2014-cü ilə aiddir. Dollarla.

2015-ci ilin 1 –ci rübü. Dollarla
2015-ci ilin 1 –ci rübü. Dollarla.

x

YAZARIN DİGƏR YAZILARI