Xalq və elita mədəniyyəti

SOSİUM

 

YARAT
YARAT

Mədəniyyət nədir?

Sual pafoslu səslənir, elə deyilmi ? Mədəniyyətin ən açıqlayıcı və sadə təriflərindən biri belədir “Mədəniyyət – insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən nəsilə ötürdüyü maddi və mənəvi dəyərlərdir”. Bu təriflə mədəniyyət öz pafosunu itirir, ancaq həm də çox sadə şəkildə özünün nə olduğu ilə bağlı insanlarda təsəvvür yaradır. Pafos həm də bilik tam çatışmayanda, hansısa ifadə olunmazlıqda üzə çıxır.

Mədəniyyətin cəmiyyətdə yaşayan insan tərəfindən yaradıldığını bildikdən sonra , ikinci sual ortaya çıxır. Hansı insan ? Bu sual bizim bugünki mövzumuzdur. Mədəniyyəti hansı insan yaradır? Bu mənada mədəniyyət onu yaradan insanların cəmiyyətdə tutduqları mövqelərindən asılı olaraq, elitar və kütləvi mədəniyyətə bölünür.

Azərbaycan nümunəsində göstərməyə çalışsaq, deyə bilərik ki, Axundovdan sonra yaranan Azərbaycan maarifçilərinin yaratdığı mədəniyyət, elitar mədəniyyət idi. Xalqın oxumuş təbəqəsi, elə xalqın öz içindən çıxan və onları daha üstün gördükləri qərb mədəniyyətinə yaxınlaşdırmağa çalışan insanların mədəniyyəti. Üzeyir Hacıbəyovun musiqi əsərləri, CəfərCabbarlının pyesləri və ya Molla Nəsrəddin jurnalı, bunlar hamısı həmin dövrdə Azərbaycanın elitar mədəniyyətdi idi. 

Xalq mədəniyyəti isə daha çox folklor nümunələrindən təşkil olunur. Bu nümunədə elitar mədəniyyətlə, azlığın yaratdığı mədəniyyətlə, xalq mədəniyyəti arasında elə bir kəskin qarşıdurma görmürük. Əksinə adıçəkilən insanlar, hazırda bizə o qədər doğmadır ki, artıq onları heç elitar və ya xüsusi bir zümrə olaraq görmürük.

Bəs, nə üçün yazının mövzusu bu iki fərqli mədəniyyət növü haqdadır? Çünki bunlardan biri mahiyyətini dəyişib, tamam fərqli bir anlayışa, Elitizmə çevrilə bilər. Elitizm hər şeydən əvvəl siyasi baxışdır. Bir qisim insanın , zümrənin idarəetmə haqqına sahib olduğunu iddia edir. Hazırda ölkəmizin siyasi müstəvisində biz bu vəziyyətin şahidi oluruq. Elitizm mədəniyyət müstəvisinə keçəndə isə yenə də Azərbaycanı nümunə olaraq gətirsək, ortaya “Yarat” çıxır.

İlk olaraq, qəbul etmək lazımdır ki, “Yarat” Azərbaycan ərazisində mövcud olan mədəni hadisədir. Ancaq biz heç cürə bu hadisəyə Azərbaycan mədəniyyəti deyə bilmirik. “Yarat” Azərbaycan ərazisində sadəcə yerləşir, burda yaşamır. Çağdaş Azərbaycan mədəniyyəti, necə mümkündür ki, öz reallığını nəzərə almadan, yarandığı ərazini görməzdən gələrək mövcud ola bilsin ? “Yarat” bir mədəni hadisə olaraq hansı diskursa söykənir ? “Yarat”ın yaratdığı və şəhərdə sərgilənən heykəllər sizə nə deyir ? Siz o heykəlləri ümumiyyətlə yadda saxlaya bilirsinizmi ? Mədəniyyət yaratmaq, zənnimcə nəyisə dizayn etməkdən daha artıq olmalıdı, elə deyilmi?

Burada bir haşiyə çıxmaq istərdik. Yuxarıda yazılan, mədəniyyətin pafosu məhz budur. Mədəniyyətə çoxlu açıqlayıcı təriflər vermək olar, ancaq mədəniyyət həmişə o təriflərdən daha artıqdır. Mədəniyyət onun tərifidir, ancaq həm də o deyil. Bu zəka ilə açıqlanmayan, duyğularla qavranan bir fenomendir.

“Yarat” daha çox mədəniyyət nümunələrinin istehsal edildiyi zavod təsiri bağışlayır. Şəxsən tanıdığımız bir çox adam “Yarat”a maddi səbəblərdən qoşulmaq istəyib, qoşula bilməyən adamlardır. Yaradıcı adamların “Yarat”a hansısa ideyadan ötrü yox, maddi səbəblərdən getmək istəməsi bizdə belə bir təəssüratı yaradıb. Həmin insanların “Yarat”a qoşula bilməməsi isə yuxarıda yazılan Ellitizmin “Yarat”ın əsas ideyası olduğu fikrini təsdiqləyir. İncəsənət , ancaq bir qrup adamın inhisarında olmalıdır.

Ola bilsin ki, “Yarat”a ünvanlanan tənqidlər onları maraqlandırmasın. Bəlkə doğurdan da adamların Azərbaycan mədəniyyəti olmaq kimi bir dərdləri də yoxdur. Onlar heç azərbaycanca belə danışmırlar. “Yarat”ın qeyri-rəsmi dili rus dilidir. Ora toplaşan insanlar bir-birləri ilə ünsiyyətdə rus dilinə üstünlük verirlər.

Bu məqamda “Molla Nəsrəddin” və “Füyuzat” jurnalları arasında fərqi qeyd etmək yerinə düşər. “Füyuzat”ın dili, anlaşılmaz, dövrün Anadolu türkcəsinə yaxın bir dil idi və əsas müzakirə mövzuları, dövrün reallıqlarından çox uzaq fəlsəfi məsələlər idi. “Füyuzat” sırf bu səbəbdən “Molla Nəsrəddin” qədər Azərbaycan mədəniyyətinin bir parçası ola bilmədi.

Bu müqayisənin səbəbi “Füyuzat”la “Yarat”ı eyniləşdirmək deyil. “Füyuzat” Azərbaycan mədəniyyəti olmaq istəyirdi, ancaq seçdikləri yol düzgün deyildi, daha doğrusu dövrə adekvat deyildi. “Yarat”ın isə Azərbaycanla bağlı heç bir arzusu yoxdur. Bu müqayisənin əsas səbəbi dilin bir ünsiyyət vasitəsi kimi həm də mədəniyyətdəki önəmini göstərməkdir. Mədəniyyət əgər öz xalqının dilində deyilsə, onda onun mədəniyyəti ola da bilmir. Çıxış etdiyi rus dilinin yəni Rus mədəniyyətinin bir hissəsi olmaq isə “Yarat” a nəsib olmayacaq.

Elitizmə niyə qarşıyıq, çünki elitizm ayrı-seçkilikdir; bir qrup insanın pul, vəzifə və ya soyadına görə özlərini başqa insanlardan üstün tutur bu vasitələrlə öz mövqelərini qoruyur, digər insanlara həqarətlə baxır. Elitizmə qarşı olmaq, bu insanların başqa insanlar üzərində əldə etdikləri üstünlüyə qarşı olmaqdır. İnsanların bərabərliyinə inanmaqdır. Onların soyadlarına, maddi imkanlarına və təhsillərinə görə diskriminasiyaya məruz qalmasına qarşı olmaqdır.

“Yarat” bütün xüsusiyyətləri ilə elitizm təfəkkürlüdür. “Yarat”ın mədəniyyətə gətirdiyi inhisar əslində mədəniyyətin boğulmasıdır. Mədəniyyət yarandığı ərazinin reallığına söykənmədikdə, heç vaxt oturuşa bilmir. “Yarat” Azərbaycanda böyük bir mədəni illuziyadır, yanılmadır.

SSRİ Çar Rusiyası dövründəki aristokratiyanı likvidasiya edərək onları cəmiyyətdən ayırmağı bacarmışdı. Bizim bu yazıda işarə etdiyimiz elitizm müstəqillik dövrü elitizmidir. Bu elitlər və xalq arasındakı uçurum haqlı olaraq elitizmə qarşı və dolayısı ilə rus dilinin istifadəsinə qarşı bir qıcıq yaradır. “Yarat” bu uçurumun nəticəsidir.

Elitizmin məhsulları “Yarat”la sərhədlənmir, “Hipster” və “Nərgiz” kimi jurnallar, sadəcə kiçik bir kəsimin - “elitlərin” - getdiyi məkanların açılışlarının böyük bir yenilik kimi tanıdılması da bu elitizmin bir hissəsidir. Elitizm bu yöndən elitləri də təhlükə altına atır, illüziyaya məruz qoyur, yaşadıqları cəmiyyətin təhlükələrindən bixəbər böyüdür.
Azərbaycanda “Starbucks” açılması ilə borca görə intihar edən insanların xəbərləri bir-birinin ardınca gəlir. Bu ziddiyyət ölkədə iki fərqli virtual məkan yaradır.

Elitlər özləri və digər insanlar arasında yaranmış antaqonizmdən xəbərsizdirlər. Elita və xalq arasındakı barışmaz ziddiyət həm də imitasiya edən yan qrupları, kiçik çevrələri ortaya çıxarır. Elitanın üzvü olmayan ancaq ona bənzəməyə çalışan insanlar. Bu meylin mənfi tərəfi insanların cəmiyyətdəki mövqeləri ilə bağlı yanılma içində olmasıdır. İmitasiya edən təbəqə heç bir təbəqə tərəfindən qəbul edilməyərək ortada qalırlar.

İmitasiya edən təbəqə bəlkə də elitizmin vurduğundan artıq zərər vurur. Bu epiqonal təbəqə bəzən elit kimi qəbul edilir. Kembric universiteti Mədəni Tarix və Estetika professoru Peter de Bollanın fikrincə bu epiqonal təbəqə bu imitasiya ilə ya elitlərə məğlub olduğunu qəbul edir ya da elitizmə qarşı parodik bir mübarizə aparır. (Body and Text in the Eighteenth Century, səh.106 - Stanford University Press, 1994).

Lakin Azərbaycanda sonuncuların olmadığını və ya çox az olduğunu müşahidə edirik. Bu epiqonal təbəqəyə kimləri və ya nələri aid etmək olar? Estradamızın bütün ulduzları imitasiyaçıdır, onlar mədəni nərdivanın üstlərində yer alırlar. Bu imitasiyanın bir davamı olaraq, onlar ulduzları sönəndə məcbur olaraq bu imitasiyaya davam edirlər və incəsənətin digər növlərinə yönəlirlər – Eurovision təmsilçimiz Safura Əliyevanın İstanbulda qalereya açması buna nümunələrdən sadəcə biridir.

Dünyada vəziyyət başqa cürdür, hələ 1974-cü ildə sosioloq Herbert Qans “Popular Culture və High Culture” adlı kitabında bu mövzunu – elitizm və populyar incəsənəti - araşdırmış və “mədəni nərdivan”ı ləğv etmək üçün “zövq kulturaları” terminini təklif etmişdi.

Dünyada baş verən İkinci Dünya Müharibəsi sonrası imitasiya prosesi hələ indilərdə Azərbaycanda, Qarabağ müharibəsindən sonrakı travmadan qurtulmuş yeni nəsil sənətkarların qoşulduğu “Yarat”ın simasında baş verir. Bəli, elitizmin imitasiyasında əsas vasitəçilərdən biri də “Yarat”dır. “Kitç” (almanca. kitsch) – özündən daha üstün nəyinsə ucuz, kommersial məqsədli imitasiyası mənasına gəlir. “Yarat” öz növbəsində həmin bu kitç axımının əsas nöqtələrindən biridir. Lakin burda söhbət heç də bu sənətkarların və incəsənət nümayəndələrinin öz əsərlərində bir-birindən imitasiya edərək əsər yaratması nəzərdə tutulmur.

Əsas problem Qərb mədəniyyətinin imitasiyasıdır.

Azərbaycanda elitizm özü Qərbin imitasiyasıdır buna görə də, imitasiyanın imitasiyasının yaradacağı fəsadlar daha böyükdür.

Bu yazıda incələnən “Yarat” elitizmin bir simasıdır. “Yarat”ın müsbət keyfiyyətləri cüzidir və əsas tənqid elitizmə yönəlmişdir.

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir...