Bu mövzunu bağlamışam

SOSİUM

Kino tənqidi hansı funksiyanı yerinə yetirir? Rejissorları niyə bu qədər sinirləndirir? Ümumiyyətlə, o, nəyə lazımdı? Kino tənqidinin kinonun inkişafına bir təsiri varmı? Varsa, bu təsir necə bir təsirdir?

“Tənqidin məqsədi – filmlərin interpretasiyası və “kinematoqrafik proses” adlandırdığımız mücərrəd konstruksiyaya inteqrasiyasıdı. Bu, kinoda gördüklərimizə anlam vermək cəhdidi. Və bu cəhd xaotik aləmdə məna və nizam axtaran insanların tələbatlarını ödəyir. Mədəniyyət özlüyündə dünyanı təqdimetmənin, daha doğrusu, varoluşumuzdakı xaosu nizamlamağın bir formasıdı».

Bunlar filoloq, filosof, məşhur rus və amerikan kinoşünası və incəsənət nəzəriyyəçisi Mixail Yampolskinin “Kino tənqidi nədir?” məqaləsindəndir. Burda “tənqidçi-tənqid” sözü dar mənada başa düşülməməlidir. Yani hər hansı sənət əsərində yalnız və yalnız qüsurlar axtaran insan demək deyil. Tənqidçi təhlil və analiz edəndir. O ağ pərdədə, səhnədə baş verənləri, müəllifin müxtəlif obrazlarla, rəmzlərlə kodlaşdırdığı fikirlərini tamaşaçılara daha sadə şəkildə çatdırandır. Bu zaman öz intellektual bazasından, təxəyyülündən yararlandığından tamaşaçıya ötürdüyü informasiya da həmin bazanın imkanları çərçivəsində olur.  

M.Yampolski tənqidi iki tipə ayırır: bunlardan biri fəlsəfi, digəri peşəkar tənqiddir: «Peşəkar tənqid filmin spesifik bədii formalarının interpretasiyasına meyllidi. Onu montaj, səs, təhkiyə, təsvirin keyfiyyəti, aktyor oyunu, o cümlədən, kinoistehsalatın iqtisadi amillərinə qədər hər şey narahat eləyir. Fəlsəfi tənqid isə hər şeydən əvvəl filmin dünyanı necə əks etdirdiyi ilə, insani münasibətlərlə maraqlanır. Əlbəttə, bu o demək deyil ki, onlar birləşə və eyni mətnin içindi ola bilməzlər. Hətta mən bunu ideal variant hesab eləyirəm. Tənqidi tiplərə bölərkən mən yalnız dominantlardan danışıram».

60-cı illərdə fransız kinotənqidçiləri üçüncü tipi də müəyyənləşdirmişdilər: bu, elmi tənqid idi. Bu tənqdi növü, müəyyən ekran əsərləri barədə məqalələri deyil. kinonun nəzəri tendensiyalarının araşdırılması, yenilərinin yaradılmasını nəzərdə tuturdu. Bunun da adı – kinoşünaslıqdır.

Tənqidin kinonun inkişafına , filmlərin keyfiyyətinə təsiri danılmazdır. Amerikalı kino tənqidçisi Qerald Pirinin dediyi kimi, bu gün insanların əksər yaxşı filmlərdən xəbər tutmağı ədalətli tənqidin xidmətidir. Müxtəlif səbəblərə görə, yaxşı filmlərin əksəriyyəti yetərincə reklam olunmur. Belə hallarda tamaşaçını kinoteatra göndərməyin ən yaxşı yolu, kinoməhsullara verilən obyektiv qiymətdir.

Bizim təcrübəmiz Q.Pirinin fikrini təsdiqləyir.

2000-ci illərdə artıq milli kinomuz “ölmüşdü”. O illərdə nəşr olunan “Kino+”qəzetində, daha sonra fasilələrlə çıxan “Fokus” kino jurnalında dərc olunan tənqidi məqalələr kino çevrəmizi bir qədər dirçəltdi. “Kino+” qəzeti fəaliyyətə başlayandan cəmi bir il sonra gənc rejissorlar dəyirmi masa arxasında toplaşaraq müzakirələr aparırdılar, Mədəniyyət və Turizm nazirliyi gənclərin öz bacarıqlarını göstərməyinə fürsət vermək məqsədilə “Bu meydan, bu ekran” qısametrajlı film layihəsinə başladı. Çoxdan kamera arxasına keçməyən rejissorlar arzularına çatdılar, bir-birinin ardınca “Ev”(Asif Rüstəmov), “Düyün” (Əli İsa Cabbarov), “40-cı qapı”(Elçin Musaoğlu), “Qala” (Şamil Nəcəfzadə), “Niyyət”(Samir Kərimoğlu) və sair filmlər çəkildi, prodüser mərkəzlərinin sayı artdı.

Amma bilinməyən səbəblərdən “Kino+” bağlandı. Bununla da proseslərin sürəti azaldı. Sonra isə bu hadisələr tamam dayandı. İstehsal olunan ekran əsərləri bir dəfə nümayiş olunr. Sonra  rəflərə toz basır bu lentləri. Elə filmlər var ki, bizim ancaq adlarından, istehsalatda olduqlarından xəbərimiz var. Kəsəsi, Azərbaycanda kinematoqrafiya yenə də incəsənətin ən mühüm növlərindən biri deyil. Sanki, “bizdə də kino var” demək üçündür.

Yuxarıda adları çəkilən nəşrlər kinonu formada saxlayırdı. Kinonun əhəmiyyətini vurğulamış olurdu. İndi onlar yoxdur. Odur ki, incəsənətin bu növü barədə proseslər xəbər saytlarının küncündə, ani oxunur, sonra da unudulur. Bir sözlə, kinematoqrafiya cəmiyyətin diqqətindən gizlədilib.

Mədəniyyət və İncəsənət Universiteti ildə iyirmiyə yaxın tələbəyə kinoşünas diplomu verir. Halbuki, bu işlə məşğul olan gənclər, demək olar ki, yoxdur. “Kinoşünas” deyəndə ağla gələn ilk və tək adın sahibi Ayaz Salayev “məndən Azərbaycan kinosu haqqında heç nə soruşmayın” deyir. Yerli filmlər haqqında resenziya yazanları barmaqla saymaq mümkündür. Bu adamların da yazdıqlarının kino prosesinə təsiri sıfıra bərabərdir.

Yeganə maliyyə mənbəyi dövlət olan kinomuzda rəqabətə yer yoxdu. Dövlət yalnız öz mənafeyinə uyğun layihələri maliyyələşdirir. Rejissorslara film veriləndə keyfiyyət yox, ictimai mövqeyi nəzərə alınır. Halbuki rəqabət, özünəironiya bacarığı, tənqid inkişafın təkanverici amillərindəndi. Və “tənqidsiz mədəniyyət yoxsullaşır, inkişafdan qalır. Tənqidin böhranı birbaşa mədəniyyətin iflasına gətirib çıxarır» (M.Yampolski).

Rejissor Andrey Zvyaqintsev tənqidlə bağlı suallara həmişə eyni cavabı verir: “sənətkardan tənqidçi haqqında soruşmaq fənər dirəyindən köpəklər haqqında soruşmağa bərabərdi”. Ardınca,s ya da bu cümlədən əvvəl mütləq qısa bir izahat da olur: “Mənim orqanizmim elə qurulub ki, tənqidə çox ağrılı reaksiya verirəm. 2003-cü ildə “Qayıdış” filmi ciddi tənqidlərə məruz qalanda qərara gəldim ki, bir də belə yazıları oxumayacam. Tənqidçilərdən konstruktiv təkliflər eşitmirəm, məni qidalandıra biləcək heç nə görmürəm. Odur ki, bu mövzunu özüm üçün bağlamışam.”
 

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir...