İlham Əliyev Zahid Oruca vəzifə verdi

Zahid Oruc

Deputat Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri oldu

Deputat Zahid Oruc yeni yaradılan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin olundu. Prezident İlham Əliyev fevralın 11-də bununla bağlı sərəncam imzalayıb.

İlham Əliyev fevralın 8-də Sosial Tədqiqatlar və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzlərinin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda deyilir ki, Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələləri araşdırmaq və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirməkdir.

Fərmana əsasən, Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək və ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini aparacaq, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirəcək və dəyişiklikləri proqnozlaşdıracaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıracaq, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edəcək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edəcək.

Əslən Gədəbəy rayonundan olan Zahid Oruc 2001-ci ildən bəri deputat mandatı daşıyır. Bundan əvvəl o, Ana Vətən Partiyasının üzvü, həmin partiyaya məxsus “Ana vətən” qəzetinin baş redaktoru olub. 2-13-cü ildə prezidentliyə namizədliyini verib və partiyanı tərk edib.