Müsavatın Gənclər Təşkilatının sədrinə saxta arayışı kim verib?

Əbülfəz Sadıqbəyli

Əbülfəz Sadıqbəylinin vəkili şahidlərin dindirilməsini istəyir

Fevralın 6-da Qaradağ Rayon Məhkəməsində Müsavat Partiyasının Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqbəylinin mühakiməsi davam edib. Hakim Fuad Hüseynovun sədrliyilə keçirilən məhkəmə iclasında “Nikoil bank”ın 6 saylı filialının müdiri olmuş Emin Axundov şahid qismində dindirilib.

Ə.Sadıqbəyli məhz həmin filialdan 5 min 100 manatı ödəmədiyi halda, bu məbləğin ödənilməsi haqda saxta arayış alıb Dövlət Yol Polisi İdarəsinə təqdim edərək, bankda girov olan avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satmaqda ittiham olunur. Ə.Sadıqbəyli isə həmin filialda bankın əməkdaşı Kamran Abbasova 5 min 100 manatı verəndən sonra ondan möhürlü-imzalı arayışı alıb, yol polisinə təqdim etdiyini bildirir.

K.Abbasov da bu iş üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. O, Ə.Sadıqbəylinin əmisi oğlu ilə dost olduqlarını, bu səbəbdən ondan pul almadan, borcun ödənilməsi barədə arayış verdiyini bildirir. Filialın keçmiş müdiri E.Axundov da bu məsələ ilə əlaqədar dindirilib.

Ötən məhkəmə iclasında məlum olub ki, filialda Ə.Sadıqbəyliyə kredit verilməsi barədə sənədlər yoxdur. E.Axundov sənədlərin itməsindən xəbərsiz olduğunu söyləyib.

Ə.Sadıqbəyli məhkəmədə deyib ki, 6 saylı filiala gedib, pulu K.Abbasova verəndən sonra, o, dəhlizin sağ tərəfində yerləşən kabinetə daxil olub. Orada pulun ödənişi barədə arayışa möhür vurdurub, imza atdırıb, gətirib ona verib. Şahid E.Axundovun bu haqda suallara verdiyi cavablardan məlum olub ki, bəhs olunan otaq elə filial müdirinin kabineti olub.

Təqsirləndirilən K.Abbasov isə deyir ki, Ə.Sadıqbəyli yanlış xatırlayır, o, arayışı dəhlizin sağında yox, solundakı otaqda özü möhürləyib, özü imzalayıb, gətirib ona verib.

Ə.Sadıqbəylinin vəkili Osman Kazımov bildirib ki, müvəkkili pulu K.Abbasova ödədikdən sonra ona arayış verilib. Amma Ə.Sadıqbəyli həbsindən sonra ondan alınan pulun banka köçürülmədiyi üzə çıxanda dərhal K.Abbasov gətirib o vəsaiti Ə.Sadıqbəylinin yaxınlarına qaytarıb. Vəkilin sözlərinə görə, K.Abbasovun pulu gətirib qaytarmasının şahidləri var. O.Kazımov həmin şahidlərin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb.

Məhkəmə prosesi fevralın 13-nə qədər təxirə salınıb.

Ə.Sadıqbəylinin qardaşı Vasif Sadıqbəyli Meydan TV-yə deyib ki, bankın nümayəndəsi məhkəməyə arayış təqdim edib. Həmin arayışda göstərilir ki, bankın iddia etdiyi məbləğ tam ödənilib və heç bir borc yoxdur.

Ə.Sadıqbəyliyə qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.

Ə.Sadıqbəyli ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, siyasi fəaliyyətinə görə sifarişlə həbs olunduğunu deyir. Məhkəmədə də bildirib ki, həbs olunarkən müstəntiq ona əsasən, siyasi fəaliyyəti barədə suallar verib:

“Bir saatlıq söhbətin cəmi 10 dəqiqəsi bank kreditilə bağlı oldu. Mənə verilən suallar da bu idi ki, gənclər təşkilatının nə qədər üzvü var, hansı işləri görürsüz və s.”

Müsavat Partiyası da Ə.Sadıqbəylinin siyasi motivlərlə həbs olunduğunu bəyan edib.