İlham Əliyev və Əli Həsənov - Foto: president.az
İlham Əliyev və Əli Həsənov - Foto: president.az

Əli Həsənovun oğlu DİN-də şöbə rəisi oldu

Emin Həsənovun vəzifəsi artırılıb

Baş nazirin müavini Əli Həsənovun oğlu daxili işlər orqanlarında yüksək vəzifəyə gətirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov "Report"a deyib ki, əvvəllər Binəqədi Rayon Polis İdarəsinin rəis müavini olan, polis polkovniki Emin Həsənov indi Baş Narkotiklərlə Mübarizə İdarəsinə şöbə rəisi təyin edilib.

Əli Həsənov uzun illər Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri olub. Onun adı son illər nəvəsi Nail Allahverdiyevin törətdiyi yol qəzası ilə bağlı gündəmə gəlib.

2017-ci il, avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdı və Nail Allahverdiyev 6 il azadlıqdan məhrum edilmişdi. Lakin 2018-ci ilin avqustunda Baş nazirin nəvəsinin cəza rejimi dəyişdirilərək, həbsxanadan buraxıldı. Bakı Apelyasiya Məhkəməsinin qərarına görə, cəzası 5 ilə endirildi və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində (“komendatura”) çəkməlidir.