Bakıda evin partlaması nəticəsində 3 nəfər ölüb (yenilənib)

***

Baş Prokurorluq Yasamalda baş verən partlayışla bağlı rəsmi məlumat yayıb. Bildirib ki, araşdırma zamanı evin yataq otağında divarda yerləşdirilmiş, nəzarət kranları açıq vəziyyətdə olan 1 ədəd qaz sobası aşkar edilib. İlkin ehtimala görə partlayış qaz sızması nəticəsində baş verib.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb məhkəmə tibbi, yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizaları təyin olunub.

Hazırda təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Qonşular qaz sızıntısından şübhələnirlər

Bakının Yasamal rayonu ərazisində ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanvarın 9-da yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış dalğasının təsirindən evin çöl divarı bir tərəfinin daşıyıcı divarı həyətdə dayanmış "Tofaş" markalı avtomobilin üzərinə aşıb.

Yanğın nəticəsində evin yanar konstruksiyaları yanmışdır. Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib.

Qonşularının Meydan TV-ə verdiyi məlumata əsasən, yanvarın 8-də gecə qazı kəsiblər.

“Ailə dindar idi. Səhərə yaxın namaza qalxıb işığı yandıranda partlayış olub. Belə çıxır ki, gecə qazı açıblar, güman ki, qaz sızıntısı olub, ailə də qazı tam bağlamayıb”.