Baş redaktor: Elə şəraitdə saxlanılıram ki, günlərin sayını itirmişəm

İkram Rafiqoğlu

İkram Rəhimovun həbs müddətini uzatdılar

Dekabrın 20-də Səbail Rayon Məhkəməsi “realliq.info” saytının redaktoru İkram Rəhimovun həbs müddətini uzadıb. Həbs müddətinin artırılması ilə bağlı vəsatəti jurnalisti istintaq edən qurum verib.

Məlumatı Meydan TV-yə jurnalistin yaxınları verib.

Onlar vəkillərin vəsatətin əleyhinə çıxdıqlarını, İ.Rəhimovun əvvəllər də istintaq cəlb edildiyini, heç vaxt istintaqdan yayınmadığını əsas gətirərək, vəsatətin rədd edilməsini məhkəmədən xahiş etdiklərini də söyləyiblər.

Jurnalist İ.Rəhimov özü də məhkəmədə iştirak edib. Yaxınlarının deməsinə görə, jurnaist məhkəmədə çıxış edib:

“Məni heç bir əsas olmadan həbs ediblər. Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov haqqında yazımı dərc edəndən sonra dərhal həbs edildim. Bu faktın özü də göstərir ki, əslində nəyə görə həbs edilmişəm. Heç bir günahım olmaya-olmaya həbsə atılmışam. Kəskin baş ağrılarım yaranıb, elə şəraitdə saxlanılıram ki, gecə-gündüzü, günlərin sayını itirmişəm”.

Jurnalist iki il əvvəl barəsində məhkəmə araşdırmasının olduğunu, böhtana görə həbs edilməsindən bəhs edib. Deyib ki, həmin məhkəmə nə vaxt çağırıbsa, vaxtında gedib, heç vaxt suallardan, istintaqdan yayınmayıb. İ.Rəhimov da məhkəmədən xahiş edib ki, vəsatəti təmin etməsin.

Səbail rayon Məhkəməsinin hakimi Şahin Abdullayev İ.Rəhimovun məhkəməyə qədər həbs müddətinı 2 ay 28 gün artırıb.

İ.Rəhimov oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb. İ.Rəhimov ittihamları rədd edir.