Hakim Namiq Cəfərov niyə cəzalandırılır?

Namiq Cəfərov

Məsələ ilə bağlı vəkilin adı hallandırılır

Bakı Apelyasiya Məhkəməsinin hakimi Namiq Cəfərov cəzalandırılır. O, cəmiyyətdə "Rüşvət almayan", "sifarişlərə əhəmiyyət verməyən" hakim kimi tanınır.

Azadlıq Radiosu hakimin cəzalandırılmasının səbəbini araşdırıb. Məlum olub ki, bu il aprelin 13-də çıxardığı bir qərarda vəkil Bəylər Məmişovu saxta sənəd hazırlamaqda və onu məhkəməyə təqdim etməkdə suçlayıb. Söhbət "Xudafərin" tikinti şirkətinin inşa etdiyi binada mənzil satışı barədə müqavilədən gedir. Bundan sonra hakimə təzyiqlər başlayıb.

Bildirilir ki, 14 il əvvəl Gülyaz Xəlilova adlı şəxs şirkətin tikdiyi binadan mənzil alıb. Ancaq 2017-ci ildə İran vətəndaşı olan Həsən Əlipur məhkəmədə iddia qaldırıb ki, G.Xəlilovanın “Xudafərin”lə 14 sentyabr 2004-cü ildə bağladığı müqavilə etibarsız sayılsın və mənzil boşaldılıb ona təhvil verilsin. İran vətəndaşı məhkəməyə şirkətlə 11 aprel 2003-cü il tarixdə bağladığı müqaviləni təqdim edib.

Nəticədə Binəqədi Rayon Məhkəməsində hakimi Abbas Rzayev İran vətəndaşı Həsən Əlipurun təqdim etdiyi müqaviləni əsas götürərək 12 sentyabr 2017-ci ildə çıxardığı qətnamə ilə onun G.Xəlilovaya və “Xudafərin” MMC-yə qarşı iddiasını təmin edib.
Ancaq G.Xəlilovanın apelyasiya şikayətinə baxan hakim N.Cəfərov H.Əlipurun təqdim etdiyi müqavilənin saxta olduğu haqda qərar çıxarıb.

Maraqlıdır ki, hakimin təyin etdiyi ekspertiza bu ilin martın 5-də G.Xəlilova ilə H.Əlipurun müqavilələrinə direktor qrafasına “Xudafərin” şirkətindən eyni adamın adından imza atıldığını və fərqli imzalar olduğunu qeyd etsə də, hansı imzanın həqiqi olduğunu müəyyənləşdirməyib.

Daxili Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəmənin bu barədə sorğusuna cavabında bildirlib ki, H.Əlipur ilk dəfə 2005-ci ilin fevralında Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınıb. Ona ölkədə 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyat vəsiqəsi verilib. AZ seriyalı vəsiqənin nömrəsi də cavabda öz əksini tapıb. Həmin vəsiqənin nömrəsi tikinti şirkətiylə H.Əlipur arasındakı müqavilədə də qeyd olunub. Nəticədə məhkəmə bunu müqavilənin saxta olmasına sübut kimi qiymətləndirib:

“2005-ci ildə Azərbaycan Respublikasının sənədi ilə təmin olunan şəxs 2003-cü ildə həmin sənədlə müqavilə bağlaya bilməzdi. 2003-cü ildə Həsən Əlipur Əbülfət oğlunda Azərbaycan Respublikasının sənədi olmayıb. Müqavilədə şəxsiyyətini təsdiq etmək üçün göstərilən sənəd isə müqavilənin tarixindən 4 il sonra - 30 aprel 2007-ci ildə verilib”.

Bundan əlavə, H.Əlipurun müqaviləsində yaşayış yeri kimi göstərilən ünvana onun 2005-ci ildə qeydiyyata düşdüyü məlum olub. Müqavilənin isə 2003-cü ildə bağlandığı göstərilib.

Bakı Apelyasiya Məhkəməsinin qərarında göstərilib ki, H.Əlipurun müqaviləsinin tərtib edildiyi kağız zaman baxımından G.Xəlilovanın müqaviləsinin kağızından sonra istehsal olunub.

Ali Məhkəmə də apelyasiya instansiyasının qərarını qüvvədə saxlayıb və İran vətəndaşının müqaviləsini etibarsız sayıb. Ancaq Ali Məhkəmə bildirib ki, iddiaçı və nümayəndəsi sübutları saxtalaşdırmaqda ittiham olunsa da, bu əməlin məhz onlar tərəfindən törədildiyini təsdiqləyən sübut yoxdur: “Qətnamədə vəkilin və işdə iştirak edən digər şəxslərin şəxsiyyətinə və işgüzar nüfuzuna xələl gətirə biləcək məlumatlar da öz əksini tapıb”.

Hakim N.Cəfərov öz qərarında 2003-cü ilə aid müqaviləyə 2007-ci ildə verilmiş vəsiqənin nömrəsinin yazılmasının ağlabatan olmamasını izah edərkən belə bir cümlə yazıb:

“Zamanda səyahət mümkün deyil, heç kəs vəsiqəsi ilə birlikdə keçmişə gedib müqavilə bağlaya bilməz”.

Ali Məhkəmə qərarda belə ifadələrin yazılmasını yolverilməz hesab edərək, qətnamədən çıxarıb.

Vəkil haqqında yazılanlar və digər ifadələrə görə isə hakim N.Cəfərov haqqında xüsusi qərar çıxarılıb. Onun da əsasında Məhkəmə Hüquq Şurası hakimin barəsində intizam icraatı başlayıb.

Bəylər Məmişov
Bəylər Məmişov

Bəylər Məmişov praktik hüquqşünasların və jurnalist Aynur Elgünəşin Vəkillər Kollegiyasına qarşı qaldırdığı məhkəmə işlərində cavabdeh tərəfin vəkili kimi çıxış edir. Onun VK sədri Anar Bağırovla, eləcə də ədliyyə naziri Fikrət Məmmədovun oğlu Fariz Məmmədovla yaxın əlaqələrinin olduğu bildirilir. Hakim Namiq Cəfərovun da məhz bu vasitə ilə cəzalandırıldığı güman edilir.

Vəkil Bəylər Məmişov hakim Namiq Cəfərovun cəzalandırılmasında hallanması barədə Meydan TV-nin sorğusuna cavab verib.

Vəkil deyib ki, bu haqda məlumat AzadliqRadiosunda yayılıb:

“Zəruri məlumatlar adımdan yazıldığından əlavə etməyə nəsə yoxdur. Mənim başqa deməyə sözüm yoxdur”.