Bal roket sistemi
Bal roket sistemi

Rusiya ''Bal'' sahil raket komplekslərini Azərbaycana satmır

“Bu, Rusiya ərazi sularında yerləşən Rusiya gəmilərinə potensial təhlükə yarada bilər”

Azərbaycan Rusiya hərbçilərinin mövqeyi üzündən sahil raket kompleksini ala bilməyəcək.

“Kommersant” yazır ki, Azərbaycan silahlı qüvvələrinin “Bal-E” sahil raket kompleksləri (SRK) ilə təchiz olunması Rusiya Federasiyası Müdafiə Nazirliyinin mövqeyi üzündən baş tutmayıb. Rusiya hərbçiləri hesab ediblər ki, bu kompleksin raketlərinin hətta ixracat modifikasiyası Rusiya ərazi sularında yerləşən RF Xəzər donanmasının gəmilərinə potensial təhlükə ola bilər.

Moskvadan danışıqlara uyğun izah gəlmədi

“Məhsulun bir növünün verilməsindən imtinanın özü Rusiya üçün təhlükəli deyil: Bakı son illər ərzində 5 milyard dollarlıq Rusiya silahı və texnikası alıb”, - “Kommersant” yazır.
Məqalədə qeyd olunur ki, Azərbaycanın “Bal” tipli kompleks divizionunu ixracat modifikasiyasında almağa hazır olması haqda ilk informasiya 2014-cü ildə yayılıb. Həmin vaxt komleksin istehsalçısı – “Taktik raket silahlanması” korporasiyası (TRSK) Astanada (Qazaxıstan) baş tutan hərbi texnika və silah “KADEX 2014” sərgisində SPK-nın xüsusi təqdimatını keçirib.

Maraq məntiqi idi, çünki Azərbaycan Xəzərin öz hissəsində olan sahilboyu zonasını qorumağa qadir olan raket sistemlərinə çoxdan göz yetirirdi. Azərbaycanlı hərbçiləri “Yaxont” (Maşınqayırma elmi-istehsalat birliyinin istehsalı, Reytov) gəmi əleyhinə raketi ilə “Bastion” sahil raket kompleksi maraqlandırırdı, amma məsələ danışıqların mövzusuna qədər gedib çıxmadı, belə ki, Moskvadan danışıqlara uyğun izah gəlmədi.

Əvəzində “Bal”la bağlı mövzu davam etdi. “Kommersant”ın vəziyyətlə tanış olan mənbəsinin sözlərinə görə, tərəflər hətta kiçik partiya SPK və onlarla 3M24 (ixracat variantı X-35E) nəzərdə tutan müqaviləyə müxtəsər imza atmışdılar. Lakin məsələ qəti razılaşmanın imzasına qədər gedib çıxmayıb. Bir neçə hərbi müsahibin “Kommersant”a danışdığına görə, buna səbəb RF Müdafiə Nazirliyinin tutduğu mövqe olub. Nazirlik hesab edib ki, “Xəzər donanması gəmilərinin dənizdə təhlükəsizliyinin təminatı üçün bu komplekslərlə təchiz edilməsi məqsədəuyğun deyil”.

Onların sözlərinə görə, hesablamalar göstərib ki, hətta raketlərin ixracat modifikasiyası Rusiya ərazi sularında yerləşən Rusiya gəmilərinə potensial təhlükə yarada bilər. “Bu əsaslandırma ilə mübahisə etmək faydasız idi, ona görə də müxtəsər imza qoyulmuş razılaşma masadan götürüldü, bizim mövqemiz eşidildi”, - hərbi məmurlardan biri təsdiqləyib.

“Kommersant” RF Müdafiə Nazirliyinə uyğun sorğu göndərərək, bu məlumatın şərh olunmasını xahiş edib. Hərbi-texniki əməkdaşlıq üzrə federal xidmət və “Rosoboronekspert” (Rusiya silahlarının xüsusi ixracçısı) şərhdən boyun qaçırıb.

Azərbaycan “Bal” ilə təchiz olunan üçüncü ölkə ola bilərdi

“Bal-E” – “Bal” sahil raket kompleksinin ixrac variantı RF-də 2008-ci ildə silahlı qüvvələrə qəbul edilib, “Maşınqayırma konstruktor bürosu “ ASC-də (Moskva) işlənərək hazırlanıb. Mobil kompleksin tərkibinə özüyeriyən idarə və rabitə komanda məntəqələri, X-35E tipli gəmi əleyhinə raketləri olan özü yeriyən atəş qurğuları, nəqliyyat-daşıma maşınları daxildir. Məhəlli suların, sahilboyu bazaların, infrastruktur obyektlərin və dəniz kommunikasiyalarının nəzarəti üçün nəzərdə tutulub. Atəş məsafəsi 120 km-ə qədər, toplam döyüş kompleksi 64 raketə qədərdir.

Müqavilənin bağlanacağı təqdirdə, Azərbaycan “Bal” tipli komplekslərlə təchiz olunmuş üçüncü ölkə ola bilərdi. Bu silahların ilk ixracat sifarişçisi Liviya olmalı idi, lakin ölkədə başlanan vətəndaş müharibəsi səbəbindən 2011-ci ilin martında prezident Dmitri Medvedyev öz fərmanı ilə hərbi təyinatlı məhsulların satılmasına embarqo qoyub. TRSK-nın əldən çıxmış mənfəəti 300 milyon avronu üstələyib. Nəticədə “Bal” ilə silahlanan ilk ölkə Vyetnam olub: 2012-ci ilin dekabrında bildirilir ki, TRSK bu ölkəyə sahil raket kompleksi üçün 3M24 gəmi əleyhinə raketlərin verilməsi ilə bağlı müqaviləni yerinə yetirib.

“Bal” raketləri ilə Rusiyada sahil raket artilleriya qoşunlarının (SRAQ) 46-cı xüsusi divizionu, Xəzər donanması (İzberbaş), Qara dəniz donanmasının SRAQ 11-ci briqadası (Utaş), Qara dəniz donanmasının SRAQ 15-ci briqadası (Sevastopol), Sakit okean donanmasının SRAQ 72-ci alayı (Smolyaninovo) təchiz olunub. Bu SRK-nın daha bir divizionu Kunaşir adasında hərbi növbətçiliyə 2016-cı ildə başlayıb.

“Hazırda “Bal”ın Azərbaycan silahlı qüvvələrinə verilməsi mövzusu müzakirə olunmur”, - daha bir yüksək vəzifəli mənbə “Kommersant”a söyləyib, çünki “olduqca incə geosiyasi nüans” mövcuddur. Son illər X-35 tipli özü tuşlayan raketlərin başcığı təkcə dənizdə yox, həm də qurudakı hədəflər üçün təkmilləşdirilib. “Biz bu silahın Dağlıq Qarabaq münaqişəsində istifadə olunmasını istəməzdik”, - mənbə bildirir.

Oxşar təkmilləşdirmə “Bastion” SRK-nın tərkibinə daxil olan “Oniks” qanadlı raketlərinin özü tuşlayan başcıqları ilə də aparılıb:

"2016-cı ilin noyabrında hərbçilər onunla ilk dəfə olaraq Suriyada quru hədəfləri vuraraq, radikal islamçıların sənaye obyektlərini məhv ediblər. "Bal”ın Azərbaycana satışından imtina Moskva ilə Bakı arasındakı münasibətlərin soyumasına aparıb çıxarmamalıdır. Hələ sentyabrda Azərbaycan prezidenti İlham Əliyev birbaşa bəyan etmişdi ki, “hərbi-texniki sahədə əməkdaşlığın böyük ənənələri var”, “Azərbaycanla Rusiya arasında reallaşan müqavilələrin həcmi 5 milyar dolları ötür” və “artıma meyllidir”.


Nazirliyin arqumenti məntiqli görünmür

Rauf Mirqədirov
Rauf Mirqədirov

Mühacirətdə olan siyasi icmalçı Rauf Mirqədirov Meydan TV-yə deyib ki, Rusiyanın xarici siyasətindəki qeyri-müəyyənlikləri şərh etmək çox çətindir:

““Kommersant” qəzeti Müdafiə Nazirliyinə istinadən ehtimal edir ki, raketlərdən Rusiyaya qarşı istifadə oluna bilər. Hətta Rusiya daxilindəki gəmilərə qarşı da istifadə oluna bilər. Amma nazirliyin arqumenti məntiqli görünmür, bu, cəfəngiyyatdır. Söhbət hətta müdafiə xarakterli hava hücumları sistemlərindən gedirsə, ümumiyyətlə, heç nə satmaq lazım deyil, avtomatları da o cümlədən”.

Rauf Mirqədirov hesab edir ki, Rusiya hərbi-siyasi elitasında Azərbaycanla bağlı vahid siyasət yoxdur:

“Biz anlamalıyıq ki, Rusiya hərbi-siyasi elitası Bakı ilə münasibətlərin bütün variantlarını nəzərdən keçirir. Bu variantlardan biri Dağlıq Qarabağ münaqişəsini qızışdırıb hərbi mərhələyə keçirmək məsələsi ola bilər. Hərbi fazaya keçdikdən sonra isə tərəflərə təzyiq siyasəti başlayacaq. Yaxud sülhə məcbur etmək üçün hərbi ssenari də mümkündür. Əlbəttə, başqa variantlar da var, Azərbaycanın xarici siyasətinə korrektə etmək üçün siyasi şantaj edilə bilər, çünki əvvəlki illərdə olub. “Bunların hansı gerçəkdir” sualı yarananda, xüsusilə hərbi variant daha çox gündəmə gəlir. Bəziləri bunu fantastik saysa da, dənizdən Azərbaycana müdaxilə etmək ən asan yoldur. Çünki Xəzərdə Rusiya və İranın hərbi donanması var. Onsuz da Müdafiə Nazirliyinin Azərbaycanın dənizdən Rusiya hərbi donanmasını vurmaq haqda ehtimalı cəfəngiyyatdır. Bəli, dənizdən Azərbaycana hücum olarsa, həmin sistemlərdən istifadə oluna bilər”.

Siyasi icmalçı İlqar Vəlizadə isə deyir ki, rəsmi məlumat olmadığından yalnız ehtimallarla danışa bilər.

İlqar Vəlizadə
İlqar Vəlizadə

Azərbaycanın təklif etdiyi qiymət Rusiyanı qane etmir

İlqar Vəlizadə qəzetin yazdıqlarını siyasi spekulyasiya hesab edir:

“Rusiya hərbi istehsalçıları hər hansı hərbi texnikanı satışa çıxaranda əsas məqsədləri kifayət qədər mənfəət əldə etmək olur. Əgər istəsəydilər, hərbi texnikanı heç satışa da çıxartmazdılar. Söhbət müasir hərbi texnikalardan gedirsə, əvvəl daxili istismar üçün hazırlanır, bir neçə il sonra model köhnəlir və satışa çıxardırlar. Bu məsələdə iki variant var:

Birinci, Azərbaycanın təklif etdiyi qiymət Rusiyanı qane etmir. İkinci, Bakının hərbi texnikadan gözləntiləri qaneedici deyil, Azərbaycan daha müasirini almaq istəyir. Güman ki, Rusiya istehsalçıları köhnə modelləri təklif etdiyindən Azərbaycan almır. Bu məsələdə satıcı-alıcı münasibətlərinin rolu daha çox təsiredicidir. Digər məqamlar, guya Rusiya Azərbaycanın raketlərdən Ermənistana qarşı istifadə edəcəyinə görə satmır, bunlar cəfəngiyyatdır, çünki Moskva indiyə qədər bizə çox silah satıb”.

Erkin Qədirli
Erkin Qədirli

Moskva anlaşmanı imzalayanda bunu bilmirdimi?

ReAL Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini Erkin Qədirli “Kommersant” qəzetinin yazdığını “Facebook” səhifəsində şərh edib.

O, xatırladıb ki, Rusiya daha öncə bu raket qurğularını Azərbaycana satmağa söz vermişdi, anlaşma da imzalamışdı:

“Rusiyanın Müdafiə Nazirliyi imtina üçün rəsmi səbəb kimi qurğuların Azərbaycana satılacağı təqdirdə Xəzərdəki hərbi gəmilərinə təhlükə yarada biləcəyini bildirib. Üstəlik, bildirildi ki, bu raket qurğuları yalnız dənizdə deyil, quruda olan hədəfləri də vura bildiyindən, onların Azərbaycana satılması əlavə təhlükələr yarada bilər. Maraqlıdır, Moskva anlaşmanı imzalayanda bunu bilmirdimi? Yaxşı bilirdilər. Bəs niyə o raket qurğularını bizə satmaqdan indi imtina edirlər? Güman ki, səbəb Azərbaycanın Fransadan hava hücumlarına qarşı müdafiə sistemini almaq üçün gördüyü hazırlıqlardır”.

Erkin Qədirli Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya gəldiyini xatırladaraq bildirib ki, Bakıda bu məsələ müzakirə olunacaq.