''Nazir gedəndən sonra yenə köhnə hamam, köhnə tas...''

“Fotoda nazirlə üzbəüz oturan mənəm. Nazirlik başqa fotolarla birlikdə bu fotonu da sosial şəbəkələrdə paylaşıb. Ancaq sözüm onda yox... Sadəcə, belə məlum olur ki, deyəsən məmurlar vətəndaşlarla görüşləri elə ancaq foto çəkdirmək üçün keçirirlər. Şəklimi çəkib qoyublar ora, ancaq o görüşdə saydığım problemlərimin heç biri həll olunmayıb”.

Bu ilin aprelində Xaçmaz sakini Leyla Novruzəliyeva Meydan TV-yə sosial durumunun çətinliyindən danışmışdı. Deyirdi ki, 8 yaşlı Xanoğlan, 6 yaşlı Nicat və 4 yaşlı Nihad isti yeməyin, ətin, meyvənin dadını unudub. Çox vaxt günlərini yavan çörək və su ilə yola verirlər. Çünki ananın aldığı aliment və ünvanlı sosial yardım böyrəkləri yenicə cərrahiyyə əməliyyatından çıxmış 6 yaşlı Nicatın dərmanlarına da yetərli deyil. Leyla xanım azyaşlı övladlarının təhsili, qidalanması, dərmanlarının alınması üçün dövlətdən kömək istəmişdi. İndi o, yenə Meydan TV-yə müraciət edib. Deyir, yazı dərc olunandan sonra ona ayrı-ayrı adamlar zəng vuraraq bir qədər ərzaq yardımı ediblər, dövlətdənsə səs çıxmayıb. Nəhayət, bu il oktyabrın 12-də o, şimal bölgəsindəki vətəndaşları qəbul edib dinləmək üçün Şabrana gələn əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşə bilib.

Nazirdən kömək istədim, o da tapşırıq verdi

“Çox səmimi qəbul elədi, dinlədi, mən ona ailə vəziyyətimdən danışdım, bildirdim ki, yoldaşım bizi atıb, məhkəmə qərarıyla onun anasının evinə - kiçik, şəraitsiz bir otağa yerləşmişik. Uşaqlar balacadır, xəstədilər, biri əməliyyat olunub, dərmanları bahadır, az miqdarda ünvanlı sosial yardım və aliment alıram, çatdıra bilmirəm, böyük uşaqlar məktəbə getməlidir, imkansızlıqdan göndərə bilmirəm. Uşaqların pal-paltarları yoxdur, heç olmasa gündə bir dəfə yemək yeməlidilər, ancaq yavan çörəkdən başqa heç nə çatdırmıram qarınlarına... Ac, geyimsiz uşağı məktəbə necə göndərim? Getsin, yolda başı gicəllənsin, yıxılsın, başına bir faciə gəlsin... Sığındığımız otaq çox darısqaldır, üç uşaq, bir ana – dördümüz eninə dörd, uzununa dörd addım olan otağa sığınmışıq. Mən bütün bunları nazirə dedim, ondan kömək istədim”,- Leyla Novruzəliyeva deyir.

Nazir getdi, yenə köhnə hamam, köhnə tas...

Leyla xanım deyir, nazir görüş zamanı masa arxasında əyləşmiş işçilərinə tapşırıqlarını verib ki, ailənin durumunu ətraflı araşdırıb problemləri həll etsinlər:

“Uşağa xəstəliyinə görə müavinət təyin olunmasını, ünvanlı sosial yardımın artırılmasını istədim, uşaqları saxlamağa yerim darısqaldır, mənzil şəraitimizin yaxşılaşdırılmasını istədim... Nazir Xaçmazın Sosial Müdafiə Mərkəzinin rəhbərliyinə tapşırıqlar verdi, onlar da dedilər, baş üstə... Görüş bitdi, nazir getdi, başladım rayondakı Sosial Müdafiə Mərkəzinə gedib-gəlməyə... Yenə köhnə hamam, köhnə tas... Hər dəfə bir bəhanə ilə geri qaytarırlar”.

Leyla xanım istəyir ki, nazirlər vətəndaşları qəbul edib dinləyəndən sonra problemlərin həll olunub-olunmamasıyla da maraqlanslınlar:

“Deyirəm, o gün nazir gəldi, mənə mədəni şəkildə qulaq asdı, sizə tapşırıqlarını verdi, niyə əməl eləmirsiz? Deyirlər, demaqoqluq eləmə. Nazirdir də, gəldi, getdi. Mən başa düşə bilmirəm, dövlət bu üç uşağa sahib çıxmırsa, gələcəkdə məndən nə üzlə gəlib istəyəcək ki, aparıb dağın başında düşmənlə üzbəüz posta qoysun? Dövlətdən yardım almayan,  ac-susuz böyüyən uşağı hansı abır-həyayla məndən istəyəcəklər ki, ver, aparaq güllə qabağına?”

Tapşırılan sənədləri yığıb təqdim etməyib

Xaçmaz Rayon Sosial Müdafiə Fondundan Meydan TV-yə bildirilib ki, nazir Sahil Babayev ötən ay vətəndaşları qəbul edib, onların problemlərinin həlli ilə bağlı bəzi tapşırıqlarını verib. Həmin vətəndaşlardan biri də Xaçmaz sakini Leyla Novruzəliyeva olub. Leyla Novruzəliyeva azyaşlı övladının xəstəliyinə görə müavinət təyin olunmasını və ünvanlı sosial yardımın məbləğinin artırılmasını xahiş edib. Rayon Sosial Müdafiə Mərkəzində Leyla xanıma bildirilib ki, azyaşlı övladına xəstəliyə müavinətin təyin olunması üçün rayon xəstəxanasından müvafiq sənədlər alınmalı və Nazirliyin 15 saylı Tibbi Sosial Ekspert Komissiyasına (TSEK) təqdim olunmalıdır. Araşdırma aparıldıqdan sonra xəstəliyə görə müavinətin təyin olunmasına əsasın olub-olmaması müəyyən edilməlidir: “Ünvanlı sosial yardımın artırılmasına gəlincə, xanıma bildirilib ki, bu məsələyə yenidən baxılması üçün sənədləri toplayıb elektron qaydada təkrar müraciət etməlidir. Nazirlik də ünvanlı sosial yardımın artırılması məsələsinə yalnız bundan sonra qərar verə bilər. Xanım ona tapşırılan sənədlərdən hələ birini də təqdim etməyib. Yığıb təqdim etsin, qısa zamanda qərar qəbul edək, vətəndaşa cavab verək”.