İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışında
İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışında

''Neftçalada avtomobil yığını zavodunun gücü barədə informasiya yalan oldu''

“Nefçalada bəh-bəhlə açılan avtomobil yığımı müəssisəsi bu ilin ilk 10 ayında 610 maşın yığıb. Ancaq açılışında elan etmişdilər ki, zavodun illik yığım gücü 10 min avtomobildir. Bu da yalan oldu”.

İqtisadçı Natiq Cəfərli belə deyir. O bildirir ki, bu il ərzində 1500 maşın yığacaqlarını söyləsələr də, 10 ayda heç bunun yarısına da nail ola bilməyiblər:

“İlin sonuna 2 ay qalıb (hesabat oktyabrın sonuna olan məlumatı əks etdirir). Aydındır ki, bu müddətə 890 maşın yığa bilməyəcəklər. Deməli, açılışda götürülən öhdəlik yerinə yetirilməyəcək. Yığılan 610 maşının 168 ədədi anbardadır, müştəri tapılmır. Satdıqları 442 avtomobilin 90 faizini isə dövlət və hökumət qurumları alıb”.

İqtisadçının sözlərinə görə, hökumətin iqtisadiyyata baxışı yanlışdır, hətta zərərlidir. O qeyd edib ki, büdcədən pul ayırıb avtomobil yığım zavodu açırlar, orada yığılan maşınlar rəqabətə davamlı deyil:

“Avtomobillərin ötürücü qutuları mexanikidir. Ona görə də satılmır. Sonradan büdcədən pul ayırıb həmin maşınları dövlət-hökumət qurumlarına verirlər - beləliklə büdcəyə ikiqat yük düşür. Məmurların arxasında gizləndikləri dövlətçilik anlayışı həbslər-təqiblər deyil, məhz iqtisadiyyatın məntiqli idarə edilməsidir”.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli deyir ki, dövlətin dayağı, dayanaqlığı iqtisadiyyatdır, dövləti həbslərlə, təqiblərlə, vətəndaşları qorxutmaqla ayaqda saxlamaq cəhdi dalana aparan yoldur:

“Ümid edirəm ki, bunu anlayacaqlar”.

Marja.az” saytı yazır ki, Nefçaladakı avtomobil zavodu bu il ərzində 610 ədəd avtomobil istehsal edib. Onun 168 ədədi anbarlarda qalıb.

Neftçala Avtomobil Zavodu (Khazar) bu ilin martında işə düşüb. “Azərmaş” ASC-yə məxsus Neftçala Avtomobil Zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda 2018-ci ildə 1500 ədəd avtomobil istehsal edilməsi nəzərdə tutulmuşdu. Zavodun proqnoza əməl etməsi üçün ilin sonunadək 890 avtomobil istehsal etməlidir.