''İslahat aparmaq üçün dürüst hesabatlılıqdan başlamaq çox vacibdir''

“Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin proqnozuna görə, aparılan vergi islahatları nəticəsində gələn il azı 1 milyon nəfər qeyri-rəsmi çalışan işçi qüvvəsi leqallaşacaq”.

İqtisadçı Rövşən Ağayev belə deyir. 

O güman edir ki, burada söhbət muzdlu işçilərin, yəni əmək müqaviləsi əsasında maaşla çalışanların sayının 1 milyon nəfər artımından gedir. 

İqtisadçının bunun çox böyük rəqəm olduğunu deyir:

“Muzdla çalışanların birdən-birə 60 faiz artması, rəsmi məşğulluğun hazırkı 33 faizindən 50 faizə yüksəlməsi deməkdir”. 

O bildirib ki, vergi islahatları deyəndə isə yəqin ki, neftdənkənar özəl sektorda aylıq 8000 manata qədər məvaciblərin gəlir vergisindən tam azad edilməsi, sahibkarların isə əmək haqqı fonduna görə sosial sığorta yükünün 7 faiz azaldılması ilə bağlı plan nəzərdə tutulur: 

“Bunun nə qədər real proqnoz olmasına gəlincə, məncə, rəsmi şəxslərin hesablamalarının arxasında çox dəqiq hesablamalar durmalı, belə proqnozlar səsləndirilərkən əlaqəli rəqəmlərə istinadlar olmalıdır. Məsələn, hökumətin proqnozuna görə, 2018-ci ilə nisbətən gələn il qeyri-büdcə sektorundan məcburi sosial sığorta yığımları 89 mln. manat artacaq”. 

R.Ağayev deyir ki, nəzərə alınmalıdır ki, qeyri-büdcə sektoru dedikdə dövlətin büdcədənkənar bütün müəssisə və şirkətləri (SOCAR da daxil) nəzərdə tutulur. Yəni 89 mln. manalıq artımda özəl sektorla yanaşı, büdcəyə aid olmayan təsərrüfat hesablı dövlət müəssisələrinin də payı var: 

“Əlavə olaraq, hazırda özəl sektorda 700 min nəfər çalışır və Fonda vəsait ödəyir. Yəni 89 mln. manat artımda onların da payı var. Amma hesab edək ki, bu artım yalnız Hadı müəllimin dediyi 1 mln. nəfər yeni leqallaşan işçi qüvvəsi hesabına verəcək. İndi belə vəziyyətdə sadə bir hesablama aparaq. 2019-cu ildə məcburi sosial sığorta yığımlarının qeyd edilən artımın 1 mln. nəfərə böləndə hər ay cəmi 7.4 manatlıq yığım yaranır. Bəs bu qədər yığım üçün bir işçiyə ayda nə qədər əmək haqqı almaq lazım gəlir? 29.6 manat. Halbuki ölkədə minimum maaş 130 manatdır. Həttə bütün leqallaşan işçi qüvvəsi minimum əmək haqqı səviyyəsində maaş alsa belə, Sosial Fondun məcburi yığımlarının 89 mln. manat artması üçün 228 min işçi lazım olardı. Bu isə Hadə müəllimin dediyindən təxminən 5 dəfə azdır”.

Rövşən Ağayev deyir ki, eyni hesablamanı işsizlik sığortası üzrə də aparanda oxşar mənzərə yaranır. 2018-ci ilə nisbətən gələn il İşsizlik Sığortası Fondunun qeyri-büdcə yığımları cəmi 3.7 mln. manat artacaq:

“Bu fondun yığımları əmək haqqı fondundan 1 faiz tutulmaqla formalaşır (0.5% işçi+0.5% işəgötürən). Oxşar vəziyyətdir: 3.7 mln. manatlıq artımı təmin etmək üçün hətta leqallaşan işçi qüvvəsi minimum əmək haqqı səviyyəsində maaş alsa belə, 237 min işçi qüvvəsi tələb edilir. Aydındır ki, minimum əmək haqqına çalışanların ümumi məşğulluqda payı 10 faizi ötmür. Bütün amilləri nəzərə alanda, vergi islahatları nəticəsində leqallaşan muzdlu iş qüvvəsinin ən yaxşı halda 150-200 min nəfər aralığında dəyişəcəyi deyilsə idi, daha real görünürdü. Hər halda ilin birinci yarısının yekununda bu iki proqnozu müqayisə etmək imkanımız olacaq”.

İqtisadçı düşünür ki, adını çəkdiyi hər iki sosial fond öz büdcə prqonozunda dövlət və özəl sektordan daxilolamaları ayrıca proqnozlaşdırmalıdır:

“İndiki təcrübədə isə büdcə və qeyri-büdcə təsnifatından istifadə edir. Dediyim kimi, qeyri-büdcə sektoruna isə özəl subyektlərlə yanaşı dövlət mülkiyyətində olan bütün qeyri-büdcə müəssisələri aiddir. İslahat aparmaq üçün statistikadan və dürüst hesabatlılıqdan başlamaq çox vacibdir”.

Vergi Məcəlləsinə dəyişikliklər təklif edilir. Təklif edilən dəyişikliyə görə, Azərbaycanda özəl qeyri-neft sektoru üzrə 8000 manata qədər əməkhaqqından 14 faiz gəlir vergisinin yeddi il müddətinə tutulmaması təklif edilir. Bundan başqa həmin sektorda göstərilən məbləğdən artıq maaş alanlar, maaşın 8 min manatdan artıq hissəsinə görə bundan əvvəl olan 25 faiz əvəzinə 14 faiz gəlir vergisi ödəyəcək.

Sosial sığorta haqlarının ödənilməsində indiyədək olan işçi tərəfindən 3 faiz, işəgötürən tərəfindən 22 faiz nisbəti də dəyişdirilərək, müvafiq olaraq 10 və 15 faiz həcmində müəyyənləşdiriləcək.

Noyabrın 16-da Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli deyib ki, dəyişiklikdən sonra həm sahibkarların işi yüngülləşəcək, həm də sığorta və vergi yığımı bir əldən olacaq:

“Əvvəllər sahibkarların qapısını çox əl döyürdü, bu zaman bir qədər gərginlik, müəyyən neqativ hallar yaşanırdı. Ancaq bundan sonra sahibkarların qapısını ancaq bir əl - Vergilər Nazirliyi döyəcək. Bu da nəticə etibarilə həm sahibkarları əlavə gərginliklərdən, yükdən azad edəcək, həm də yığım prosesini gücləndirəcək”.