''Ötən il cəzaçəkmə müəssisələrində vərəmli xəstələrdən 10-a yaxını vəfat edib''

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rəfail Mehdiyev

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rəfail Mehdiyev ötən il Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmli xəstələrdən 10-a yaxınının vəfat etdiyini bildirib.

O, bu barədə “Report.az”-a danışıb.

İdarə rəisi məhkumlar arasında vərəmə yoluxma hallarının kəskin şəkildə azaldığını bildirib və əlavə edib ki, 1995-ci illə müqayisədə cəzaçəkmə müəssisələrində vərəmlə ölüm halları 105 dəfə azalıb:

“Bu faiz getdikcə azalaraq respublikada mövcud olan ölüm faizindən önəmli dərəcədə aşağıdır. Cəzaçəkmə müəssisələrində aparılan səmərəli metodların nəticəsində vərəmli xəstələrin, hətta ağır formalı vərəmli xəstələrin sayı və ölüm faizləri getdikcə azalır”.

Rəfail Mehdiyevin sözlərinə görə, vərəm, adətən, İİV, Hepatit və digər patologiyaları olan şəxslər arasında daha geniş yayılıb:

“Vərəmli məhkumların əksəriyyəti orta yaşlı insanlardır. Dərmanlara həssas olan vərəmli xəstələrin müalicəsinin effektivliyi 91-92 faiz ətrafındadır. Dərmanlara davamlı vərəmli xəstələrin müalicə effektivliyi isə 83-85 faiz ətrafındadır. Baxmayaraq ki, Ümumdünya Səhiyyə Təşkilatı bu hədəfi 80 faiz verir”.

O deyib ki, Azərbaycanda tək cəzaçəkmə müəssisələrində yox, istintaq təcridxanalarında da yeni yoluxma halları qeydə alınır.

“Hazırda cəzaçəkmə müəssisələrində olan vərəmli xəstələrdən 2 nəfəri qadındır. Müalicə mərkəzində vərəmlə yanaşı, digər xəstəliklər üzrə müalicə alan şəxslərin sayı, təxminən, 300-ə yaxındır. Onlar arasında yeniyetmə yoxdur”.

Siyasi Məhbusların Müdafiə Mərkəzinin təmsilçisi Oqtay Gülalıyev Meydan TV-yə cəzaçəkmə müəssisələrində saxlanma şəraiti haqda hesabat hazırladıqlarını söylədi.

“Əldə etdiyimiz məlumatlara görə məhbusların sağlamlıq durumu, onlara göstərilən tibbi xidmətin səviyyəsi çox aşağıdır. Əksər cəzaçəkmə müəssisələrində lazımi tibbi avadanlıqlar və personal çox zəif şəkildə qurulub. Eyni zamanda, müalicə müəssisəsində də oxşar proses baş verir. Dustaqlar yalnız səhhətləri kritik olanda, yaxud başqa maraqları təmin edəndə müalicə müəssisinə köçürülür”.

Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Konkret vərəm xəstəliyinə gəldikdə, O.Gülalıyev deyib ki, baxımsızlıq o səviyyədədir ki, bu problem xəstəliklərin növlərinə fərq qoymadan bütün sahələrə sirayət edir.

“Ona görə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisinin səsləndirdiyi rəqəmlər gerçəkliyi əks etdirmir. Bizdə olan məlumatlara görə daha çox məhbuslar baxımsızlıq, tibbi xidmətin aşağı səviyyəsi səbəbindən ya vəfat edirlər, ya da ağır xəstəliklərə düçar olurlar”.

O.Gülalıyev bildirib ki, Rəfail Mehdiyev müqayisəni 1995-ci illə yox, son illərlə aparsın.

“Son 10-15 ildə yeni cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları tikilib və tibbi xidmətin yaxşılaşması üçün xeyli vəsait ayrılıb. Yaxşı olardı ki, cənab Mehdiyev ayrılan vəsaitlərin həcmini açıqlasın və ona uyğun görülən işləri müqayiə etsin. Bu, reallığı daha çox əks etdirər”.