Zamirə Hacıyeva
Zamirə Hacıyeva

Zamirə Hacıyevanın zinət əşyaları ələ keçirilib

Məhkəmə əşyalara 6 aylıq həbs qoyub

Böyük Britaniyanın ilk Makmafiya tərzli araşdırması nəticəsində 400 funt dəyərindəki zinət əşyaları ələ keçirilib.

“The Guardian” yazır ki, Böyük Britaniyanın ilk Makmafiya tərzindəki çirkli pul araşdırmasının tərkib hissəsi olaraq saxtakar bankirin həyat yoldaşının 400 min funt dəyərindəki zinət əşyaları ələ keçirilib.

Belə ki, məhkəmə dövlətə bağlı bankdan yüz milyonlarla avro pul mənimsəməkdə ittiham edilərək, həbs edilmiş azərbaycanlı bankirin həyat yoldaşı Zamirə Hacıyevaya məxsus ən son dəbli 49 zinət əşyasının ələ keçirilməsinə qərar verib. Ötən ay kimliyinin anonim saxlanılması ilə bağlı qərar ləğv olunana qədər xanım A kimi tanınan Hacıyeva Böyük Britaniyanın ilk “İzahedilməmiş Sərvət Sərancamı” vasitəsilə gəlirinin şəffaf olduğunu izah etməli idi. Əks halda 22 milyon funt dəyərindəki iki mülkü itirmək təhlükəsi ilə üz-üzə qalacaqdı.

Milli Cinayət Agentliyi əşyaları Londonun mərkəzindəki Kristinin hərrac evində ələ keçirib. Əşyalar buraya Hacıyevanın qızı Leyla Mahmudova tərəfindən dəyərləndirilmək üçün gətirilib. Milli Cinayət Agentliyinin verdiyi məlumata görə, 120 min funt dəyərindəki “Boucheron” safiri və yaqut boyunbağı da daxil olmaqla, bütün zinət əşyalarını almaq üçün istifadə olunan pulun mənbəyinin “daha dərin araşdırılmasına ehtiyac var”. Hakim əşyalar haqqında daha dərin araşdırma aparılması və geri alınıb-alınmamasına qərar verilməsi üçün 6 ay müddətində onlara əl qoyulmasına qərar verib.

Bildirilir ki, zinət əşyalarının bir qismi 2008-ci ildə Hacıyevanın əri Cahangir Hacıyev tərəfindən İsveçrənin San Moritz lüks xizək kurortundan alınıb. 57 yaşlı Hacıyev dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankının sabiq prezidentidir. O, bankda saxtakarlıq etməsi ittihamı ilə 2016-cı ildə 15 il həbs cəzasına məhkum edilib.
Milli Cinayət Agentliyi oğurlanmış pulların Knightsbridge bölgəsində, “Harrods” mağazasının qapısından 100 metrlik məsafədə yerləşən 11.5 milyon funt dəyərindəki beş yataq otaqlı əmlakın satın alınması üçün istifadə olunduğunu iddia edir.

Apelyasiya Məhkəməsi ötən ay Zamirə Hacıyevanın üç ədəd “Harrods” sadiq müştəri kartına on ildən çox müddətdə 16,3 milyon funt xərcləməsi ilə bağlı iddiaları dinləyib. O, mağazaya bir girişində lüks “Boucheron” brendinin məhsullarına 50 min funt xərcləyib. Milli Cinayət Agentliyinin məlumatına görə, o, ərinin bankına məxsus 35 kredit kartındakı pulları “Harrods” mağazasında xərcləyib.

Məhkəmə əlavə olaraq, Hacıyevanın 42 milyon dollarlıq (32 milyon funt) “Gulfstream G550” təyyarəsini alması və dünyanın ən bahalı şərabları ilə bəzədilmiş şərab zirzəmisinin olması ilə bağlı iddiaları dinləyib.

Milli Cinayət Agentliyi mənbəyi şəffaf olmayan nəğd pulun Guernseydə yerləşən şirkət vasitəsilə Ascot kəndinin yaxınlığında Mill Ride Qolf Klubunun alınması üçün istifadə olunduğunu iddia edib. Keçən ay Ali Məhkəmənin qərarı ilə cənab Justice Supperstone (Castis Superston) Hacıyevanın “İzahedilməmiş Sərvət Sərancamı”na uyğun hərəkət etməsini və əmlakları alarkən istifadə etdiyi maliyyəni necə tapdığını izah etməsini istəyib. Əgər, o, pulun qanuni mənbəyini sübut edə bilməsə, mülkləri ələ keçirilməli idi.

Agentlik ərinin bankda törətdiyi əməllərlə bağlı araşdırma aparılmasından boyun qaçırdığı üçün Hacıyevanın Azərbaycan hakimiyyəti tərəfindən axtarışa verildiyini iddia edir. Hakimiyyətin iddia etdiyinə görə, o, Cahangir Hacıyevin pulları ölkədən çıxarmaq üçün istifadə etdiyi bir neçə ailə üzvündən biridir.

Ailə bu iddiaları inkar edir. Oktyabr ayında Hacıyevanın vəkili qeyd edib ki, Ali Məhkəmənin Zamirə Hacıyevaya qarşı “İzahedilməmiş Sərvət Sərancamı” tətbiq etməsi Hacıyevanın və ya ərinin hər hansı bir qanunsuzluq etdiyi anlamına gəlmir.

“Milli Cinayət Agentliyinin mövqeyi budur ki, İzahedilməmiş Sərvət Sərancamı cinayət proseduru deyil. Sadəcə istintaqın bir hissəsi kimi tətbiq edilir və bu, hər hansı bir cinayət əməlinin törədildiyi anlamına gəlmir” – vəkil əlavə edib.