Zamirə Hacıyevanın pulu və mülkü Azərbaycana qaytarıla bilər

Zamirə Hacıyeva

“Müsadirə olunmuş pul "siyasi və beynəlxalq məsələyə" çevrilər”

Zamirə Hacıyevanın mülk almaq üçün saxtakarlıqla mənimsənilən pullardan istifadə etdiyi barədə Britaniyanın Ali Məhkəməsi təsdiq qərarı çıxararsa, o zaman ondan alınacaq pul və mülklər Azərbaycana qaytarıla bilər.

Bunu BBC-yə Britaniyanın Milli Cinayət Agentliyinin rəsmisi Donald Toon deyib. Onun sözlərinə görə, Britaniyanın İzahedilməyən Sərvət Sərəncamı (UWO) altında Ali Məhkəmənin qərarı ilə müsadirə olunmuş pul "siyasi və beynəlxalq məsələyə" çevrilə bilər.

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva son on il ərzində Londonun məhşur dükanı Harrodsda 21 milyon dollar xərcləyib və elə həmin mağazanın yanında - Londonun ən bahalı ərazilərindən birində ev alıb. O, həmçinin Berkshire qraflığında qolf klubu və təyyarə sahibi olub.
O, bu ödənişlərin bəziləri üçün Beynəlxalq Bankın 35 ədəd kredit kartından istifadə edib.

İngiltərə Ali Məhkəməsi Zamirə Hacıyevaya sərvətinin mənbəyini izah etməyi əmr edib - əgər, o, bunu edə bilməsə, öz əmlakını itirmək riski ilə üzləşə bilər.

Zamirə Hacıyeva Britaniya məhkəməsində deyib ki, əri bank sədri olmazdan öncə, uğurlu biznesləri sayəsində müstəqil var-dövlət qazanmış qanuni iş adamı olub.

Donald Toon BBC-yə deyib ki, Milli Cinayət Agentliyi məhkəmə işini qazanarsa, o zaman mülklər müsadirə oluna bilər.

"İlk növbədə, həmin aktivlərin dəyəri Böyük Britaniya hökumətinə daxil olacaq, sonra pul mənbəyinin ölkəsi (Azərbaycan-red.) və Britaniya arasında repatriasiyanin miqyası barədə birbaşa əlaqə qurulacaq".

Donald Toon əlavə edib ki, hazırda İzaholunmaz Sərvət Sərəncamı qanununun hədəfində səkkiz şəxs var. Onlar Afrika, Cənubi Asiya, keçmiş Sovet İttifaqı və Rusiyadandırlar.

Zamirə Hacıyevanın həyat yoldaşı Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun rəhbərlik etdiyi bankdan on milyonlarla funt sterlinq pul yoxa çıxıb. Hakimlər ondan 39 milyon funtu (51.30 milyon dollar) geri ödəməyi tələb edib.