Nemət Pənahlı həbs edilib

Nemət Pənahlı (arxiv foto)

Partiya sədri polisə müqavimət göstərməkdə təqsirləndirilir

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı polisə müqavimətdə təqsirləndirilərək, 30 sutka inzibati həbs cəzası alıb. Oktyabrın 12-də Nəsimi Rayon Məhkəməsində onun haqqında qərar çıxarılıb.

N.Pənahlının məhkəmə qərarından sonra Binəqədidə yerləşən, inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya köçürüldüyü bildirilir.

Lakin həyat yoldaşı Həcər Pənahlı onun polisə müqavimətə görə həbs olunduğunu düşünmür. Onun fikrincə, həyat yoldaşı siyasi mövzuda açıqlamalarına, müsahibələrinə görə cəzalandırılıb: “Əlbəttə ki, polisə müqavimət ittihamı yalandır. O, günorta saat 12-də getdi, bir saata qayıtmalıydı. Axşama qədər gəlmədi, nigaran qaldıq. Çünki telefonuna da zəng çatmırdı. Axşam gördük ki, maşını da həyətdədir. Uşaqlardan biri onun maşını saxlayıb bloka tərəf gəldiyini görübmüş. Deməli, onu binanın qarşısından aparıblar. Orada polisə nə müqavimət? Gözləyiblər, evə gələndə götürüb aparıblar”.

H.Pənahlı bildirib ki, həyat yoldaşının gəlmədiyini görəndə gecə saatlarında Daxili İşlər Nazirliyinin “102” xidmətinə bu barədə xəbər veriblər. Az sonra Nəsimi rayon Polis İdarəsinin 21-ci polis şöbəsindən onlara zəng edib, N.Pənahlının İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsilə 30 sutka həbs cəzası aldığını bildiriblər.

Bu maddədə 100 manat cərimə və ya bir ayadək müddətə inzibati həbs nəzərdə tutulub.

H.Pənahlı bildirib ki, həyat yoldaşı haqqında həbs qərarından apelyasiya şikayəti veriləcək.