Milli Məclis
Milli Məclis

''Xaricdə təhsil alan tələbələr kadr ehtiyatı kimi geri çağırılmalıdır''

Qüdrət Həsənquliyev: “İngilis dilli pulsuz məktəblərin olmasına ehtiyac var”

“Çox təəssüf ki, xaricdə təhsil alan tələbələr ölkəmizə qayıtdıqdan sonra burada əmək haqqının azlığına görə çalışmaq istəmir, yenidən geri qayıdırlar”.

Deputat Qüdrət Həsənquliyev oktyabrın 12-də Milli Məclisin iclasında belə deyib. O qeyd edib ki, həmin uşaqlar üçün fərqli maaş təklif etmək imkanı olmalıdır:

“Biz dövlət orqanları, idarə təşkilatları üçün belə bir imkan yaratmalıyıq ki, fərqli əmək haqqı imkanları yarada bilsinlər. Xaricdə təhsil alan tələbələr kadr ehtiyatı kimi geri çağırılmalıdır”.

Deputat bildirib ki, Azərbaycanda ingilis dilli məktəblər var, lakin onlar çox bahalıdırlar. O vurğulyıb ki, ingilis dilli pulsuz məktəblərin olmasına ehtiyac var: “Ölkəmizdə yeni rusdilli məktəblərin açılması barədə qərarı təqdir edirəm. Amma bununla yanaşı, ölkəmizdə inglis dilinin öyrənilməsinə də ehtiyac var və bu dilin öyrənilməsi ilə bağlı dövlət proqramı qəbul edilməlidir”.

Qüdrət Həsənquliyev foto google.az
Qüdrət Həsənquliyev foto google.az

Rusiyanın Azərbaycanda daha 3 universitetinin filialını açmaq niyyətində olduğunu deyən Q. Həsənquliyev vurğulayıb ki, dünyanın ilk 200-lüyünə daxil olan ali məktəblərin də filialının açılması istiqamətində işlər görülməlidir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə deyib ki, xaricdə təhsil alanları Azərbaycandakı tələbələrdən fərqləndirmək və onları daha yuxarı pilləyə qoymaq doğru deyil:

“Azərbaycan təhsilini və tələbəsini bu qədər aşağılamaq olmaz. Bakı Dövlət Universiteti, ADA, Bakı Ali Neft Akademiyası yaxşı kadrlar yetişdirir. Məgər onlar xaricdə oxuyanlardan əskikdirlər?”

O qeyd edib ki, xaricdəki universitetlərdə qeyri-adi təhsil vermirlər:

“Öz fəaliyyətimdən misal çəkə bilərəm, tələbələrimdən 22-si magistr təhsilini müxtəlif xarici ölkələrdə alıblar və onların 80 faizi universiteti fərqlənmə diplomu ilə bitiriblər. Bu, onların Azərbaycanda aldıqları bakalavr təhsilinin nəticəsidir. Gəlin Azərbaycandakı universitetlərə, görün necə təhsil verirlər”.