''Milli Məclisin əksər səlahiyyətləri əlindən alınıb, heç olmaya medal təsis edilsin''

Vahid Əhmədov

Siyavuş Novruzov: ''10-30 il parlament üzvü olan insanlar niyə medalla təltif edilməsin?''

“10-30 il parlament üzvü olan insanlar var. Niyə bu insanlar medallarla təsis edilməsin?”

Bunu parlamentin iclasında Milli Məclisin iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O, Milli Məclisin medalının təsis edilməsi ilə bağlı təklif verib.

“Hakimiyyətin bütün strukturları özünün medalını təsis edir, amma Milli Məclisin özünün təsis etdiyi medal yoxdur. Milli Məclisin xatirə medalı var, lakin onun daşınması mümkün deyil. Milli Məclisin 100 illiyi hər gün olmur. Hər bir təşkilatın medalını təsdiq edirik, lakin özümüzünkünü təsis etmirik”.

Deputat əlavə edib ki, belə medal təsis edilsə, onu gələn qonaqlara da təqdim etmək olar.

Deputat Vahid Əhmədov da həmkarı ilə həmfikir olub:

“Onsuz da Milli Məclisin əksər səlahiyyətləri əlindən alınıb, heç olmaya medal təsis edilsin, layiq olanlar təltif olunsun. Parlamentdə 15-20 ildir ki, deputat olanlar var, biz onların əməyini qiymətləndirə bilmirik? Bu cür addımlar Milli Məclis üzvlərinə hörmət gətirmir”.

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov V.Əhmədovun çıxışına münasibət bildirib. O, diqqətə çatdırıb ki, Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı xatirə medalı təsis edilib və Milli Məclisin bütün üzvlərinə verilib.

Ziyafət Əsgərov
Ziyafət Əsgərov

Z.Əsgərov “Milli Məclisin səlahiyyətləri əlindən alınıb” fikri ilə razı olmadığını deyib:

“Parlamentin kifayət qədər səlahiyyətləri var, bundan da istifadə edir. Milli Məclisin səlahiyyətləri Konstitusiya ilə təsbit olunub. O ki qaldı Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edilən medalın təsis edilməsi məsələsinə, bunu müzakirə etmək olar”.