''Sən işləyəndə insanların hüququnu pozmusan, indi, gəlib müdafiəçi olmusan?!''

Siyavuş Novruzov

Siyavuş Novruzov: ''Rüşvətxorluq üstündə işdən qovulanların heç bir halda vəkilliklə məşğul olmasına icazə verilməməlidir''

“Bəzən hüquq-mühafizə orqanlarından rüşvət məsələsinə görə qovulanlar gəlib vəkilliklə məşğul olur”.

Bunu Milli Məclisin iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, vəkillərin sayının artırılmasına ehtiyac var: “Bizdə vəkil deyəndə cinayətlə bağlı işlərdə iştirak edənlər nəzərdə tutulur. Ancaq minlərlə mülki məsələlər var ki, orada da vəkillərin iştirakına ehtiyac var. Odur ki, bu barədə təsəvvür dəyişilməlidir və vəkillərin sayı artırılmalıdır”.

Deputat deyib ki, qanun tamamilə dəyişdirilməlidir:

“Çünki bəzən hüquq-mühafizə orqanlarından rüşvət məsələsinə görə qovulanlar gəlib vəkilliklə məşğul olur. Hansı insanlar bu orqanlarda işlərini şərəflə yerinə yetiriblərsə, bu işlə məşğul ola bilərlər. Amma rüşvətxorluq üstündə işdən qovulanların heç bir halda bu işlə məşğul olmasına icazə verilməməlidir. Axı sən işləyəndə insanların hüququnu pozmusan, indi gəlib hüquq müdafiəçisi olmusan?!”.

“Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun 20-ci maddəsinə edilən dəyişikliyə əsasən, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla dövlət büdcəsi vəsaiti hesabına təmin edilir.

2018-ci il yanvarın 1-dən qüvvəyə minən dəyişikliyə əsasən, Azərbaycanda nümayəndəlik institutu ləğv edilib. Dəyişiklikdən sonra cinayət işləri ilə yanaşı mülki və inzibati xarakterli işlərdə də vətəndaşları yalnız Vəkilllər Kollegiyasının üzvləri təmsil edə bilər.

Dəyişiklik cəmiyyətdə birmənalı qarşılanmayıb. Bildirilib ki, nümayəndəlik institutunun ləğv edilməsinin vətəndaşların hüquqlarının müdafiəsi sahəsində ciddi problemlərə yol açacaq, vətəndaşların məhkəmələrdəki işlərində böyük çatışmazlıqlar yaranacaq.