Bir neçə hakimin fəaliyyətinə xitam verilib

Məhkəmə-Hüquq Şurası korrupsiya faktlarının araşdırılması üçün Baş prokurorluğa müraciət edib

Məhkəmə-Hüquq Şurası bir neçə hakim barəsində qərar qəbul edib.

Şuranın rəsmi saytının məlumatına əsasən, qərar şuranın sədri Fikrət Məmmədovun rəhbərliyi ilə keçirilən iclasında qəbul edilib.

Qanunvericiliyin tələblərinin kobud pozulmasına, korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar Bakı şəhərinin Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Məmmədova töhmət verilib, Səbail rayon məhkəməsinin hakimi Nürəddin Bağırovun tutduğu vəzifədən azad olunması, Zaqatala rayon məhkəməsinin hakimi Arif İsmayılovun isə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda 4 hakimin də səlahiyyətlərinə digər qanuni əsaslarla xitam verilib. Bununla yanaşı konkret korrupsiya faktı üzrə araşdırma materiallarının hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi məqsədəmüvafiq bilinib.