İlqar Məmmədov
İlqar Məmmədov

''Məhkəmə İlqar Məmmədovla bağlı iclasın protokolunun surətini vermir''

Fuad Ağayev: ''Vəziyyət o dərəcəyə çatır ki, sənədləri Avropa İnsan Hüquqları Məhkəməsi vasitəsilə alırıq''

Şəki Apelyasiya Məhkəməsi ReAL Partiyasının sədri İlqar Məmmədovun avqustun 13-dəki məhkəmə iclası protokolunun surətini göndərməkdən imtina edib.

Bu barədə vəkil Fuad Ağayev məlumat yayıb.

Vəkil bildirib ki, bütün qonşu dövlətlərdə vəkillər və digər proses iştirakçıları məhkəmə iclası protokollarının surətlərini sərbəst şəkildə əldə edə bilirlər.

“Qanunvericilik də fərqlənmir. Cinayət Prosessual Məcəlləsinin 91.5.2, 92.9.11 və b. maddələri təqsirləndirilən şəxsə aid sənədlərin surətlərinin çıxarılması hüququnu nəzərdə tutur! Hakimlərin əksəriyyəti deyir ki, protokol bu sənədlərə aid deyil”.

F.Ağayev qeyd edib ki, vəziyyət o dərəcəyə çatır ki, biz protokolların surətlərini Avropa İnsan Hüquqları Məhkəməsi vasitəsilə alırıq!

Avqustun 13-də Şəki Apelyasiya Məhkəməsi ReAL Partiyasının lideri İlqar Məmmədova iki il sınaq müddəti ilə şərti cəza kəsməklə, məhkəmə zalından azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa İnsan Haqları Məhkəməsi iki dəfə bunun əsassız olması haqqında qərar qəbul edib.

Azərbaycan Ali Məhkəməsinin plenumu iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarlarını ləğv edib və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.