Hal şahidi Əfv fərmanı ilə azadlığa çıxıb

AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Orxan Baxışlı

AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Orxan Baxışlının işində olan hal şahidlərindən biri 2013-cü ildə narkotik ittihamıyla həbs olunub, 2015-ci ildə prezidentin əfv fərmanıyla azadlığa çıxan Nicat Məmmədovdur. Bu fakt cəbhəçi gəncin sentyabrın 7-də keçirilən məhkəməsində adıçəkilən hal şahidiylə vəkil Elçin Sadıqov arasında sual-cavab zamanı aydınlaşıb.

O.Baxışlının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyilə baxılır. Yenə məhkəməyə gələnlərin əksəriyyəti içəri buraxılmayıb.

Məhkəmə iclasında dörd şahid dindirilib, onların ikisi polis, ikisi hal şahidi olub.

Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı Naib Ömərov bildirib ki, O.Baxışlını onun narkotik satışıyla məşğul olması haqda
əməliyyat məlumatı əsasında metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında tutublar. Gənc fəal deyib ki, onu Geologiya İnstitutunun qarşısında saxlayıblar.

O.Baxışlı qeyd edib ki, aprelin 29-da mitinqə görə ona verilmiş inzibati həbs cəzasını başa vurub çıxmışdı. Bundan səkkiz gün sonra - mayın 7-də yenidən həbs edilib: "Məni siyasi fəaliyyətinə görə həbs ediblər. Aydın məsələdir ki, narkotik də özlərinindir, özləri də atıblar".
Vəkil də deyib ki, heç bir əməliyyat məlumatı olmayıb. O, sənədi sonradan tərtib edib, istintaqın gedişində cinayət işinin materiallarına əlavə ediblər.

28-ci polis bölməsinin əməliyyat müvəkkili Nəsimi İsmayılov da şahid qismində dindirilib. O.Baxışlı deyib ki, onu saxlayan zaman bu polis əməkdaşı orada olmayıb. Cəbhəçi fəal qeyd edib ki, Nəsimi İsmayılovu 26-cı polis bölməsində görüb.
Daha sonra hal şahidləri dindirilib. Mahir İsgəndərov bildirib ki, bölmədə Orxanın cibindən metro kartı, qəpiklər və sellofanda toz çıxıb: "Polislər əlini salıb cibindən çıxartdılar".

Digər hal şahidi Nicat Məmmədov vəkilin sualına cavab verərkən təsdiqləyib ki, o, 2013-cü ildə həbs olunub, 2015-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.

Öncəki hal şahidi O.Baxışlının cibindən çıxan tozun ağ rəngdə, N.Məmmədov isə qəhvəyi rəngdə olduğunu deyib.

Bununla da şahidlərin dindirilməsi mərhələsi başa çatıb. Bundan sonra hakim Mahmud Ağalarov ifadə vermək üçün O.Baxışlıya müraciət edib.

O, ifadə verməyə hazır olmadığını bildirərək, növbəti iclasda danışacağını deyib. Növbəti məhkəmə iclası sentyabrın 10-na təyin olunub.

O.Baxışlı mayın 7-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham olunur. İddia olunur ki, gənc fəalın cibindən 6 qram heroin tapılıb. Bu maddədə 5 ildən 12 ilə qədər həbs nəzərdə tutulub.

O.Baxışlı ittihamı rədd edir, narkotikin ona məxsus olmadığını, saxlandıqdan sonra cibinə polislər tərəfindən atıldığını bildirir.

Yaxınları və üzvü olduğu AXCP O.Baxışlının həbsini xüsusən həbsindən dörd gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışla əlaqələndirir. Orada O.Baxışlı E.Hüseynovun bu hakimiyyət tərəfindən qətlə yetirdiyini, o üzdən qatillərin tapılıb cəzalandırılmadığını bildirmişdi.