''Qoca''nın öldürülməsinin təfərrüatları bəlli oldu

''Fədayə Laçını ancaq televizorda görmüşəm''

Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Bakıya istintaq təcridxanasına qaytarılarkən Biləcəri stansiyasında qatardan qaçmış dustaqlarla bağlı məhkəmə davam edir. Həbs olunan 13 nəfər Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən dustaqların qatarın pəncərəsini necə açıb qaçması, həmin aləti haradan əldə etməsi haqda detallar məlum oldu. İndi isə məhkəmədə qaçan dustaqlardan biri Etibar Məmmədovun yenidən həbs olunması üçün keçirilən əməliyyat və onun öldürülməsi haqda danışılır. Danışanlar isə polislərdir. Onlar avqustun 27-də məhkəmədə dindiriliblər.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmədə zərərçəkmiş qismində tanınmış polis əməkdaşları ifadə veriblər. Rəşad Məmmədov ifadəsində bildirib ki, o da “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması üçün keçirilən əməliyyatda iştirak edib. R.Məmmədov bildirib ki, əməliyyatı Nəvai postunun yaxınlığında keçiriblər. Polisin sözlərinə görə, E.Məmmədov və yanında olan iki nəfər təslim olmaq əmrinə tabe olmayıblar, əksinə, atəş açıblar.

Digər polis Ramil Səlimov isə bildirib ki, əməliyyat zamanı şəxsi avtomobili ilə orada olub, lakin maşınına heç bir zərər dəyməyib. Əməliyyatla bağlı suallara cavab verən R.Səlimov şübhəli şəxslərin müqavimət göstərib atəş açdıqlarını deyib: “Bizə atəş açılandan sonra cavab atəşi açdıq. Qapı bağlı idi. Mən yaxınlaşıb qapını açdım. Etibar özünə xəsarət yetirmişdi”.

E.Məmmədov özünə bıçaqla xəsarət yetirib.

Məhkəmədə başqa polislər də dindirilib. Onlar zərərçəkmiş qismində tanınsalar da, bildiriblər ki, bu təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur.

Bugünkü məhkəmədə Penitensiar Xidmətin əməkdaşı, dustaqlar qatarla gətirilərkən orada xidmətdə olmuş Elvin Namazov da şahid qismində ifadə verib. O bildirib ki, qaçan dustaqlara nəzarət onun öhdəsində olmayıb.

E.Namazov məhkəmədə təsdiqləyib ki, qaçan dustaqlar E.Məmmədov və Əli Ağamini qatarda bir neçə dəfə dustaqlar saxlanılan yerdə yox, qarovul rəisinin otağında görüb.

E.Namazovun istintaqa verdiyi ifadə də məhkəmədə elan olunub. Həmin ifadədə qarovul rəisinin Əli Ağami və “Qoca”dan pul alıb, onlara müəyyən imtiyazlar yaradıldığını deyib.

Amma E.Namazov məhkəmədə ifadənin bu hissəsini təsdiqləməyib. Bildirib ki, bunlar ondan ifadə alan müstəntiqin fikirləridir: “Müstəntiq dedi ki, orada dustaqlardan pul alıblar. Mən də dedim ki, görməmişəm”.

İfadədə həmçinin qeyd olunub ki, Fədayə Laçın qatarda “Qoca” ilə Əli Ağaminin şəklini çəkib. E.Namazov bu hissəni də təsdiqləməyib. Bildirib ki, Fədayə Laçını ancaq televizorda görüb.

Məhkəmə prosesi avqustun 29-da davam etdiriləcək.

Dustaqların qaçmasıyla bağlı cinayət işi üzrə 13 nəfər həbs olunub. Bunlar qaçan dustaqlardan biri Əli Ağami, müğənni Fədayə Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qatarda qarovul rəisi olmuş Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev və Tural Poladxanov, “Qoca”ya yardım etmiş daha bir qadın Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur. Daha bir nəfər axtarışdadır.

Bundan başqa, Penitensiar Xidmətin konvoy taborunun qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ümumiyyətlə, ədliyyə orqanlarından, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) maddəsilə ittiham irəli sürülüb. Penitensiar Xidmətin əməkdaşları həm də vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir. Polkovnik B.Abdullayev mənimsəmə ittihamı da elan olunub.