Piyadanın ölümünə səbəb olmuş sahibkar oğlu həbsxanadan buraxılıb

Rəhim Rəhimov

İşadamının oğlu cəzasını məntəqə tipli müəssisədə çəkəcək

“Xırdalan Xəz” ASC-nin rəhbəri, keçmiş deputatlığa namizəd Akif Rəhimovun oğlu, piyadanın ölümünə görə həbs olunan 18 yaşlı Rəhim Rəhimovun cəzası yüngülləşdirilib. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən, o, həbsxanadan buraxılıb. İşadamının oğlu qalan cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.

R.Rəhimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, CM-nin 263-1.3 maddəsilə - sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümlə nəticələnmiş qəza törətməkdə təqsirli bilinmiş, ona 4 il 11 ay 28 gün həbs cəzası təyin olunmuşdu.

R.Rəhimova qarşı CM-nin 264-cü maddəsilə - hadisə yerindən qaçma ilə bağlı ittihama isə məhkəmə xitam vermişdi. Belə nəticəyə gəlmişdi ki, R.Rəhimov hadisə yerindən qaçmayıb.

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin işi də təxminən bu cür idi. İki nəfərin ölümü ilə nəticələnmiş qəza törətməkdə təqsirləndirilən N.Allahverdiyevə də hadisə yerindən qaçma ittihamı da verilmişdi. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi ona da Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsilə bəraət verdi. Bakı Apelyasiya Məhkəməsi isə birinci instansiyanın ona təyin etdiyi 6 illik cəzanı 5 ilə endirib məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsinə qərar verdi.

Qanuna görə, ehtiyatsızlıqdan törədilən cinayətlərdə beş ilə qədər cəza alan şəxslər məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilə bilər. Cinayət Məcəlləsinin 263-cü (yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasına aiddir. Ancaq 264-cü maddə bu kateqoriyaya aid olunmur. Ona görə də əgər şəxsin üzərində hadisə yerindən qaçma ittihamı qalırsa, ona verilən cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilmir.

R.Rəhimov hadisə yerindən qaçma məsələsində özünü təqsirli bilmirdi. Məhkəmədə demişdi ki, sürücülük hüququ olmadan maşın idarə etdiyinə və bir adamın həyatına son qoyduğuna görə peşmandır. Dediyinə görə, onun hadisə vaxtı avtomobili yüksək sürətlə idarə etməsi, hadisə yerindən qaçması barədə ittihamda yazılanlar yalandır. Onun sözlərinə görə, hadisə yerinə təcili yardımı özü çağırıb, polislər də gəlib onu orada görüblər: "Polislər dedilər ki, bizi tanıyırlar. Məsləhət gördülər ki, taksiyə oturub gedim, özləri hər şeyi yoluna qoyacaqlar”.

R.Rəhimov hadisə baş verərkən Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi olub. O, 2017-ci ilin noyabrında Səbail rayonu, Bayraq meydanının yaxınlığında idarə etdiyi “Jeep Grand Cherokee" markalı avtomobillə yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Könül Əkbərovanı vurmaqda təqsirləndirilir. Könül Əkbərovanın atası Qarabaş savaşında həlak olub.

Hadisədən sonra Rəhimovların sürücüsü Əmirulla Şahbazov bu qəzaya görə cinayət məsuliyyətinə cəlb olunmuşdu. Ə.Şahbazov özü də, R.Rəhimov da istintaqa ilkin ifadəsində hadisəni sürücünün törətdiyini bildirmişdi.

Zərərçəkmiş tərəfin çoxsaylı şikayətlərindən sonra sürücü azad edildi, R.Rəhimov həbs olundu. İşin istintaqını aparan Səbail Rayon Polis İdarəsinin müstəntiqi də vəzifəsini itirdi.

Zərərçəkmiş tərəf sonradan məhkəmədə bildirdi ki, Rəhim Rəhimovdan şikayətçi deyillər, qarşı tərəf onlara maddi yardım göstərib.

Əli Həsənovun nəvəsinin vəkili olan Muxtar Mustafayev R.Rəhimovun da müdafiəçisidir. O, R.Rəhimovun cəza rejiminin dəyişdirilməsini təsdiqləyib. Bildirib ki, məhkəmə yüngülləşdirici halları, o cümlədən zərərçəkmiş tərəfin şikayətçi olmaması nəzərə alınıb: “Piyada keçidi olan ərazidən yolu keçərkən, yağışlı havada qəza baş verib. Zərərçəkmiş tərəflə də barışıq olub. Məhkəmə də bütün bunları nəzərə aldı”.

Lakin vəkil məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmə qərarının müvəkkilinin həbsdən azad edilməsi kimi qarşılanmasının əleyhinədir.