''Azərişıq'': Kondisionerlərin çalışması enerji sərfiyyatını artırıb

“Abonentlərin narahatlığı tam əsassızdır”. “Azərişıq”ASC-nin Eneji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli avqustun 11-də keçirilən mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, Məişət avadanlıqlarının hər biri eyni tempdə çalışmadığı üçün sərfiyyat göstəriciləri də fərqlidir: “Məsələn, bir kondisionerin gün ərzində 10 saat işləməsi abonentə 1 ay ərzində 70 manata başa gəlir. Sayğaclar sisteminə hər hansı müdaxilə mümkünsüzdür”.
Direktor müavini deyib ki, bir kondisionerin 1 saat işləməsi 2,5 kVt enerji sərfiyyatı deməkdir, gün ərzində 10 saat işləyirsə, 25 kVt enerji sərfiyyatı gedir. Bu isə təxminən ay ərzində 70 manat deməkdir:
“İsti hava şəraitilə əlaqədar olaraq saatlarla kondisioner və digər avadanlıqların çalışması enerji sərfiyyatını artırıb. 40 dərəcədən yuxarı temperaturda avadanlıqların yük götürmə qabiliyyəti 1,5 dəfə artır. Həmin avadanlıqların üzərində temperatur intervalı var. Orada qeyd olunur ki, məsələn, 25-30 dərəcədə bu avadanlıq 1 saat ərzində 2,5 kVt enerji istehlak edir, havanın temperaturu 40 dərəcə olduqda hər saata 3,5 kVt enerji istehsal edə bilər. Çünki avadanlıqların özlərini soyutmasına və ya işə düşməsinə də əlavə enerji sərf edilir. Abonentləri əmin edirik ki, sayağacın göstəricilərinə sistemdən müdaxilə etmək qeyri-mümkündür. 300 kVt-a qədər 7 qəpikdən, ondan sonra isə kilovatı 11 qəpikdən hesablamaqla aylıq sərfiyyatı müqayisə etmək olar. Bazada olan məlumata müdaxilə olunarsa, abonent yazılı şəkildə müraciət edir və şəbəkə mütəxəssisi məsələyə aydınlıq gətirə bilir. 10 iş günü ərzində şikayətə baxılır, lakin mütəxəssislərimiz maksimum 3-4 gün ərzində abonentlərin problemlərini həll edirlər".

“Sayğaclara müdaxilə etmək mümkün deyil. Onların üzərindəki tarif qoyuluşunu dəyişmək olar. Çünki onlar multi-tarif rejimindədir”.

Bunu isə “Azərişıq” ASC-nin Satış departamentinin nümayəndəsi Araz Məmmədzadə deyib.
Onun sözlərinə görə, sayğaclara yalnız fiziki müdaxilə mümkündür: “Biz abunəçilərə təklif edirik ki, onlar öz sərfiyyatlarını sayğacla uyğunlaşdırsınlar. Sosial mediada sayğacların göstəricilərinin dəyişdirilməsi ilə bağlı fikirlər yayılıb. Bildirmək istəyirəm ki, elektron və rəqəmsal sayğaclarda onların standartına görə, ancaq oxunma rejimində müraciət qəbul edilir. Yəni hansısa müdaxilə etmək və əməliyyat aparmaq, korreksiya etmək və sairlə bağlıdır”.

Ekspert Osman Gündüz isə “Report”-a açıqlamasında deyib ki, bu tipli müdaxilələr təkcə Azərbaycanda deyil, digər ölkələrdə də olur:
“Mən öz fikrimin üzərində qalıram ki, sayğaclara müdaxilə olunub. Araşdırmalarım nəticəsində belə aydınlaşdı ki, bu, təkcə bizdə deyil, digər ölkələrdə də olub. Siz saytda elə bir şərait yaratmalısınız ki, onlar girib ötən ilin iyulunda və bu il nə qədər ödəniş etməli olduqlarını bilsinlər. Baş verənlər göstərir ki, nəsə olub. Bu birmənalıdır. Dünya standartlarında “billing” sistemi olan otaqda əməliyyat aparmaq üçün ən azı üç adam ora daxil olmalıdır. Sizdə isə bir nəfər də bəs edir. Bu isə düzgün bir şey deyil. Bizdə də bəzi dövlət qurumları var ki, onların da sistemi belədir. Yəni ən azı üç nəfər otağa daxil olanda sistem işə düşür”.

Ekspert hesab edir ki, beynəlxalq audit təşkilatları “Azərişığ”ı audit etməlidir: “Bu məsələlərdə maraqlı olan bir sıra dövlət qurumları var. Onlardan Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) və yaxud elektron hökumətlə bağlı qurum sizin “billing” sisteminizi audit edibmi? Mən bildiyimə görə, bunu etməyiblər. Qanunvericiliyə görə, audit aparılmalıdır. Hesab edirəm ki, beynəlxalq audit təşkilatları “Azərişığ”ın hesablama sistemini audit etməlidir. Məncə, burada onların da nümayəndəsi olmalıdır”.

Sosial şəbəkələrdə abonentlər iyul ayının enerji sərfiyyatının əvvəlki aylardan fərqli olaraq çox yazıldığını deyirlər. Məsələn, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu deyir ki, evinə göndərilən 229 manatlıq borc qəbzini təəccüblə qarşılayıb. Onun fikrincə, iki ayın borcu kimi göstərilən bu məbləğ düzgün hesablanmayıb.