Aslan İsmayılovun məhkəməsində mübahisə yaranıb

Aslan İsmayılov

Hüquqşünasın etirazı baxılmamış saxlanılıb

Avqustun 10-da Binəqədi Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyilə hüquqşünas Aslan İsmayılovun haqqındakı cinayət işinə baxılıb. A.İsmayılov Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsilə ittiham olunur.

A.İsmayılov işinə Binəqədi Rayon Məhkəməsində baxılmasına yazılı şəkildə etiraz edib. Bildirib ki, bu məhkəmədə onun haqqındakı cinayət işi üzrə obyektiv qərar çıxarılacağına ciddi şübhələri var. Çünki cinayət işində məhz Binəqədi Rayon Məhkəməsində baş verdiyi iddia olunan hadisədən söhbət gedir. Bu məhkəmənin hakimi, dəftərxananın əməkdaşı və başqa işçiləri də istintaq dövründə dindirilib.

Hakim Mirheydər Zeynalov etirazı baxılmamış saxlanılması barədə qərar qəbul edib. Aslan İsmayılov bu qərara etiraz edərək, məhkəmə zalından çıxıb getmək istəsə də, ona imkan verməyiblər. A.İsmayılov bildirib ki, qanunların işləmədiyi bir yerdə qalmaq istəmir.

Nəticədə məhkəmədə mübahisə yaranıb. A.İsmayılov israrla bildirib ki, Binəqədi Rayon Məhkəməsi bu işdə maraqlı tərəfdir və bu işə orada baxıla bilməz.

A.İsmayılov 2017-ci il oktyabrın 2-də Binəqədi Rayon Məhkəməsində xuliqanlıq etməkdə ittiham olunur.

Binəqədi Rayon Məhkəməsində təxminən ayyarım öncə bu iş üzrə hazırlıq iclası keçiriləndə də A.İsmayılov işə orada baxılmasına etiraz etmişdi. Hakim də hüquqşünasın etirazını əsaslı sayaraq, təmin etmişdi.

Lakin Bakı Apelyasiya Məhkəməsi 20 iyul 2018-ci il tarixli qərarı ilə M.Heydərovun sözügedən qərarını ləğv edib və işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə qaytarıb. İş yenidən etirazı təmin etmiş hakimin özünə verilib.

Bu dəfə etirazın baxılmamış saxlanması ilə əlaqədar mübahisələr xeyli davam etdiyindən hakim prosesi avqustun 15-nə qədər təxirə salıb.

A.İsmayılov 2017-ci il oktyabrın 2-də Binəqədi Rayon Məhkəməsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı iddiası üzrə işə baxılarkən xuliqanlıq etməkdə - qapını çırpıb, divarı zədələməkdə, məhkəmənin iş rejimini pozmaqda təqsirləndirilir. Lakin A.İsmayılov ittihamı rədd edir. Bildirir ki, o, məhkəməyə gəlib, uzun müddət hakimi gözləyib. Xeyli gözləyəndən sonra hakimin köməkçisi gəlib deyib ki, artıq qərar çıxarılıb. O, nə qapı çırpıb, nə də səs-küy salıb.

Bir neçə gün öncə işadamı, “Xəmsə” şadlıq evinin sahibi Mürvət Həsənov, ondan əvvəl isə Hafiz Hacıyevin xüsusi ittiham qaydasında qaldırdığı iddialar əsasında Səbail Rayon Məhkəməsində A.İsmayılov haqqında iki hökm çıxarılıb. Aslan İsmayılov cərimələnib, həmçinin ona islah işləri cəzası verilib.

A.İsmayılov bütün bu məhkəmə təqiblərini və haqqındakı cinayət işini siyasi sifarişin nəticəsi sayır. Sifarişçi kimi isə prezidentin köməkçisi Əli Həsənov və ədliyyə naziri Fikrət Məmmədovun adını çəkir.