Zəfər Əhmədli azadlığa buraxılmadı

Zəfər Əhmədli Fotoqraf: Amerikanın Səsi

Məhkəmə AXCP üzvünün apelyasiya şikayətini rəddə edib

Bakı Apelyasiya Məhkəməsi avqustun 6-da 30 sutka inzibati cəza alan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zəfər Əhmədlini azadlığa buraxmaqdan imtina edib.

Qərarı hakim Elşad Şamayevin sədrlik etdiyi məhkəmə heyəti qəbul edib.

Bu barədə AXCP mətbuat xidməti yayıb.

Məhkəmədə Z.Əhmədlinin özü də iştirak edib. O, çıxışında apelyasiya şikayətinin dəlillərini müdafiə edib.

Bildirib ki, polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılması tamamilə əsassızdır.

İyulun 27-də Xətai Rayon Məhkəməsi AXCP üzvü Zəfər Əhmədli barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarıb. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, AXCP üzvü evindən çıxarkən aparılsa da, küçədə inzibati qaydanı pozmaqda və onu intizama dəvət edən polisin tələbinə tabe olmamaqda günahlandırılır.

Z.Əhmədli həm də həbsdə olan AXCP üzvü Fuad Əhmədlinin atasıdır.

Fuad Əhmədli 2016-cı ilin avqustun 17-də saxlanılıb. O, işlədiyi “Azerfon” şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürməkdə ittiham edilir. Bildirilir ki, Fuadın həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülənə aid materiallar olan disklər, kitablar tapılıb.

F.Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası kəsib.

F.Əhmədli ittihamları rədd edir və siyasi baxışlarına görə siyasi sifarişlə həbs olunduğunu bildirir.